Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan görkəmli dövlət və hərb xadimlərinin, böyük şəxsiyyətlərin vətənidir. XX əsrdə bu torpaq dünyaya şəxsiyyətlərin fövqündə dayanan Heydər Əliyev kimi dahi bir siyasətçi bəxş etmişdir. Təkcə qədim Naxçıvan deyil, ümumilikdə, Azərbaycan nail olduğu sürətli yüksəlişə, daha dəqiq ifadə etsək, bugünkü varlığına görə məhz dahi rəhbər Heydər Əliyevə borcludur. Müstəqilliyimizin ilk illərində ölkəni bürüyən xaos və anarxiya, iqtisadiyyatın iflic vəziyyətə düşməsi, ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr yenidən qazanılan müstəqilliyin əbədi olacağını şübhə altına almışdı. Ümummilli liderimizin Moskvadan Naxçıvana qayıdışı, buradakı fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlər o illəri yaşayanların indi də yaddaşlarındadır. Ulu öndərin Naxçıvana qayıtması ilə Azərbaycan tarixinin yeni Heydər Əliyev dövrü və dövlət müstəqilliyinin əbədiliyinin təmin edilməsi mərhələsi başlandı.
Görkəmli dövlət xadiminin Naxçıvanda siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. O dövrdə Azərbaycanda cərəyan edən hadisələrdən fərqli olaraq Naxçıvan ümummilli liderimizin rəhbərliyi altında dövlət müstəqilliyinin bərpası uğrunda mübarizənin mühüm siyasi mərkəzinə çevrilmişdi.
Böyük ömrün Naxçıvanda keçən üç ili ərzində görülən işlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəldilmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi. Bu dövrün tarixi təcrübəsi bir daha göstərir ki, Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyimizin təşəkkül prosesi dahi şəxsiyyət Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Bu böyük şəxsiyyətin ömrünün hər anı, hər günü müstəqilliyimizi əbədi etmək, ölkənin inkişafı, iqtisadi qüdrətinin artması, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması amalı ilə əlamətdardır. Bu, böyük şəxsiyyətlərə – yalnız xalqını, Vətənini, milli dövlətçiliyini sevənlərə xas olan yüksək keyfiyyətdir.
Müstəqilliyi qoruyub saxlamaq, inkişaf etdirmək onu əldə etməkdən qat-qat çətindir. Məhz görkəmli dövlət xadiminin siyasi iradəsi, dühası, uzaqgörənliyi, gərgin və yorulmaz fəaliyyəti ilə müstəqilliyimiz qorunub saxlandı, günbəgün möhkəmləndirildi, sarsılmazlığı, dönməzliyi və əbədiliyi təmin edildi. “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır... Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır”, – deyən ulu öndər Heydər Əliyevin yaratdığı şah əsər – müstəqil Azərbaycan dövlətinin sükanı bu gün etibarlı əllərdədir. Hərtərəfli inkişаf хəttini dаvаm еtdirən ölkə Prеzidеnti cənab İlham Əliyevin həyаtа kеçirdiyi tədbirlər nəticəsində Аzərbаycаn dаhа dа inkişаf еdərək rеgiоndа lidеr dövlətə çеvrilib. Bu inkişаf ölkə həyаtının bütün sаhələrini əhаtə еdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız da bu böyük tərəqqinin daha geniş və parlaq müşahidə olunduğu məkandır. Blokada şəraitində olsa da, 95 illik muxtariyyət yolu keçmiş Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında nura boyanır. Bütün bunlar isə, sözsüz ki, Heydər Əliyev siyasətinin, müstəqilliyin təntənəsidir. Qədim yurd yerimiz geniş iqtisadi potensiala malik olmasına baxmayaraq, tarixin heç bir dönəmində bugünkü kimi inkişaf etməmişdir. Müasir dövrümüzün tərəqqisinin şahidi olmaq üçün bir qədər vaxt ayırıb Ordubaddan Sədərəyə qədər kənd və qəsəbələri gəzmək kifayət edər. Naxçıvan şəhərinin füsunkarlığı isə xüsusi söhbətin mövzusudur. Bəs çətin blokada şəraitinə baxmayaraq, muxtar respublikanın sürətli inkişafının, əldə olunan nailiyyətlərin kökündə nə dayanır? Sözsüz ki, Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət, digər tərəfdən isə düzgün idarəetmə.
Muxtar respublikada son illərdə aparılan quruculuq tədbirləri, iqtisadi və sosial sahədəki irəliləyişlər adilikdən uzaq, möcüzəyə bənzəyən həqiqətdir. Sənayedə, tikintidə, iqtisadiyyatda, sosial həyatın bütün sahələrində analoqu olmayan uğurlar ona görə qazanılır ki, ulu öndərimizin yolunun sabaha gedən həyat gəmisinin sükanı etibarlı əllərdədir. Bu həqiqətin, reallığın fövqündə yenidənqurmadan yeniləşmə müstəvisinə qədəm qoyan Naxçıvan görünür. Ötən dövr ərzində bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olub. Bunun ifadəsidir ki, şəhər və rayonlarımızda canlanma yaranıb, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni təsərrüfat subyektləri fəaliyyətə başlayıb və işsizliyin səviyyəsi xeyli dərəcədə azalıb. Nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaradıb. Mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunub.
