Qəlbimizdəki vətənpərvərlik hisslərini coşduran, bizi qələbə əzminə kökləyən hərbi marşlar kiçik yaşlarımızdan hər birimizin ruhuna hopub, yaddaşına yazılıb, sanki... Hansımıza doğma deyil ki, bu misralar?
Vətən məni yetişdirib bu ellərə yolladı,
Bu torpağa qurban deyib, Allaha ismarladı.
“Boş oturma, çalış, – dedi, xidmət eylə Vətənə.
Südüm sənə halal olmaz, sən baş əysən düşmənə”.
Belə musiqilər təkcə zabit və əsgərlərimizə deyil, qadınlı-kişili, uşaqlı-böyüklü hər kəsə Vətənə sevgi, el-obaya məhəbbət, yurda bağlılıq, yağı düşmənə nifrət hisslərini aşılayır. İnsanların vətənpərvər ruhda yetişməsində böyük rol oynayan hərbi marşlar, həm də ordunun nizama salınmasına, əsgər və zabitlərin istər hərbi, istərsə də mənəvi-estetik tərbiyəsinə xidmət edən səfərbəredici gücə malik bir təbliğat vasitəsidir.
Hərbi musiqilər tarixdə ilk dəfə mütəşəkkil ordular qurularkən müharibələr baş verəndə savaşa girən döyüşçüyə qeyri-adi bir dəstək vermək, əsrlərboyu ölüm-dirim mübarizəsində qılınc oynadıb, qalxan tutan cəngavərləri ruhlandırmaq üçün yaradılıb, bəzən də düşməni lərzəyə salmaq üçün istifadə olunub.
Elə mövzu ilə bağlı söhbətim də Naxçıvan Qarnizonu Hərbi Orkestrinin rəisi Cavanşir İskəndərovladır. Əvvəlcə hərb musiqisinin ordu tarixində yeri barədə söhbət açan Cavanşir müəllim deyir ki, döyüşçülərin ruh yüksəkliyini artırmaq üçün hər zaman hərbi musiqilərə müraciət edilib. Bu musiqilərin səsləndirilməsi düşmən üzərində qələbəni şərtləndirib. Savaş başlanmazdan əvvəl qələbə əzmini gücləndirən musiqilər ifa edilib, döyüşçülər hücuma ruhlandırılıb. Ordu musiqisi haqqında məlumatlar Azərbaycan ədəbiyyatının qəhrəmanlıq dastanlarında – “Kitabi-Dədə Qorqud”da, “Koroğlu”da öz əksini tapır. Belə musiqilər insanlarda vətənpərvərlik, milli mənlik, mübarizlik, qəhrəmanlıq hisslərini daha da gücləndirir, hər bir döyüşçünü düşmən üzərində qələbəyə çağırır.
Döyüş musiqilərinin mənşəyi haqqında danışan həmsöhbətim onu da bildirir ki, dünya ordularında ilk hərbi orkestrin yaradılması faktı türk xalqlarına məxsusdur. XIV-XIX əsrlərdə Osmanlı ordusunun tərkibində zurna, boru, gərənay, davul, nağara, təbil və zınqırovlu qaval kimi musiqi alətlərindən ibarət hərbi musiqi bölmələri yaradılır. “Mehtər” adlanan bu bölmələr dövlət əhəmiyyətli statusa malik olub və həmişə rəsmi dövlət tədbirlərində, təntənəli mərasimlərdə çıxış edirdi. Bununla da, dünyada hərbi orkestr mədəniyyətinin təməli qoyulub və bu xidmət növü bütün dünya ordularında tətbiq edilməyə başlayıb. Artıq XVIII əsrdə hərbi orkestrlərdə fleyta, klarnet, truba, valtorna və litavra adlı böyük təbillərdən istifadə edilməyə başlanılıb.
“Hərbi orkestr Azərbaycanın ordu quruculuğunda hansı inkişaf yollarından keçib?” – sualını Cavanşir İskəndərov belə cavablandırır: “Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusunun yarandığı ilk vaxtlarda, mürəkkəb tarixi bir şəraitdə orduda hərbi orkestrlərin qısa müddətdə təşkili tarixi hadisə kimi yaddaşımıza yazılıb.
Ümummilli liderimizin rəhbərliyi altında aparılan ordu quruculuğu digər xidmətlərlə yanaşı, hərbi orkestr xidmətinin də daha müasir səviyyədə inkişafına təkan verdi. O illərdə qısa müddət ərzində Quru Qoşunlarında, Hərbi Hava və Dəniz Qüvvələrində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi orkestrlər yaradıldı.
