Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək, qıram-qıram.
Böyük şairimiz Xəlil Rza Ulutürkün yazdığı bu misralar azadlığın, müstəqilliyin bir xalq üçün nə qədər vacib olduğunu açıq şəkildə göstərir. Tariximizin hansı səhifəsini vərəqləsək, orada igidlərimizin, əcdadlarımızın keçdiyi qəhrəmanlıq yolunun şanlı izlərinə rast gələrik. Doğulduğumuz torpağı qorumaq, onu gələcək nəsillərə ötürmək vətənpərvərliyin əsas şərtlərindəndir. Əsl vətənpərvərlik dildə yox, əməldə olmalıdır. Məhz bu prizmadan yanaşdıqda vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasət bu gün də gənclərimizin vətənpərvər ruhda böyüməsində böyük rol oynayır. Ulu öndər deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.
Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur, vətənpərvərlik”. Bugünkü qələbələrimizin təməli Vətənini canından çox sevməklə bizə örnək olan, bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş ulu öndər tərəfindən qoyulmuşdur. Bu tarixi zəfərimiz bu gün onun layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir.
Artıq bir aydır ki, hər sabahı qələbə xəbəri ilə açırıq. Ürəkdə qürur hissi yaranır, gözümüzdə Qarabağın xəyalı canlanır. Vətənpərvər xalqımızın əzmi, iradəsi, şəhid analarının o sınmayan vüqarı insanın qürur hissinə əlavə güc qatır. Belə də olmalıdır. Çünki biz türk oğlu türkük. Biz xalqına müstəqilliyi, azadlığı qazandıran Heydər Əliyev ideyalarına sadiq bir millətik. Biz adı çəkiləndə ermənilərin canına üşütmə salan Ramil Səfərovun, Mübariz İbrahimovun, Polad Həşimovun davamçılarıyıq.
Mən də gələcəyin jurnalisti kimi Xocalı həqiqətlərini dünyaya çatdıran Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin, Azərbaycanın haqq işinin dünyada təbliğ olunması yolunda öz canlarından keçən Azərbaycanın Milli Qəhrəmanları Salatın Əsgərova və Alı Mustafayevin, Fəxrəddin Şahbazovun davamçısı olmaq istəyirəm. Buradan onların müqəddəs ruhlarına səslənirəm: “Şəhidlər, xalqımız sizinlə fəxr edir. Bilirəm, eşidirsiniz səsimizi, görürsünüz bizi. Çünki Şəhidlər ölməz!!! 28 il bundan öncə xalqımıza edilən o zülmü – Xocalı həqiqətlərini, digər erməni vandalizmi faktlarını lentə köçürdünüz, acı fəryadımızı dünyaya bəyan etdiniz. Qalxın, qalxın ki, ard-arda qazandığımız şanlı qələbələrdən, müzəffər Ordumuzun rəşadətindən, qorxmazlığından, əyilməzliyindən bəhs edin!!! Ruhunuz şad olsun! Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun şücaəti bizi Qarabağa – mənfur düşmən tapdağından azad olan torpaqlara qovuşdurur. Əzəmətli bayrağımızın tezliklə bütün Dağlıq Qarabağda dalğalanacağına inanırıq. Qarabağ Azərbaycandır!”
Bəlkə də, borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil, bir də qayıtsın,
Ölsəm də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın!
Məcid Əkbərov
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi