Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.
Fövqəladə Hallar nazirliyindən verilən məlumata görə, döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.