Təhsil Nazirliyi Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən məktəbdənkənar təhsil müəssisələri haqqında məlumat açıqlayıb.
Nazirlikdən bildirilib ki, bu ərazilərdə 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Belə ki, Ağdam rayonunda 5, Cəbrayıl rayonunda 5, Füzuli rayonunda 5, Kəlbəcər rayonunda 4, Laçın rayonunda 5, Qubadlı rayonunda 5, Şuşa rayonunda 4, Xocəvənd rayonunda 2, Zəngilan rayonunda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib.
İşğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən 8 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb. Hazırda işğal səbəbindən müvəqqəti olaraq digər bölgələrə köçürülən məktəbdənkənar təhsil müəssisələri aşağıdakılardır:
- Ağdam rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Ağdam rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Füzuli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Füzuli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Laçın rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi
- Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Zəngilan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Cəbrayıl rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Xocalı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi.
Qeyd edək ki, 1999-cu ildə Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində Xocalı rayon Uşaq Yaradıcılıq Mərkəzi yaradılıb. 2017-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına əsasən, ölkə üzrə olduğu kimi, işğal altında olan rayonlar üzrə də birləşmə nəticəsində yeni müəssisələr yaradılıb.