Partiyanın Ordubad Rayon Təşkilatında tədbir keçirilib
“Ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçilməklə yenidən fəal siyasətə başladı. Bir il sonra – 1991-ci il sentyabrın 3-də əhalinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilərək muxtar respublikanı həm sosial-iqtisadi fəlakətdən qurtarmaq, həm də erməni təcavüzündən qorumaq kimi taleyüklü xilaskarlıq missiyasını öz çiyinlərinə götürdü.
Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ulu öndərimizin müstəqilliyimizin və dövlətçiliyimizin itirilmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən, bütövlükdə, xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən bu, tarixin çoxdan bəri diktə etdiyi qaçılmaz, qarşısıalınmaz obyektiv zərurət idi. Məhz bu zərurəti və xalqın bütün təbəqələrinin arzusunu ifadə edən Azərbaycanın tanınmış 91 ziyalısı 1992-ci il oktyabr ayının 16-da “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizi gözləyir” adlı müraciət etdi. Müraciətdə dahi şəxsiyyətdən Azərbaycanı fəlakətlərdən qurtaracaq yeni bir siyasi təşkilatın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq vermək xahiş olunurdu. Görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələblərinə müsbət cavab verərək bildirirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Bu sözlər Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında partiyanın yaranmasının 21-ci ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır” mövzusunda keçirilən yığıncaqda səsləndirilib. Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev məruzəsində bildirib ki, 21 il əvvəl, ölkəmizdə xaosun, anarxiyanın, özbaşınalığın, hərc-mərcliyin, vətəndaş qarşıdurmasının tüğyan etdiyi bir dövrdə Yeni Azərbaycan Partiyası xalqı birləşdirmək, Azərbaycanın müstəqilliyini qorumaq, ölkənin problemlərinin həll olunmasında iştirak etmək məqsədilə yaradıldı. Müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərinə əsaslanan Yeni Azərbaycan Partiyası qısa zamanda Azərbaycan cəmiyyətinin ən nüfuzlu və inanılmış siyasi təşkilatına çevrildi.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Elvin Məmmədov, təşkilatın Qadınlar Şurasının sədri Könül İsmayılova, partiya üzvü Südeyif Hacıyev bildiriblər ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə, siyasi dəst-xəttə əsaslanmaqla hər bir partiya üzvü muxtar respublikada aparılan dövlətçilik və quruculuq işində yaxından iştirak edir. Bunu Ordubad rayonunun timsalında da görmək olar. Qürurverici haldır ki, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına genişlənməkdə və güclənməkdədir. Bu gün təşkilat öz sıralarında 5545 nəfər üzvü birləşdirir. Onların 1733-ü gənclər, 2562-si qadınlardır. Təkcə cari ilin ötən dövrü ərzində partiya sıralarına 163-ü gənclər, 123-ü qadınlar olmaqla, 232 üzv qəbul edilib.
Qeyd olunub ki, partiya üzvləri rayonun ictimai həyatında fəal iştirak edir, başqalarına nümunə olmağa çalışırlar. Son 18 ildə rayonda həyata keçirilən geniş tikinti-quruculuq və abadlıq işləri sayəsində əldə olunan nailiyyətlər partiya üzvlərini yeni əhval-ruhiyyə və tükənməz şövqlə bu möhtəşəm quruculuq işlərində yaxından iştiraka cəlb edir.
Xəbərlər şöbəsi