Dünən Culfa rayonunda rayon bələdiyyə sədrlərinin iştirakı ilə “Bələdiyyə mülkiyyətinin idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri Cəlil Ağayev açaraq rayonda bələdiyyələrin fəaliyyətindən danışıb, bələdiyyələrin mülkiyyətinin qanunvericiliyin tələblərinə uyğun idarə olunmasının günün vacib tələblərindən olduğunu deyib. O bildirib ki, bələdiyyə qərarlarının qəbul edilməsi prosedurunun düzgün həyata keçirilməsi, yerli vergi və ödənişlərin qanunauyğun toplanması, maliyyə sənədləşmələrinin düzgün aparılması və maliyyə vəsaitlərinin düzgün istifadəsi bələdiyyələr qarşısında duran əsas vəzifələrdəndir.
Yerli özünüidarəetmənin aktual məsələlərindən söhbət açıldığı seminarda “Bələdiyyələrdə mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda muxtar respublika Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanov məruzə ilə çıxış edib.
“Bələdiyyə torpaqlarından istifadə edilməsi və mühafizəsi” barədə muxtar respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri İntizar Həziyev danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyəti və tələbləri barədə söhbət açıb. Sonra rayon bələdiyyələrinin nümayəndələrinə “Bələdiyyələrdə mühasibat uçotunun təşkili” adlı metodik vəsait paylanıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə keçirdiyi ikinci seminar isə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin tələbləri” mövzusunda olub. Seminarda nazirliyin əməkdaşları Emin Səfərov və Səyyub Kərimov çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra qeydiyyat şöbəsinin rəisi və əməliyyatları aparan icra nümayəndəsi müvafiq əməliyyatı rəsmiləşdirməli və bu zaman müvafiq qanunvericiliyin tələblərinə riayət etməlidir. Sözügedən aktların qeydiyyatı zamanı qaralama, pozuntu hallarına yol verilməməlidir. Nikahla əlaqədar müraciət etmiş vətəndaşların şəxsiyyəti müəyyən edilməli, əməliyyatlar rəsmiləşdirilən zaman vətəndaşların şəxsən iştirakı təmin olunmalıdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi