26 Dekabr 2024, Cümə axşamı

     XXI əsrin ən böyük SƏRKƏRDƏsi, dünya azərbaycanlılarının vahid  Ali Baş Komandanı cənab İlham Əliyevin xalqımıza ünvanladığı növbəti müraciəti yenə də böyük həyəcan və qürurla izləyirəm. Çünki hər bir müraciət qələbə sevincidir, zəfər müjdəsidir. Cənab Prezident bu dəfə rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli, Cəbrayıl, Xocavənd və nəhayət, Zəngilan rayonunun kəndlərinin, eləcə də Zəngilan şəhərinin  düşmən işğalından azad edildiyini bildirir. Bəzi hisslər var ki, onları sözlə ifadə etmək qeyri mümkündür.İstər şair ol, istər yazıçısı, istərsə də publisist...Bu hissi Azərbaycan xalqına yaşadan Ali Baş Komandana minnətdarıq, qəhrəman Azərbaycan əsgərinin alnından öpürük.

 

     Ölkə başçısının müraciətdən dərhal sonra Müdafiə Nazirliyinin rəsmi saytında dünyanın ən gözəl raport videosu yayımlanır. Azərbaycan əsgəri deyir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və     ətraf əraziləri işğaldan azad olunmuşdur.Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan, QARABAĞ AZƏRBAYCANDIR!”.

   29 oktyabr 1993-cü il. Qəhrəman Ali Baş Komandan və onun qüdrətli ordusu yaxın tariximizin bu qara tarixinin, bu qara ləkəsinin üstündən qalib kimi xətt çəkdi. İşğal tarixinə doqquz gün qalmış Zəngilanı Azərbaycana qaytardı. Hər il işğal tarixini acı ilə gətirirdik dilimizə. Qələbədən danışmaq, zəfər tariximizi Azərbaycan xalqı ilə bölüşmək nə gözəl imiş, İlahi. Əvvəlcə suqovşanlı, sonra füzulili, cəbrayıllı, hadrutlu idik. İndi  hamımız zəngilanlıyıq. Zəngilanda doğulub boya-başa çatmış insanlar qədər sevinirik. Bu, yurda həsrət duyğusudur, bu, Vətənə sonsuz aşiqliyin təcəssümüdür.

         Zəngilan...Ərazisindən dörd - Araz, Oxçuçay, Bəsitçay və Həkəri çayları keçən yeganə rayonumuz. Nadir təbiət incisi. Şərqin ağac florasının mirvarisi sayılan çinarların məskəni. Adı “Qırmızı kitab”a düşən, sahəsinə görə dünyada birinci olan təbii çinar meşəsinin yurdu, zəngin flora və faunası, büllur sulu bulaqları, mineral suları ilə məşhur olan torpağımız...Hansını deyək, hansını sayaq?

         İyirmi yeddi ildə düşmən tapdağında nələr çəkmədilər, vəhşicəsinə əzildilər, qırıldılar talandılar, satıldılar. Amma yad olmadılar, doğmalarının dönəcəyinə inandılar. O gün gəldi,o gün bu gündü. Zəngilan torpağı  övladının - əsgərinin, zabitinin nəfəsi ilə qucaqlaşdı, doğmalaşdı. Zəngilanın daşı da, torpağı da, təbii sərvəti də “gülür” indi. Azadlığın havası vurub üz-gözlərinə. Bütün Azərbaycan xalqı kimi. Sevincimiz nə az nə çox, Zəngilanın 730 kvadratkilometrlik torpağının özü boydadı. Neçə-neçə adam Zəngilan həsrəti ilə köçdü bu dünyadan. Bu torpaqdan qaçqın düşən minlərlə ailədə dünyaya göz açan uşaq  Zəngilan eşqi ilə yandı-tutuşdu, ora gedəcəyi, ata-baba torpağına qovuşacağı günün xəyalını qurdu. Ölkə başçısı cənab İlham Əliyev  Azərbaycan xalqına müraciət edərkən bu barədə demişdir: “Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıbdır. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar.O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar”.

      Zəngilandakı qalalar, türbələr, abidələr. Əyilmiş belinizi dikəldin daha. Araz boyunca şərqdən qərbə, cənubdan şimala uzanan  tarixi ticarət yolları. Gözlərinizi yollardan yığın. Halal sakinlərinizi gözləyin. Çal-çağırınız, gəlhagəlli günləriniz gəlir yenə. Zəngilan artıq bizədir. Çinarları bir boy da ucalacaq bundan sonra, çayları daha gur axacaq. Zəngilandakı məscidlər, azanınız mübarək!. Daha təəssüflə deməyəcəyik ki, mənfur düşmənin işğal etdiyi sonuncu - sayca yeddinci rayonumuz olan Zəngilanın işğalından filan qədər il ötür. Daha deyilməyəcək ki, düşmən Zəngilanı işğalı etməklə Azərbyacana filan qədər ziyan vurub. İndi deyirik ki, Zəngilanan qayıdırıq. İndi deyirik ki, Zəngilanı yenidən qurmağa gedirik. Hər daşına, torpağına sevgimizi qatmağa gəlirik. Var ol Ali Baş Komandan, yaşa Azərbaycan əgəri!. Bu sevinci, bu qüruru Sizə borcluyuq. Azadlığın müabrəkdir, Zəngilan!...

         Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Zəngilandan və işğaldan azad edilmiş digər torpaqlarımızdan təqdim etdiyi kadrları həm sevinc, həm də ürək ağrısı ilə izləyirik. Sevinirik ona görə ki, otuz ilə yaxın davam edən işğala son qoyaraq düşməni torpağımızdan qovuruq.Ürəyimiz ona görə ağrıyır ki,vəhşi, yırtıcı, xain düşmən torpaqlarımızda daşı daş üstündə qoymayıb. Hər ev,hər küçə talan edilib, Azərbaycan xalqının mədəni və tarixi izini silmək üçün bütün tikililər dağıdılıb. Eybi yoxdur... Biz tarixdə hər zaman qurucu millət kimi yaddaşlarda qalmışıq. O yerlərdə həyat yenidən bərpa olunacaq, infrastruktur qurulacaq, evlərdən körpə səsi eşidiləcək, uşaq gülüşü duyulacaq. Bütün Azərbaycan xalqı əmindir ki, yeddi il sonra min illik yubileyini qeyd edəcəyimiz unikal sənəti nümunəsi Xudafərin körpüsü yenidən bərpa ediləcək, ilk insan məskənlərindən olan Füzuli rayonunun Qaraçay vadisindəki Azıx mağarası Azərbaycan dövlətinin gücü və qüdrəti ilə dünyaya tanıdılacaq.

         Qoy, bu payız qələbə fəsli olsun. Yarpaqlarını tökmüş ağaclar Azərbaycan əsgərinin zəfər nidası ilə yenidən cana gəlsin, ruhumuz yazdakı gur bulaqlartək çoçub daşsın. Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatsın. Biz buna bütün varlığımızla inanırıq. Diplomatik müstəvidə prinsipial mövqe nümayiş etdirən Ali Baş Komandanımızın, cəbhədə düşmənə qan udduran əsgər və zabitlərlimizin, bir yumruq kimi birləşən, bütöv olan xalqımızın gücü ilə deyirik: “QARABAĞ AZƏRBAYCANDIR!”...

Muxtar RZAZADƏ

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR