22 Dekabr 2024, Bazar

1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamenti tarixi qərarlar qəbul etmişdir

Hər bir xalq öz müstəqillik arzusunu, istiqlal duyğusunu həmişə ürəyində yaşadıb. Haçansa onun gerçəkləşməsi, reallaşması üçün yaranacaq əlverişli məqamı gözləyib. Azərbaycan xalqı üçün belə bir məqam isə ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq keçmiş SSRİ-də və bütün dünyada gedən ictimai-siyasi proseslərin labüd nəticəsində yarandı. 1988-ci ilin 17 noyabrında azadlıq və istiqlaliyyət arzusunda olan xalq öz qəti sözünü deməkdən, gücünü, birliyini, əzmini göstərməkdən ötrü meydanlara axışdı və milli azadlıq uğrunda mübarizənin yeni mərhələsi başlandı.

Təbii ki, azadlıq istəyi xalq hərəkatından başlansa da, həmin günlərdə meydanda xalqın, həqiqi mənada, milli lideri olmadığından dövlətçiliyimizin dirçəliş ideyasının həyata keçirilməsində siyasi və tarixi baxımdan mühüm və vacib addımlar atılmadı. Xalq getdikcə daha ya­xından əmin olurdu ki, onun milli liderə böyük ehtiyacı vardır. Belə bir tarixi şəxsiyyət isə yalnız ulu öndər Heydər Əliyevdir. Əslində, bunu o vaxtkı ittifaq və respublika rəhbərliyi də aydın dərk edir və buna görə də bu nəhəng insanı, uzaqgörən siyasətçini siyasi təqiblərə, əsassız böhtanlara məruz qo­yur, xalqın onun ətrafında birləşəcəyindən qorxur, Azərbaycana qayıdaraq si­yasi fəaliyyətlə məşğul olmasına əngəllər törədirdilər.

Azərbaycan xalqının böyük əksəriyyəti isə rastlaşdığı mövcud problemlərin yalnız görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə öz həllini tapa biləcəyinə inanaraq, onun respublika rəhbərliyinə qayıdışını təkidlə tələb edirdi. Bu hərəkatın ən fəal iştirakçısı isə o dövrdə, heç şübhəsiz ki, Naxçıvan əhalisi idi. 1988-ci ildən muxtar respublikada geniş vüsət alan mitinq və yürüşlərə xalq ümummilli liderimiz Heydər Əliyevin portretləri ilə çıxır, öz milli liderinə qarşı aparılan haqsız təqib kampaniyalarına son qoyul­masını tələb edirdi. Hətta iş o yerə çatmışdı ki, bütün qadağa və təzyiqlərə baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı il martın 17-də keçirilən Naxçıvan Şəhər Partiya Təşkilatının konfransında Azərbaycan KP-nin XXXII qurultayına nümayəndə seçilmişdi.
Ulu öndər Heydər Əliyevin 1990-cı ilin yayında Naxçıvana və böyük siyasətə qayıdışı isə imperiya qüvvələri ilə mübarizənin daha da kəskinləş­məsinə, Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Naxçıvan Muxtar Respublikası mövcudluğuna, bugünkü yaşayışına və nicatına görə həmin illərdə xalqımızın böyük oğlu Heydər Əliyevin burada yaşayıb işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. Ulu öndərin özü bu barədə deyirdi: “Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı. Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum... Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş”.
“Taleyin ümidinə buraxılmış tənha bir ada”ya – Naxçıvana qayıdışı ilə ümummilli liderimiz Heydər Əliyev bu bölgəni və bütün Azərbaycanı gözləyən real təhlükədən xilas etmişdir. Ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşmüşdü. Babək rayonunun Neh­rəm kəndində sakinlərlə görüşdə ulu öndərimizin 340 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülmüşdür. Xalqımızın böyük oğlu Heydər Əliyev həmin dairədən depu­tatlığa namizədliyinə razılıq vermiş və seçicilərini əmin etmişdi ki, o, bütün səyini, bacarığını, təcrübəsini respublikamızın konstitusiya hüquqlarının, suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, iqtisadi, sosial, mədəni yüksəlişinin təmin olunmasına sərf edəcək. Nehrəm seçki dairəsi seçiciləri ilə görüşündə ümummilli lider Heydər Əliyev demişdir: “Mənim əsas məq­sədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir. Azərbaycan Respublikasının milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır… Bütün bu vəzifələri həyata keçirmək üçün ancaq və ancaq birlik, yekdillik lazımdır”.
Böyük siyasətçi həmçinin 2 nömrəli Naxçıvan şəhər seçki dairəsi üzrə Naxçıvan MSSR xalq deputatlığına namizəd göstərilmişdi.
Məhz Naxçıvanda bu cür ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə – 17 noyabr 1990-cı ildə muxtar respublika Ali Məclisinin I sessiyası keçirilmişdir. Xalqımız öz tarixi taleyində oynadığı rola, Azərbaycan Xalq Cümhuriyyətinin başladığı işi çətin və gərgin bir şəraitdə davam etdirdiyinə görə ümummilli liderimiz Heydər Əliyevə daim minnətdardır.
Ali Məclisə yeni seçkilər 30 sentyabr 1990-cı ildə baş tutsa da, onun ilk sessiyasının keçirilməsinin gecikdirilməsi bir sıra obyektiv və subyektiv səbəblərlə bağlı olmuşdur. Ən əvvəl respublikamızda kommunist rejiminin hələ də yaşaması xalq hərəkatının inkişafına əngəllər törədirdi. Digər tərəfdən, həmin tarixdə Azərbaycan SSR Ali Sovetinə də seçkilər keçirildiyindən və ötən müddətdə bu qanunverici orqanın sessiyası çağırıl­madığından Naxçıvan parlamentinə seçilən bəzi qüvvələr də onun çağırılması barədə gözləmə mövqeyində dayanmağı üstün tuturdular. Lakin Naxçıvanda demokratik əhval-ruhiyyənin, milli azadlıq və istiqlaliyyət hissinin yüksək olması bu sessiyanın keçirilməsini sürətləndirdi. Ses­siyanın çağırılması barədə deputatların fikirləri də müxtəlif idi. Hətta noyabrın 9-da bununla bağlı keçirilən deputat nümayəndələrinin müşavirəsində bəzi deputatlar sessiyanın üç gün ərzində keçirilməsini istəyirdilərsə, kommunist rejimi mövqeyində dayanan xalq deputatları onun Azərbaycan Ali Sovetinin sessiyasından sonra çağırılmasını məqsədəuyğun sayırdılar.
Həmin müşavirədə sıravi xalq deputatı Heydər Əliyev sessiyanın çağırılması, onun gündəliyi ilə bağlı bütün çıxış və təklifləri diqqətlə dinləyəndən sonra söz alaraq, ilk növbədə, yeni seçilmiş deputatları təmkinli olmağa, fikir ayrılıqlarına dözümlülük göstərməyə, xalqın taleyüklü məsələlərinə məsuliyyətlə yanaşmağa çağırmışdır.
Sessiya çağırılarkən həmin vaxtlarda “Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəl­mişəm” sözlərini dönə-dönə təkrarlayan sıravi xalq deputatı, müdrik el ağ­saqqalı Heydər Əliyevin noyabrın 9-da deputatların müşavirəsində milli dövlətçiliyimizin dirçəlişi ilə bağlı irəli sürdüyü təkliflər gündəliyə salınma­mışdı. “Təəssüf ki, mənim bu təkliflərimi gündəliyi hazırlayan aparat işçiləri qəbul etməmiş və gündəliyə salmamışlar”, – söyləyən ulu öndər Heydər Əliyev I sessiyaya sədrlik edərkən yenidən həmin məsələlərlə bağlı təkliflərini vermişdir.
Təbii ki, görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə 17 noyabr 1990-cı ildə keçirilən sessiyanın bu gün tariximizdə mühüm əhəmiyyət kəsb etməsi bu qanunverici­lik orqanında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qə­rarların qəbul edilməsi ilə bağlıdır. Həmin dövrü xarakterizə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul olundu”.
Tarixdən də məlum olduğu kimi, Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyun ayının 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlandırılmışdır. Qəbul olunmuş “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında” Qərardan sonra isə Naxçıvanın adından “sovet”, “sosialist” sözləri çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. SSRİ kimi imperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılması çox böyük cəsarət tələb edirdi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımını atmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın bundan sonrakı ictimai-siyasi həyatına yeni ab-hava gətirmişdir. Belə ki, bundan sonra məhz Ali Məclis tərəfindən qəbul edilən bütün qərarlar bir daha sübut etdi ki, muxtar respublika demokratik dəyərlərə sadiqdir.
Ulu öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunmuşdur. Həmin sessiyada ümummilli liderimizin təklifi belə idi: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında qərar qəbul etsin”. Müzakirələrdən sonra görkəmli dövlət xadimi Heydər Əliyevin bu təklifi səsə qoyulmuş və böyük səs çoxluğu ilə aşağıdakı qərar qəbul olunmuşdur:
    “1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edilsin.
     2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
    3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.
Bundan sonra yeni qəbul olunmuş bayraq zala gətirilmiş, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının xalq deputatı kimi fəaliyyət göstərən görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan parlamentində qəbul etdiyi qərarlar təkcə muxtar respublika üçün yox, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi. Həmin vaxt Naxçıvan artıq Azərbaycanın siyasi mərkəzinə çevrilmişdi. Azərbaycanın o zamankı rəhbərliyi ölkənin müstəqilliyi barədə qərar qəbul etməyə tərəddüd etdiyi bir vaxtda Naxçıvan Muxtar Respublikası Ali Məclisində artıq milli dövlətçilik ənənələrinin təşəkkül tapmasına istiqamətlənmiş mühüm qərarlar qəbul olunurdu.
Azərbaycan xalqının qan yaddaşına yazılmış 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verilmişdir. Ulu öndər Heydər Əliyev “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar layihəsini işləyib Ali Məclisin müzakirəsinə təqdim etmişdir. Bu qərarda ilk dəfə yanvar hadi­sələrinə düzgün siyasi qiymət verilmiş, qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu göstərilmiş və onların məsuliyyətə cəlb edilmələri tələb olunmuşdur. Sənəddə ilk dəfə olaraq 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd edilməsi qərara alınmış və bu günün hər il Azərbaycanda “Milli Matəm Günü” kimi qeyd edilməsi respublika Ali Sovetindən xahiş edilmişdir.
Ali Məclis Bakı şəhərində fövqəladə vəziyyətə də öz münasibətini bildirmiş və qeyd etmişdi ki, hüquqi əsas olmadan 1990-cı ilin yanvar ayında Bakı şəhərində fövqəladə vəziyyət elan olunması qeyri-qanuni hesab edilsin və pislənilsin. Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilmiş sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunmuşdur. Məsələ ilə bağlı çıxış edən ulu öndərimiz Heydər Əliyev bildirmişdir ki, yeni ittifaq müqaviləsinin layihəsi ümum­ittifaq siyasi rəhbərliyi və xüsusən M.Qorbaçov tərəfindən bütün sovet xalqını yenidən aldatmaq cəhdinin bir təzahürüdür. Ulu öndərimiz Heydər Əliyev bu məsələyə öz münasibətini bildirərək demişdir: “Əgər bizim respublikamız, həqiqətən, milli dirçəliş yoluna çıxıbsa və bu yolla getmək istəyirsə, onda hansı ittifaq birliyindən söhbət gedə bilər? Burada məntiq yoxdur”.
Bundan bir qədər sonra Azərbaycan Ali Sovetində 7 mart 1991-ci il tarixdə SSRİ-nin saxlanılmasına dair ümumittifaq referendumunun keçirilməsi haqqında məsələ müzakirə edilmişdir. Həmin sessiyada ümummilli liderimiz Heydər Əliyev SSRİ-nin saxlanılmasına münasibət bildirilməsi üçün keçiriləcək ümumittifaq referendumunda iştirak etməyin əleyhinə çıxaraq bildirirdi ki: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin, heç bir şərt qoymadan, tam əleyhinəyəm... Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstər­mək üçün bütün imkanlara malikdir”. Xalqımızın böyük oğlunun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “SSRİ-nin saxlanılmasına dair ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi barədə” Qərar qəbul olunmuşdur.
Görülən bu işlər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının milli şüurunun inkişafı yönündə, milli dirçəliş yönündə apardığı düşünülmüş planının nəticəsi və azadlıq ideyaları ilə silahlanmış naxçıvanlıların müstəqillik uğrunda mübarizəyə hazır olmasının əyani sübutu idi. Ölkə Prezidenti cənab İlham Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək demişdir: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.
1991-ci ilin sentyabrında muxtar respublikanın bütün sakinləri ayağa qalxıb qüdrətli siyasətçi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öz üzərinə götürməsini təkidlə tələb etdilər. Sentyabrın 3-də xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Ulu öndər Heydər Əliyev muxtar respublikamıza rəhbərlik etdiyi dövrdə Naxçıvan camaatında milli dövlətçiliyə inam hissi formalaşdıra bildi. Etiraf edək ki, xalqımız özünün milli inkişafında milli liderin nə demək ol­duğunu və onun ətrafında birləşməyin tarixi zəruriliyini də məhz o illərdə dərk etməyə başladı.
Odlar yurdunun ən qədim guşələrindən biri olan Naxçıvanın XX əsrdə Azərbaycanda gedən bütün ictimai-siyasi proseslərdə həmişə özünəməxsus yeri və rolu olmuşdur. Bu qədim diyarı siyasi mərkəzə çevirən, onun qorunması və yaşaması üçün böyük işlər görən ulu öndərimizin qətiyyəti, iradəsi, siyasi uzaqgörənliyi və mətinliyi Naxçıvanı qorudu.

17 noyabr ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunur. Xalqın tarixi yaddaşının özünə qayıtması, milli dirçəliş böyük bir tarixi prosesin nəticəsidir. Milli dövlətçiliyimizin dirçəliş prosesinin hüquqi əsaslarının yaradılmasına məhz 17 noyabr 1990-cı ildə ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanmışdır. Əslində isə Azərbaycan xalqının milli dirçəlişinin əsası ötən əsrin 70-80-ci illərində qoyulmuşdur. O dövrdə ulu öndər Heydər Əliyevin xalqın milli şüurunun oyanışı istiqamətində həyata keçirdiyi tədbirlər ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının öz milli suverenliyini təmin etmək üçün mübarizəyə başlamasını şərtləndirmişdir. Bu mənada 1990-cı ilin 17 noyabrında Naxçıvanda qəbul olunan tarixi qərarlar ötən əsrin 70-80-ci illərindən başlanan milli dirçəliş prosesinin məntiqi davamı idi.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR