25 Dekabr 2024, Çərşənbə

(esse)

İki möcüzəli, gözəl, bağlı görünən, açılmaq üçün şəhadət andı içdirən müqəddəs qapılar taybatay açılır... İlahi nur yayılır ətrafa... O qapılar ki, hamıya yox, ancaq müqəddəs əməl sahiblərinə açılır. Qarşılaşdığımız mənzərə isə buradakı gözəlliklərin səbəbini öyrənməyimizi istəyir bizlərdən. Dilə gətirir öz duyğularını, hisslərini, gözləgörünən gözəlliyini. Zülfü pərişan halımızla qapıdan gələn səadət nuruna qərq olmuşuq hamılıqla. Burada kimlər yoxdur, kimlər. Necə də gözəlsən, səadət nuru. Neçə gündür, yorğunduq, halsızdıq. Ruhumuzun belə gözəlliklərə ehtiyacı vardı. Gözlərimiz yumulur, yorğunluğumuz bizi tərk edir, sanki dincəlirik xoşbəxtlik havasıyla. Qəlbimiz qidalanır gözəl ətrindən, cah-calalından gözlərimiz qamaşır. Sirlərlə dolu bu məkan sehrli aləmmidir?

Ya gerçək olmayan filmdir izləyirik? Bu qədər gözəlliyin içində heç vaxt olmamışıq axı?! Nədirsə, gerçəyə uzaq, xəyala yaxındır. Göydə uçan sülh göyərçinləri də bizim başımızın üstündə qanadlanıb pərvazlanır, bizə xoşgəldin edir. Bu nə gözəl qarşılanmadı belə? Biz axırıncı dəfə döyüşdə vuruşurduq axı?! Qanlar içində idik... Və o dəhşət saçan top səsləri ilə yumduq gözlərimizi... Sonrasını xatırlamıram... Yoxsa biz ölməmişik? Yoxsa bura Qarabağdır? Bura Qarabağdırsa, biz niyə kimsəylə danışa bilmirik? Bu gözəllikləri analarımıza, bacılarımıza deməliyik axı mütləq. İllərdir, sağdan boylanan, pərişan görünən Kəlbəcər... Dağlarına mərmilər düşən Kəlbəcər... Qorxub hıçqıraraq ağlayan Laçın... Xocalıya dəstək olmağa çalışan Xankəndi... Dillərə dastan olan şüşə kimi Şuşa yolu da kələ-kötür yollarla örtüb üstünü. Qıymayıb gözəlliyinə düşmən ayağının dəyməsinə. İki gündə nə qədər dəyişiklik olub viran qalan torpaqlarında, cücərib çiçəklərin. Boy atıb yamacların. Bu nə həsrət?! Bu nə yanğı?! Biz də bu gözəllikləri qovuşdurmaq, Vətən sevgisinə çatmaq üçün sənə tələsirdik. Yol almışdıq, intizarlı həsrətini bitirmək üçün. Elini qucaqlayıb, torpağını öpmək üçün.
İndi ruhumuz pərvazlanır Füzulinin dağlarında. Saf sularını içirik Cəbrayılın. Zəngilanın boy atan çinarlarına tamaşa edirik. Həkərisini, Bərgüşadını əzizləyirik Qubadlının. Bayrağımızı sancırıq hər şəhərə.
Aman Allah, bizə tərəf gələn Mübariz İbrahimovla Polad Həşimovdur, yoxsa?! Bizə müjdəli xəbərləri vermək üçün buradadırlar, bəlkə?! Vətənin şad xəbərini onlar verəcək bizə. Bir məsələ var ki, biz sağıq, yoxsa..? Bura haradır?! Biz haradayıq, cənab General, Milli Qəhrəman?!
Xoş, məlahətli, ilahi səslə: – Bura müqəddəs qəlblərin qapısı – Cənnətdir. Siz Cənnətimizi zəfərlərinizlə daha da gözəlləşdirdiniz. Ürəyimizdə nisgil qalan Vətən adlı torpağımıza azadlıq gətirdiniz. Birlik gətirdiniz. Son damla qanınızla, əsirgəmədiyiniz canınızla. Şəhadətiniz mübarək! Şəhidlik məqamınız mübarək! Cənnətiniz mübarək!..

 Türkan HÜSEYNLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR