25 Dekabr 2024, Çərşənbə


Qarabağ Azərbaycandır və nida işarəsi

1988-ci il fevral ayının sonlarını yaxşı xatırlayıram. O gün biz və bizdən yaşlı nəslin insanlarının çöhrələrində bir çox mənalar ifadə edən baxışlar da yaxşı yadımdadır. Hələ Qarabağda bir neçə dəfə olmuş, bu qədim diyarı yaxından tanıyan insanların söhbətləri... Buraya ermənilərin nə vaxt köçdüklərini xatırladan lövhə... Hadisələr başlanan kimi həmin lövhənin “yoxa çıxması”... Həmin dövrdən 1990-cı ilə qədər bir mərhələ təşkil edən proseslər, bu proseslərdə 70 il hökm sürmüş böyük bir imperiyanın sonunun yaxınlaşmasına səbəb olan hadisələr... Elə 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək ermənipərəst qüvvələrin açıq-aşkar əl-ayaq açmaları bu proseslərin ifadəsi deyildimi?
...Bir qədər sonra, 1990-cı ildə ulu öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması, Ordubad şəhərinin mərkəzində rayon sakinləri ilə görüşündə dedikləri də yadımdan çıxmayıb: Mərkəzi Komitənin birinci katibi işləyərkən ilk dəfə bura gələndə diqqətimi cəlb edən nə oldu? Ermənilərin yaşadığı kəndlərlə azərbaycanlıların yaşadığı kəndlər arasında yer-göy fərqi var. Özlərini “yazıq”, “məzlum” adlandıran ermənilərə orada yaradılmış şərait SSRİ-nin ən inkişaf etmiş respublikalarının kənd yaşayış məntəqələrindən seçilmirdi. Bunu Azərbaycan hökuməti etməmişdimi? Onda nə üçün onlar Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasını istəyirdilər? (Moskvada dərc olunan “Arqumenti i faktı” qəzeti sabahısı gün bu görüş barədə geniş məlumat dərc edəcəkdi).
...Məlum hadisələr başlayandan bu il sentyabr ayının 27-dək müşahidə etdiyimiz proseslər mənfur erməninin iyrənc simasını, xarakterini (xaraktersizliyini) ortaya qoydu. Bu dövrdə BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun fəaliyyətini də gördük. BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı 4 qətnamə qəbul etsə də, kağız üzərində qalıb – ermənilərin o qətnamələrin heç üzlərinə də baxmamaları belə böyük beynəlxalq təşkilatın özünə təhqir deyildimi? Hələ ATƏT-in Minsk qrupu... Bu bədnam təşkilat Azərbaycana guya “xeyirxahlıq missiyası yerinə yetirməyə” gələn ilk vaxtlarda xalqımız ona necə inanırdı? O öz səlahiyyətlərindən necə istifadə etdi bəs? Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının xalqa müraciətindən: “Bəs nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə, sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə – nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün?” Azərbaycan dövləti isə həmişə olduğu kimi öz humanist xarakterilə problemin ədalətli yolunu üstün tutdu və əks-hücum proseslərinin şiddətlə gücləndiyi bir vaxtda yenə beynəlxalq hüquq və normalara tam əməl edir. Bunu bütün dünya görür. Demokratiyadan dəm vuranlar bunu görmürlərmi? İnsan hüquqlarının erməni vandalları tərəfindən kobudcasına, vəhşicəsinə pozulmasına nə üçün belə biganə yanaşılır? Dövlətlərə münasibətdə bu qədər bitərəflilik olarmı? Bu, əslində, bitərəflilik deyil, açıq-aşkar erməniləri müdafiə etməkdir.
Suallar çoxdur. Cavabsa bir: Qarabağ Azərbaycandır!

İndiki vəziyyətdə yeganə günahkar
Ermənistan rəhbərliyidir

Ölkə başçısının müxtəlif televiziya kanallarına, xəbər agentliklərinə, diplomatik korpusların təmsilçilərinə verdiyi müsahibələrin, yüksək tribunalardan məsələnin ədalətli həlli ilə bağlı göstərdiyi arqumentlərin leytmotivi birdir: Biz işğalda olan torpaqlarımızın sülh yolu ilə alınmasını istəyirik. 30 ildir ki, bu istək, az qala hər gün səsləndirilir. Ölkənin sadə vətəndaşından tutmuş ən yüksək vəzifəlisinə qədər hər bir azərbaycanlı bu yolu ən düzgün yol sayır. Çünki müharibə ölüm deməkdir, evlərin atasız, qardaşsız, anaların, bacıların gözüyaşlı qalması deməkdir. Elə 1988-ci ildən üzübəri nə qədər evlərə qara tabutlar gətirilib. İkinci bir tərəfdən Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Cənab Prezident xalqa ikinci müraciətində bunu əsaslı dəlillərlə xatırlatdı: “Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır... Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir, kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə – danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb”.
Gəlin o azğınlaşmış təcavüzkarın bəyanatlarına baxaq. (Buna bəyanat yox, sərsəmləmə demək daha dəqiq olar). Deyir ki, “Qarabağ Ermənistanındır” və əlavə edir: Azərbaycan “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Onda Azərbaycan Ordusu kimlə vuruşur? Və Azərbaycan Prezidentinin BMT kürsüsündən Ermənistanın yeni müharibəyə hazırlaşması barədə söylədikləri öz təsdiqini tapdıqdan sonra da çirkin niyyətlərindən əl çəkməyən erməni burnunun ucundan qabağı görürmü? Günahsız insanların qanına susamış bu təlxək başını tamamiləmi itirib?
Ermənistanın siyasi rəhbərinin yuxarıda qısaca sadaladığımız sərsəmləmələrinin sayını artıra bilərik. Ancaq buna ehtiyac duymuruq. Bütün bunlar onu göstərir ki, indiki vəziyyətdə günahkar, ölkə başçısının da dediyi kimi, Ermənistan rəhbərliyidir. Bunu dünya da görür.


Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik

Oktyabr ayının 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində dedi: Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Sözsüz ki, bu, indiki dövrdür. Nəyin nə vaxt ediləcəyi dövr.
Bir qədər geriyə qayıdaq. Prezidentin xalqa hər sətrindən qələbə əzmi yüksələn müraciətləri tarixi sənədlərdir, hər bir azərbaycanlı bu müraciətləri əzbər bilir və yeni müraciət gözləyir. Çünki hər müraciətin ya əvvəlində, ya da sonunda 30 ildir, həsrətində olduğumuz, işğaldan azad edilmiş ünvanlar sadalanır. Azərbaycan bayrağının sancıldığı ünvanlar sürətlə artır. Hələlik işğal altında olan hər bir torpaqda o bayrağın bir daha yüksələcəyi gün isə uzaqda deyil.
Təbii ki, bütün bunlara – nəyin nə vaxt ediləcəyinə erməni vandalları və onların havadarları inanmırdılar. Qondarma “Dağlıq Qarabağ respublikası”na “prezident” seçirdilər, iqamətgahı Şuşaya köçürürdülər, Ermənistan baş naziri Şuşada, Cıdır düzündə rəqs edirdi. Başları insan ağlına sığmayan cinayətlərə qarışmış erməniləri – bu “məzlum” xalqı isə bəzi beynəlxalq təşkilatların dedikləri “bu münaqişənin hərbi həlli yoxdur” qənaətinə inandıra bilmişdilər.
Bu gün görünən dağa bələdçi lazım deyil.

Bu kasıb, yoxsul ölkədə bu qədər silah-texnika haradandır?

Haradan olmağı sirr deyil. Həmin texnikaların hansı dövlətlərdən gətirildiyi, göndərildiyi bəllidir. Ancaq gördüyümüz odur ki, onlar bu silahları ya qoyub qaçır, ya da müzəffər Azərbaycan əsgəri, necə deyərlər, onun başına vurub əlindən alır. Burada Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: Qılınc həmin qılıncdır, qol həmin qol deyil. Ölkə başçısının daha bir müraciətində bu müddət ərzində erməni vandallarının şanlı ordumuz tərəfindən sıradan çıxarılmış və qənimət kimi ələ keçirilmiş hərbi silah-sursat barədə dəqiq rəqəmləri xalqımızın diqqətinə çatdıraraq demişdir: “Hər dəfə bu sualı verirəm və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində olan, müflisləşən ölkə haradan alıbdır? Ermənistanın xarici dövlət borcu, təxminən, 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəlləmayallaq gedəcəkdir. Kim verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur?”

Bu günün həqiqəti: yeni reallıqlar

“Hər sətrindən qələbə əzmi yüksələn müraciətlər tarixi sənədlərdir”. Bunu yazının başlığına çıxarmağım nəyə əsaslanır? Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının xalqa hər bir müraciəti təkcə son 30 illik tariximiz deyil. Bu, qədim Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixidir. Bu, Azərbaycana, Qarabağa beynəlxalq siyasi aləmin baxış tarixidir. Gələcək nəsillərə ötürülməli, öyrənilməli, nəticə çıxarılmalı tarixdir. Həm də bu günün tarixidir. Reallıqları bütün çılpaqlığı, dərin arqumentləri ilə ortaya qoyan tarixdir: “Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs nə oldu? İyirmi səkkiz il bu məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın!”
P.S. Bu nida, həm də cənab Prezidentin hələ düşmən tapdağı altındakı torpaqlarımızın tezliklə qaytarılacağı günü qarşılayacağımızın yaxında olduğuna hesablanıb.

- Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR