Rumıniya Respublikasında yeganə türkdilli qəzet kimi fəaliyyət göstərən “Balkan gazetesi”ndə, Gürcüstan Respublikasının “Gaxe.ge” saytında, qardaş Türkiyə Cümhuriyyətinin 7 nüfuzlu mətbu orqanında İran İslam Respublikasının “Sharhonline” İnformasiya Agentliyində “Naxçıvan xəbərləri” Media Qrupunun baş redaktoru, gənc jurnalist Seyfur Hacımuradovun “Azərbaycan haqq savaşında” başlıqlı məqaləsi dərc edilib.
Məqalədə qeyd olunub ki, 2020-ci il sentyabr ayının 27-dən başlayaraq ermənilər cəbhə xətti boyunca Azərbaycanın mülki şəxslərinin yaşadığı əraziləri kütləvi şəkildə atəşə tutmağa başlayıb. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə düşmənə layiqli cavab verir. Güclü ordumuz qarşısında tab gətirə bilməyən düşmən canlı itkilər verərək yaralıları və texnikalarını döyüş meydanında qoyaraq qorxaqcasına qaçır. Bir-birinin ardınca düşmən tapdağından xilas olan torpaqlarımız düşmənin, “rəşadətli erməni ordusu” mifini məhv etdi, Ermənistan ərazisində çaxnaşma yaratdı. Ordumuzun qarşısında davam gətirməyən düşmən qüvvələri silahını dinc əhaliyə tuşladı. Azərbaycanın ən böyük ikinci şəhəri Gəncədə törətdikləri terror aktları bu xain xisləti bir daha ortaya qoydu. Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixdən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən davamlı raket atəşinə tutuldu. Ümumilikdə, sentyabr ayının 27-dən Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində çoxsaylı mülki şəxs qətlə yetirilib, ağır yaralanıb. Mülki obyektlərə, çoxmənzilli yaşayış binalarına külli miqdarda maddi zərər dəyib.
Müəllif qeyd edib ki, bu döyüşlər bir daha göstərdi ki, muzdlu döyüşçülərlə, köhnə və yararsız silahlarla təchiz olunmuş qorxaq erməni əsgərinin qarşısında Vətəninə, bayrağına, dövlətinə, xalqına bağlı, son damla qanına qədər vuruşan şanlı Azərbaycan Ordusu dayanıb. Qorxaq düşmən cəbhədə Azərbaycan əsgərinə qarşı mübarizə apara bilmədiyi üçün yenə öz yalanları ilə dünyanın diqqətini regiona çəkməyə çalışır. Azərbaycanın şanlı zəfərləri isə dünyanın gözünü yenidən Dağlıq Qarabağa yönəldib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində hazırda bir çox dünya ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni qəsbkarlığını qınayır.
Bu gün Azərbaycanda güclü xalq-dövlət birliyi vardır. Məhz bu birlikdən doğan güc sayəsində bir-birinin ardınca torpaqlarımız işğaldan azad olunur. Azərbaycan xalqı Azərbaycan Ordusuna, Ali Baş Komandanına inanır və qələbəyə ümid edir. Çünki Qarabağ Azərbaycandır!
Xəbərlər şöbəsi