1918-ci ildə dövlət müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyətinin Silahlı Qüvvələri həmin il sentyabrın 15-də Bakını erməni daşnaklarından təmizləyir və 1919-cu ildə Bakıda Cümhuriyyət Ordusunun ilk hərbi paradı keçirilir. Həmin paradda təntənəli keçidi təkmilləşdirilmiş milli hərbi orkestr müşayiət edir. Cəmi bir il sonra Azərbaycanı işğal edən sovet hökumətinin bərqərar olduğu illərdə milli hərbi orkestr sıradan çıxarılır. 1991-ci il oktyabrın 9-da Azərbaycanda “Milli özünümüdafiə qüvvələri haqqında” Qanun qəbul edilir. Beləliklə, yenidən Azərbaycan Milli Ordusunun təməli qoyulur. Təxminən, on ay sonra 1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi orkestr xidmətinin yaradılmasına qərar verilir və elə həmin ilin iyul ayında müstəqil Azərbaycanda ilk hərbi orkestr xidməti fəaliyyətə başlayır.
Naxçıvanda isə hərb musiqisi ötən illər ərzində çətin və şərəfli bir yol keçərək ayrı-ayrı sənət adamlarının çiyinlərində günümüzə qədər gəlib çatıb. Əvvəlcə müxtəlif məktəblərin tərkibində yaradılan nəfəsli alətlər orkestri 1993-cü ilin iyun ayında Naxçıvan Muxtar Respublikasındakı “N” hərbi hissədə hərbi orkesrt kimi təşkil olunaraq fəaliyyətə başlayıb. 10 nəfər üzvü olan bu orkestri formalaşdırmaq üçün hərbi hissələrdən musiqi qabiliyyətli, nəfəsli alətlərdə ifa etməyi bacaran əsgərlər seçilir. Yeni yaradılan hərbi orkestri qurmaq və mütəşəkkil şəklə salmaq ağır zəhmət tələb edir. Orkestrin ilk çıxışı 1993-cü il sentyabr ayının 15-də 705 saylı hərbi hissənin yaradılması gününə həsr olunan tədbirdə Azərbaycanın Dövlət Himninin səslənməsi ilə yadda qalıb. Naxçıvanda keşməkeşli yollardan keçən hərbi orkestr bu gün Naxçıvan Qarnizonunun Hərbi Orkestri kimi fəaliyyət göstərməkdədir.
Orkestrin fəaliyyəti ilə bağlı danışan həmsöhbətim deyir ki, keçirilən rəsmi qarşılanma mərasimlərində ölkəmizə qonaq gələn rəsmilərin çıxışlarımızı razılıqla qarşılaması təkcə bizim xidmətimizə deyil, bütün Azərbaycan Ordusuna verilən yüksək dəyərdir. Kollektivin çıxışları hər zaman yüksək qiymətləndirilib və müxtəlif mükafatlara layiq görülüb. 2017-ci il oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə keçirilən, Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirakı isə hərbi orkestrin fəaliyyət tarixinə ən unudulmaz anlar, möhtəşəm uğurlu çıxış kimi yazılıb.
Ümumiyyətlə, deyim ki, hərbi orkestrlərin çıxışlarında Azərbaycan, dünya klassiklərinin əsərlərinin, hərbi-vətənpərvərlik mahnılarının, marşların səsləndirilməsinə xüsusi yer veririk. Azərbaycanın tanınmış bəstəkarlarından dahi Üzeyir Hacıbəyovdan tutmuş Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Səid Rüstəmov, Emin Sabitoğlu və başqalarının vətənpərvərlik mövzusunda bəstələdiyi əsərləri və marşları ifa edirik.
Nizam-intizamda hərbi musiqinin rolundan bəhs edən Cavanşir İskəndərov deyir ki, hərbi orkestrlər təkcə orduda hərbi marşlar ifa etmək üçün deyil. Bu xidmət növü həm də orduda nizam-intizamın, təlim-tədrisin mütəşəkkilliyini təmin etmək üçün vacib bir vasitədir. Təsəvvür edin ki, təntənəli marşla keçid zamanı yüzlərlə adam eyni anda addımlamalıdır. Bunu, ancaq hərbi orkestrin və ya təbillərin yardımı ilə yerinə yetirmək mümkündür. Deməli, hərbi musiqi həm də ordunun nizam-intizamı üçün mühüm əhəmiyyətə malikdir. Eyni zamanda bütün rəsmi dövlət tədbirlərində, rəsmi və diplomatik ali qonaqların qarşılanmasında hərbi orkestrin üzərinə böyük məsuliyyət düşür. Bu gün hərbi orkestr varislik ənənələrinə əsaslanaraq hərb tariximizin önəmli səhifələrini qürurla yaşadır. Hərbi orkestrin hər bir üzvü, o cümlədən mən də tarixi ənənələrimizi yaşatmaqla, Vətənə, xalqa, dövlətə şərəflə xidmət etməyi özümüzə borc bilirik. Hərbi orkestrin üzvləri ordumuzun Qarabağda yazdığı şanlı tarixlə qürur duyur və böyük sevinclə zəfər marşına hazırlaşırıq.
- Gülcamal TAHİROVA