Rusiya Prezidenti Vladimir Putin ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməsini gözləyir.
"TASS"ın məlumatına görə, bunu Rusiya Prezidenti "Valday" klubunun iclasında deyib.
V.Putin bildirib: "Bir daha hər iki ölkənin Xarici işlər nazirləri (Azərbaycan və Ermənistan - red.) bizə (Moskvaya - red.) gəlmişdilər. Ayın 23-ü onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmrəylik göstərəcək və nizamlanmaya kömək edəcəklər".
Eyni zamanda V.Putin bildirib ki, Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz: "Bu illər ərzində (Rusiya - red.) vəziyyətin uzun bir tarixi perspektiv üzrə sabitləşdirilməsi üçün müxtəlif variantlar təklif etmişik. İnanın, bu gərgin iş idi. Bəzi anlarda elə gəlirdi ki, bir addım daha atsaq həllə nail olacağıq. Təəssüf ki, bu baş vermədi və bu gün qarşımızda münaqişənin ən pis variantı var. Faciə isə ondan ibarətdir ki, insanlar ölür".