Münaqişənin tarixi
20 fevral 1988-ci ildə sakinlərinin 70 faizi ermənilərdən ibarət olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Deputatlar Şurasının erməni millətindən olan deputatları SSRİ, Ermənistan və Azərbaycan SSR rəhbərliklərinə Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etməsi 70 il ömür sürən sovet hakimiyyətində gözlənilməz bir hadisə oldu. Lakin Sov.İKP MK-nın Siyasi Bürosu Ermənistanın bu yersiz tələbini rədd etdi və buna görə də İrəvan və Xankəndi şəhərlərindəki erməni millətindən olan əhali kütləvi nümayişlərə qalxdı, bununla da Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı əsl müharibə başlandı.
Moskvadan rədd cavabını alan ermənilər 1989-cu ilin dekabr ayında Ermənistan SSR və DQMV rəhbərlikləri, Azərbaycanın qədim Qarabağ bölgəsinin dağlıq hissəsinin Ermənistana daxil edilməsinə dair bir ortaq qərar qəbul etdilər. Bu qərar elan olunandan dərhal sonra Qarabağ azərbaycanlıları öz etirazlarını bildirdilər. 100-150 il bundan əvvəl İrandan bu torpaqlara köçürülmüş ermənilərlə azərbaycanlılar arasında elə o vaxt əsl milli münaqişə başlandı. Ermənipərəst SSRİ hökuməti 1990-cı ilin yanvar ayında münaqişə bölgəsində Rusiya nümayəndəliyinin rəhbərliyi altında fövqəladə vəziyyət elan etdi.
2 sentyabr 1991-ci ildə Xankəndidə Ermənistanın rəhbərliyi altında qondarma “Dağlıq Qarabağ Respublikası” yaradıldı. Rəsmi Bakı düşmənlərin bu hərəkətini qeyri-qanuni elan etdi. Ancaq Ermənistan və onun qondarma “Dağlıq Qarabağ Respublikası” Azərbaycanın İrəvan xanlığında Ermənistanının yaradılmasından yüz illər əvvəl öz ata-baba torpaqlarında yaşamış azərbaycanlı əhalini buralardan silah gücünə qovmağa nail ola bildi.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın işğalçılıq siyasətini pisləyən 4 qətnamə qəbul etsə də, ermənilər nəinki torpaqlarımızdan çıxdı, hətta başqa yerlərdən də ermənilər gətirərək orada məskunlaşdılar.
2020-ci il 27 sentyabr – torpaqlarımız
azad olunmağa başlayır
İyul və avqust təxribatlarından sonra erməni silahlı birləşmələri sentyabrın 27-də yeni təxribatlara başladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə ordumuz Qarabağı düşmən işğalından azad etmək üçün əks-hücuma keçdi. Bir aydır ki, Azərbaycan əsgərləri bütün cəbhəboyu düşməni məhv etməkdədir. Qürur duyuruq ki, onlar içərisində qədim Naxçıvan torpağının qəhrəman oğulları da var.
Bir ay müddətində şanlı Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, 3 qəsəbəni, 160-dan çox kəndi işğaldan azad edib. Zəngilanın işğaldan azad edilməsi ilə 765 kilometrlik İran-Azərbaycan sərhədi tam bərpa olunub. Bir neçə strateji yüksəklik ələ keçirilib və həmin ərazilər ordumuzun nəzarəti altındadır. Məhv edilmiş silahların dəyəri milyardlarla ölçülür. Qənimət götürülən silah-sursat da az deyil. Növbəti hədəf isə artıq bəllidir. Daha dəqiq desək, ordumuz bizi kənd-kənd, şəhərbəşəhər qələbəyə yaxınlaşdırır. Ölkə başçısının ətrafında sıx birləşən xalqımız, dünyanın 50 ən güclü ordusu sırasında özünə yer alan Silahlı Qüvvələrimizin zəfərləri 30 illik həsrətə son qoyulması gününün uzaqda olmadığını təsdiq edir. Artıq dünya dövlətləri də bizim haqq işimizi etiraf edir. Erməni isə erməniliyindədir... Heç nəyə nail olmayacağını bilsə də. Bir ayın hadisələri bunu göstərsə də, prezident İlham Əliyevin müharibəni dayandırmağın hələ gec olmadığını dəfələrlə erməni rəhbərliyinə başa salsa da...
Azərbaycanın haqq savaşı
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın taleyi indi şiddətli döyüşlərin davam etdiyi cəbhədə həll olunur. Azərbaycan Ordusu cəbhə cinahlarında hərbi üstünlüyünü qorumaqda, mənfur düşməni torpaqlarımızdan qovmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu yalançıları biz bundan sonra da qovacağıq. Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi isə imdad diləyirlər. Ona-buna zəng edirlər, kömək edin, kömək edin! Bəs hanı sənin “müzəffər ordun”, hanı sənin “yenilməz ordun?!”. Bizim üçün müqəddəs olan Cıdır düzündə Ermənistanın baş naziri sərxoş vəziyyətdə rəqs edirdi. Fikirləşməli idi ki, bu təhqir Azərbaycan xalqına necə təsir edə bilər? Amma hesab edirdi ki, heç kim onlara toxunmayacaq. Hesab edirdi ki, bütün ölkələr onları bundan sonra da müdafiə edəcək, dünya erməniliyi, erməni lobbiləri, ondan sonra onların bəzi dost ölkələri. Ona görə azğınlaşmışlar, ona görə qudurmuşlar. Onlara yerlərini göstərdik, onların başından elə zərbə vurduq ki, çətin ayılsınlar. Onların ordusunu, texnikasını demək olar ki, məhv etmişik. Qaçırlar, hələ qaçacaqlar.
Bir sözlə, döyüş meydanında bizim üstünlüyümüz artıq heç kimə sirr deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər”.
Bu gün bütün dünya da görür ki, biz öz torpağımız uğrunda əks-hücuma keçmişik və ərazi bütövlüyümüzü təmin edirik, heç kimin torpağında gözümüz yoxdur.
Bununla bağlı Ali Baş Komandanın: “Bu gün qüvvətli Azərbaycan Ordusu, Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü təmin edir, qoruyur və müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, qondarma “Dağlıq Qarabağ Respublikası” ordusunun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” – sözləri bugünkü həqiqəti ifadə etməklə Böyük Qələbənin yaxında olduğunu göstərir.
Aytac CƏFƏRLİ