Qədim diyarımızda son illərdə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib. Təbii ki, qazanılan uğurlar dövlət müstəqilliyinin bəhrələridir. Ona görə də bu gün hər bir Azərbaycan vətəndaşı çalışır ki, dövlət müstəqilliyimizi göz bəbəyi kimi qorusun. Çünki müstəqilliyimiz bizim ən dəyərli milli sərvətimizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bugünkü Azərbaycan Azərbaycan xalqının zəhmətinin, istedadının nəticəsidir. Bu ölkəni biz qurmuşuq, Azərbaycan xalqı qurubdur. Biz elə etməliyik ki, hər bir vətəndaş gündəlik işində elə etməlidir ki, öz fəaliyyəti ilə bu müstəqilliyi gücləndirsin, əbədi, dönməz etsin və bundan sonra əsrlərboyu Azərbaycan xalqı azad, müstəqil yaşasın”.
İnkişaf etmiş dövlətlərin tarixi təcrübəsində sübut edilib ki, hər bir dövlətin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Əgər dövlət öz vətəndaşının qayğısına qalır, onun problemlərinin həllini, yaxşı yaşamasını təmin etməyi, insan hüquq və azadlıqlarını qorumağı özünün prioritet vəzifəsinə çevirirsə, bu halda həmin ölkənin inkişafı labüddür. Bu gün muxtar respublikamızın sakinləri bu reallığı öz həyat tərzlərində yaşayırlar. Burada biranlıq düşünməli olursan: Ulu öndərin uzun illər üçün hesablanmış siyasətinə sədaqət, vəzifə borcuna məsuliyyət, müstəqilliyinin əbədiliyinə cavabdehlik hissi, böyük vətəndaşlıq mövqeyidir ki, bugünkü inkişafa nail olunub.
O da qeyd olunmalıdır ki, muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən quruculuq tədbirlərində şəhərlə kənd arasındakı fərqin aradan götürülməsi öndə dayanır. Bunu kənd yaşayış məntəqələrində bütün çalarları ilə görmək olar. Tarixboyu başı çox bəlalar çəksə də, dəfələrlə yüksəliş dövrü yaşamış, torpağının altında və üstündə zəngin mədəni irs toplanan qədim Naxçıvan bugünkü intibahı ilə, sanki çəkdiyi müsibətlərin əvəzini çıxır, ulu köklər üstündə qol-qanad açıb daha xoş sabahlara doğru inamlı addımlar atır. Tarixin yeni Naxçıvanı dostlarımızın sevinci, düşmənlərin isə gözdağıdır. Muxtar respublika milli dəyərlərə söykənərək inkişaf etdirilir, Vətən, yurd sevgisi üzərində müasir Naxçıvan ucaldılır.
Xalqımızın böyük oğlu Heydər Əliyev əsl vətəndaş olmaq üçün ləyaqət göstərməyi, xalq, Vətən naminə çalışmağı, Vətən sevgisini, doğma torpağa, doğma yurda bağlılığı əməli işlə təsdiqləməyi tövsiyə edirdi: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.
Qədim Naxçıvan şəhəri tarixboyu heç vaxt belə sürətli inkişafın şahidi olmayıb. Naxçıvanın tarixində analoqu olmayan rahat, geniş yollar, yaşıllıqlara qərq olan abad küçələr, müasir şəhərsalma mədəniyyətinin yüksək tələblərinə cavab verən əzəmətli memarlıq kompleksləri, ən qabaqcıl ali və orta təhsil ocaqları ilə rəqabət apara biləcək yeni məktəblər, texnologiyanın son nailiyyətlərinə əsaslanan, ekoloji cəhətdən təmiz məhsulları ilə diqqəti cəlb edən çoxsaylı sənaye obyektləri – bütün bunlar qədim şəhərin yeni zirvələri, bu diyarda Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin təntənəsidir.
Beş min ildən artıq şəhərsalma tarixi olan ulu Naxçıvan əsrlərin, min illərin tarix yollarında heç vaxt yorulmayan bu şəhər qədimliyini qoruyub saxlamaqla yeniləşən diyara çevrilib. Naxçıvan artıq bu gün yeni yollarla, geniş prospektlərlə, əzəmətli binalarla, gözoxşayan, könül sevindirən müasir memarlıq abidələri ilə, inkişafın nəhəng addımları ilə irəliləyən qədim tarixə malik yeni şəhərdir. Doğrudan da, bu şəhər əsl övlad məhəbbəti ilə tikilir, qurulur, abadlaşdırılır.
Zəngin dövlətçilik, qüdrətli sivilizasiya yollarının sahibi kimi ulu Naxçıvan belə bütöv, kompleks inkişafa nail olmaqla, aydan-aya, ildən-ilə inkişaf tempini daha da yüksəltməklə hər birimizdə qürur hissi yaradır. Bu, ümummilli liderimiz Heydər Əliyevin Vətənə hüdudsuz sevgi və sədaqətinin, onun müdrik, uzaqgörən siyasətinin layiqincə davam etdirilməsi, Heydər Əliyev yoluna, Heydər Əliyev ideyalarına sədaqətin ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük. Bu, səbəbsiz deyil. Azərbaycanın 35 ilə yaxın bir dövrünü əhatə edən tarixi və siyasi taleyi, bu illər ərzində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində baş vermiş dirçəliş, inkişaf və tərəqqi möhtərəm Heydər Əliyevin adı ilə bağlıdır. Bu inkişafa, tərəqqiyə görə xalqımız daim ulu öndər Heydər Əliyevə borcludur”.
Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi