Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il noyabrın 11-13-də Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Dövlət başçısı səfər müddətində bir sıra görüşlər keçirmiş, hər iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Xüsusilə keçirilən müxtəlif səviyyəli görüşlər zamanı strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunmuş, Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi vurğulanmışdır.
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilmişdir. Müzakirə olunan məsələlərdə əməkdaşlığın bütün istiqamətlər üzrə – siyasi, iqtisadi, enerji və digər sahələrdə dinamik inkişaf etdiyi qeyd olunmuş, hər iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır. İclasın yekununda Birgə Bəyanat imzalanmışdır.
Birgə Bəyanatın əlavəsi olaraq qəbul edilmiş “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin dərinləşməsinə dair 2014-2015-ci illər üzrə Fəaliyyət Planı”nda Naxçıvanla əlaqədar bir sıra məsələlər də nəzərdə tutulmuşdur. Belə ki, Naxçıvan və Türkiyə arasında ticarət əlaqələrinin və dövriyyənin genişləndirilməsi məqsədilə “Naxçıvan ilə Türkiyə arasında qarşılıqlı ticarətin asanlaşdırılması üçün zəruri tədbirlərin görülməsi”, İğdır ilə Naxçıvan arasında dəmir yolu şəbəkəsinin yaradılması və Naxçıvanın nəqliyyat probleminin aradan qaldırılması üçün “Naxçıvan Türkiyə vasitəsilə dəmir yolu xəttinin (Qars-İğdır-Aralıq-Dilucu-Naxçıvan) inşa edilməsi məqsədilə hazırlıqların sürətləndirilməsi və 2014-cü ilin I rübündə vəziyyətə dair hesabatın və konkret iş planının hazırlanması” və regionun təbii qazla təminatının şaxələndirilməsi istiqamətində “Naxçıvana Türkiyədən təbii qazın verilməsi üçün lazım olan kəmərin inşasının başa çatdırılması və istismara verilməsi ilə bağlı məsələlərin ARDNŞ və BOTAŞ arasında müzakirə edilməsinə başlanılması” öz əksini tapmışdır.
Bir sözlə, ölkə Prezidenti cənab İlham Əliyevin Türkiyəyə növbəti rəsmi səfəri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikasının yaxın bölgələri arasındakı əlaqələrin gələcək inkişafı baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin mətbuat xidməti