26 Dekabr 2024, Cümə axşamı

Xudafərində ucaldılan bayrağımızın kölgəsi bütün işğal olunmuş torpaqlarımıza kölgə salacaq.

Naxçıvan Muxtar Respublikasının mənfur düşmənlərimiz tərəfindən blokadaya salındığı bu illərdə paytaxt Bakıya gedərkən və geriyə­ – doğma Naxçıvana dönərkən Cənubi Azərbaycan ərazisindən keçən Arazboyu yoldan çox çox istifadə etmişəm. Bu yolda məni məndən edən duyğuları, düşüncələri ifadə etmək çox çətindir... Bir tərəfdən öz dədə-baba torpaqlarımızdan icazə ilə keçməyim, digər tərəfdən isə Arazın sol sahilində həsrətdən “qaralmış” Zəngilan, Cəbrayıl torpaqlarının yetim baxışları şair ruhumu hər dəfəsində incidirdi.

Hər səfərimdə işğal altında olan həmin torpaqlara tərəf baxmaqdan boynum ağrıyırdı. Hələ ürəyimdəki ağrını demirəm... Elə bir ağrı ürəyimə sancılırdı ki, bu sancı xəncər, qılınc ağrısından betər idi. Milli təəssüb, qeyrət, xəcalət və ən başlıcası isə, çarəsizlik məni hər səfərimdə halətdən salır, ya Bakıya, ya da ki, Naxçıvana halətsiz bir vəziyyətdə çatırdım. Maraqlı cəhət odur ki, təxminən 10-12 saatlıq bu yolu necə getdiyimi, mənzil başına necə çatdığımı çox vaxt hiss etmirdim. İşğal altında olan torpaqlarımızda 28 ilə yaxın bir müddətdə həyat və zaman necə dayanmışdısa, bu səfərlər zamanı mənim üçün də sanki zaman məfhumu dəyişir, vaxt dayanırdı...

 

Naxçıvan-Bakı, Bakı-Naxçıvan yolçuluğunda mənə ən çox əzab verən isə Xudafərin körpüləri idi. Bir zamanlar böyük-böyük qoşunların, böyük-böyük karvanların, ulu babalarımızın, nənələrimizin keçdiyi bu körpülər necə də qərib, sahibsiz, yetim görünürdü, İlahi! Tarixdə öz adı, imzası, əhəmiyyəti və özünəməxsus yeri olan bu körpülər dağılmaqda, məhv olmaqda idi...

Körpü bağ deməkdir, əlaqə deməkdir, ünsiyyət, dostluq, qardaşlıq deməkdir. Bir zamanlar – ixtiyarımızın özümüzdə olmadığı vaxtlarda bizi bir-birimizdən ayrı salanlar, bu böyük xalqı məqsədli şəkildə parçalayanlar da aramıza Araz adlı sədd çəkməklə, bu körpüləri bağlamaqla məhz bu bağı, əlaqəni, ünsiyyəti kəsmək, dostluq, qardaşlıq hisslərini öldürmək istəmişdilər. Bu xalqın birliyindən hər zaman ehtiyat edənlər Xudafərin körpülərinin giriş-çıxışına hələ dəmir məhəccərlər də çəkmişlər. Demək, Xudafərin adi körpü deyil... O bir rəmzdir, əlamətdir – birliyin rəmzi, qardaşlığın, dostluğun rəmzidir. Ona görə də düşmənlərimiz bu körpülərin bağlanmasında, uçulub-dağılmasında hər zaman maraqlı olmuşlar...

Hər səfərdə işğal altında olan Cəbrayıl, Zəngilan torpaqlarına və Xudafərin körpülərinə baxarkən keçirdiyim bu hissləri qələmə almağa çalışsam da bunu heç vaxt bacarmamışdım. Hər dəfəsində məni məhv edən bu duyğuları ifadə etmək mənim üçün çox çətin idi. Düşünürdüm ki, heç bir söz, heç bir şeir bu yaralara məlhəm ola bilməz... Həm də düşünürdüm ki, artıq söz vaxtı deyil, şeir vaxtı deyil... Qılıncla vurulan yaranın qisası elə qılıncla da alınmalıdır...

Ancaq bir səfərimdə yolçu olduğumuz avtobus, demək olar ki, boş idi. Ona görə də lap arxa oturacaqda tək, yönü Araza tərəf oturub yenə də qərib torpaqlarımızı həsrətlə, ürək ağrısı ilə izləməyə başladım. Bu dəfə göz yaşlarıma mane olmadım... Xudafərin körpülərinə yaxınlaşanda isə qeyri-ixtiyari əlimi cib dəftərimə atdım... Həmin anda duyğularımı qələmlə bölüşməsəydim, qəlbimi boşaltmasaydım, ürəyim partlaya bilərdi:

Xan Arazın üzərində

Qəlbi qırıq, tağı uçuq

bir körpü var.

Əliyalın tək insan da

Bu körpüdən keçə bilməz –

         bu körpü DAR.

 

Bilinməyir, tağlar özü

Öz-özünə uçulublar,

Yoxsa, onu uçurublar…

“Atam öldü!

Zəlzələdən,

Vəlvələdən…

Nə fərqi var?! ”

 

İş onda ki, bu günədək

Xan Arazın belbağını,

Bu mənəvi tel, bağını

Bərpa etmək müşkül olub.

Yazıq körpü kömək umur,

Fəryad edir, haray çəkir –

Haya yetmək müşkül olub.

Bizdə buna qüvvət hanı?!

Bunun üçün kimlərisə

Ayaqlayıb keçmək gərək.

Xudafərin yol gözləyir,

O körpüdən keçmək gərək.

 

Dünənədək bir başqası,

Bu gün isə bir başqası

Darğa olub yolumuza.

Bir cüt əfi ilan kimi

Sarılıblar qolumuza.

Yüz yolunan, min fəndinən

Aramıza sədd çəkiblər.

Körpüləri yandırıblar, uçurublar,

Yurdumuzun ortasından

Simli, qara xətt çəkiblər.

 

Bu körpüdən keçmək üçün

Günü bu gün, elə bu gün

“Bir cüt yumruq” olaq gərək.

Qarabağı almamışdan,

Bu körpünü alaq gərək.

 

Düzdür, Laçın, Kəlbəcər də

sağalmayan yaramızdır.

Bu gün haram ağrıyırsa,

bil ki, ürək oramızdır.

Bu gün aslan igidlərim

Xudafərin körpüsündə

birləşməsə, yanarıq.

Həm Xankəndi, həm Şuşanı

Tarix boyu bax beləcə

xatirəylə anarıq.

 

Günü bu gün, elə bu gün

Bu Körpüdə “dilləşməsək”,

Bu Körpüdə birləşməsək,

bir kəndi də alanmarıq.

Günü bu gün, elə bu gün

Bu Körpüdə TAM olmasaq,

Bu Körpüdə CƏM olmasaq,

heç vaxt qalib olanmarıq.

Bu şeir təxminən 10 il əvvəl yazılıb... Və bu gün Azərbaycanda həmin birliyi tamlığı ilə müşahidə edirik. Həmin şeiri yazanda da ürəyimin dərinliklərində nə vaxtsa bu birliyə nail olacağımıza dair çox böyük bir inam var idi. Sonra bu inam daha da böyüdü, Azərbaycan qədər oldu. Məhz bu inam bizi işğal olunmuş torpaqlarımıza, Xudafərinimizə qovuşdurdu. Bu gün Xudafərində dalğalanan bayrağımızın kölgəsi bütün işğal olunmuş torpaqlarımıza kölgə salır.

Xudafərin bizim birliyimizin, gücümüzün, qüdrətimizin rəmzidir və biz bu gün ona nail olmuşuq. Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun torpaqlarımızın işğaldan azad olunması istiqamətində həyata keçirdiyi əks-hücum əməliyyatlarının da məhz Cəbrayıldan başlaması bizi ilk olaraq Xudafərinə qovuşdurdu. Məhz bunda sonra Füzuliyə, Zəngilana öz bayrağımızı sanca bildik. İnanıram ki, Xudafərində cəm olan, bir olan qeyrətli Vətən oğulları tezliklə işğal altında olan digər torpaqlarımızı da işğaldan azad edəcək. Ancaq, nədənsə, mənə elə gəlir ki, artıq biz tam qələbə çalmışıq, sadəcə, bunu bütün dünyaya elan etmək qalır... Bu inamı, bu arxayınlığı mənə Xudafərində dalğalanan ay-ulduzlu, üçrəngli Azərbaycan bayrağı verir. Bu bayraq bu gün bütöv Azərbaycana öz kölgəsini salır. Araz çayından əsən xoş mehdən güc alaraq gün boyu qürurla dalğalanan bayrağımızın səsi bu gün Azərbaycanda yaxşı duyulur. Bu səs necə də düşmən sifətinə dəyən şapalaq səsini xatırladır... Bu səs həm də qəhrəmanlıq şərqisi, marş kimi ordumuza güc, qüvvət verir. Məhz bu körpüdə dalğalanan o şanlı bayrağın bu günlərdə xalqımıza bəxş etdiyi o böyük xoşbəxtliyi heç nə ilə əvəz etmək mümkün deyil.

Bir şair, bir vətəndaş, bir azərbaycanlı olaraq bundan sonrakı tək arzum isə üzərində bu bayrağın dalğalandığı Xudafərindən keçməkdir... Ona da inanıram ki, böyük mənəvi dəyərə malik olan, o taylı-bu taylı bütün azərbaycanlıların and yerinə çevrilən, 50 milyonluq bir xalqın birliyini, qardaşlığını, ayrılmazlığını simvolizə edən Xudafərin körpüləri qüdrətli dövlətimizin qayğısı ilə əhatə olunacaq və tezliklə yüksək səviyyədə təmir olunaraq xalqın ixtiyarına veriləcəkdir. Hələlikdə isə, Xudafərinə və onun başı üzərində qürurla dalğalanan şanlı Azərbaycan Bayrağına öz torpaqlarımızdan baxmağın bəxş etdiyi o böyük fəxarət hissini yaşamaq da bizə bəs edir. Şükürlər olsun ki, biz bir xalq olaraq, bir millət olaraq bu gün qürurla, alın açıqlığı ilə “Xudafərin Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” deyə bilirik..

Qafar QƏRİB

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR