Eşit, əsgər dostum, mənim səsimi,
Dərdim sənin ilə bölünübdür tən.
Sorağın tutubdur Yer kürəsini,
Səndən böyük zəfər gözləyir Vətən.
Üşümüş könlümü qızdır odunla,
Ürəyim sevinsin, könlüm sevinsin.
Vətənim fəxr edir əsgər adınla,
Vuruş, torpaqlarım geriyə dönsün.
Tələs, irəli get, durma, qardaşım,
Qoy düşmən görsün ki, gücümüz nədir.
Vuran qollarınız var olsun sizin,
Atalar deyiblər, güc birlikdədir.
Yazığın gəlməsin o iblislərə,
Sən göstər dünyaya hay-harayını.
Vətən savaşında, ər döyüşündə,
Qoy səndən alsınlar ölüm payını.
Yolunu gözləyir Kəlbəcər, Laçın,
Tələs, darıxırlar güllər, çiçəklər.
Sən öz zəfərinlə bir dastan yazdın,
Səninlə nəsillər fəxr edəcəklər.
Xalq alqış söyləyir şücaətinə,
Güclü əllərini min kərə öpür.
Torpaq həsrətinə nöqtə qoy, – deyir,
Qaçqını, köçkünü yurduna götür.
Mənə xəbər göndər Murov dağından,
Ürəyim böyüyüb bir dağa dönsün.
Mənə sovqat göndər o Xan bağından,
Könlümün yanğısı, alovu sönsün.
Vətən bayrağını ucalt Şuşada,
Burda tariximin nişanəsi çox,
Bu yurd Natəvanlar, Vaqif yurdudur.
Bu yurdu heç kəsə vermək olmaz, yox!
Gəl aç Qarabağın qara bəxtini,
Əsgərinə güvənir bu Ana Vətən.
Üz tutub yoluna hər axşam, səhər,
Qələbə xəbərin gözləyirəm mən.
Rövşən HÜSEYNOV