25 Dekabr 2024, Çərşənbə

(esse)

O gün gəldi, müjdə olsun, gözəl Şuşa, cənnət Şuşa. Harayına səs verir, murdar erməninin ayağını müqəddəs torpağından qoparmağa gəlir igid oğulların. O dolanbac yollarından boylanan boynuna dolanmağa, həsrətlə yollara baxan gözlərinin qadasını almağa gəlir əzizlərin, doğmaların. Yolunu düz 28 il gözlədiyin ər oğulların səni əsirlikdən qurtarmağa gəlir. Haray yetir Laçına, Xankəndiyə. Xarı bülbülə də de solmasın, onun ətrini duymağa tələsir qəhrəmanların. Gözəlliklər aşiqi, böyük Vaqifə, xanımlar xanımı, xan qızı Natəvana da de ki, artıq yad baxışlar altında dolanmayacaq ruhları, azad olacaqlar.

Xəbər yetir dağlara qoy bir-birinə “qoruyun qoynunuzda irəliləyən igidləri” – desinlər. O gün çatır, köksünə sancılan o yad əşyanı – erməni bayrağını qoparıb atacaq igid oğulların. Azərbaycan əsgəri üçrəngli, ay-ulduzlu bayrağı Cıdır düzündə göylərə yüksəltməyə tələsir. Eşidirsən, sənə doğru can atan oğulların ayaq səslərini? Eşidirsən, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda oxunan azan səslərini? Küləklər əsib sənə gətirirmi azadlığın ətrini, igidlərin doğma nəfəsini. Düz 28 il sürdü ayrılığımız, “bir igidin ömrü” qədər ayrı qalsaq da, bir ananın övlad həsrəti kimi olsa da, ayrılığımız, torpaqlarımız yenidən əsl sahibinə, öz anasına, Azərbaycanına qovuşur. İllər sonra müqəddəs torpaqlarımıza qədəm qoymaq qismət oldu həsrətini çəkənlərə. Bu illər bir sınaq idi, bəlkə də! Bizim tarix qarşısında sınağımız...
Nədəndir, bilmirəm, amma hər dəfə səndən danışanda yadıma Fikrət Sadıq, onun yanıqlı misraları düşür həmişə:

Şuşa yadıma düşəndə
Sınır qəlbim şüşə kimi.
Görəsən, görərmiyəm
Şuşanı bu qışa kimi?!

Düz 28 qış gəldi keçdi, qar yağdı, buz tutdu bulaqların, sən orada yad tapdaqda bizsiz dondun, biz isə burada sənsiz yanıb kül olduq. Fikrət Sadıq kimi yüzlərlə insan səni görmədən nisgilli köçdü dünyadan. Neçə insan son nəfəsində Şuşa azad olunanda oradan – o ətirli torpağından gətirin tökün məzarıma, – deyə vəsiyyət etdi.
Daha neçə qışı gözləyəcəyik, daha neçə yayı qarşılayacağıq? Artıq bitir bu çətin suallar da, Şuşasızlıq dərdi də. Hamının arzusu, yuxusu çin olacaq. Həqiqətə çevriləcək xəyallarımız, bitəcək sənsizliyimiz. Azərbaycanın hər qarışı əzizdir, – deyir igidlərin, amma sənin yerin bir başqadır. Sən baş tacısan doğma yurdun. Sən təkcə şuşalıların yox, bütün azərbaycanlıların əzizisən. Sən tariximizsən, canımız, nəfəsimiz, Vətənimizin almaz qaşı, alınmaz qalasısan. Ali Baş Komandanın dediyi kimi: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.
Qəm yemə, xarabazarlığa çevrilmiş halınla bizi qarşılayacağın üçün. Darıxma, doğma, əziz Şuşamız, köksündə illərdir, dolaşıb sənə zərbə vuran, tarixini, sərvəti talan edən vandalların izlərini siləcəyik ürəyindən. Əvvəlkindən də gözəl qurub-yaradacaq ər oğulların, qızların hər qarışını. Sən yenə də ən gözəl şəhəri olacaqsan Vətənimizin. Yenə hər yay minlərlə adamı oraya səsləyəcəksən. Yenə İsa bulağına axışacaq, burada sərinləyib, dincəlib, çəmənlikləri qarış-qarış gəzib xarı bülbül axtaracağıq. Yenə dağ-daşın, meşələrin, yaylaqların, bulaqların hamını heyran qoyacaq. Yolçəkən gözlərindəki həsrət əbədi olaraq bitəcək. Sən həmişə bizim olmusan, yenə də bizim olacaqsan – əzəli, əbədi sahibinin – anan Azərbaycanın. Daha qərib olmayacaqsan torpağında, daşında gül açacaq, gələn qışı da, yazı, yayı da, payızı da, gələn neçə-neçə fəsilləri də Cıdır düzündə qarşılayıb İsa bulağından yola salacağıq. Yollarda qalan gözlərinə can qurban deyən igidlərin yoldadır, sənə çatmaqdadır. 270 yaşını birlikdə qeyd etmək diləyilə...

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR