Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə nəşr olunan Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Sahil Tahirlinin “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olmuşdur.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək demişdir ki, Naxçıvan Dövlət Universiteti artıq bir neçə ildir, muxtar respublikamızın jurnalist kadr hazırlığını məqsədyönlü şəkildə həyata keçirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə qayğısı nəticəsində universitetdə Media Mərkəzi və Jurnalistika ixtisasının fəaliyyəti üçün yaradılan geniş maddi-texniki baza, eyni zamanda təcrübi imkanlar günün tələblərinə cavab verən jurnalistlərin yetişdirilməsinə şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncama əsasən Jurnalistika ixtisası da hamiliyə verilmişdir. Bu gün universitetdə təhsil alan tələbə-jurnalistlər Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Şərq qapısı” qəzeti redaksiyasında təcrübə keçir, bilik və bacarıqlarını artırır. Bildirilmişdir ki, təqdimatı keçirilən hər iki kitab mövzu-məzmun, forma-metodiki cəhətdən zəngindir. Dövrün aktual mövzularının öz əksini tapdığı kitablar həm dərs vəsaiti kimi tələbələrimizə peşəkar jurnalistikanın qaydalarını mənimsəməkdə, həm də gələcəyin təcrübəli jurnalisti kimi yetişmələri üçün mühüm mənbə rolunu oynayacaqdır.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov muxtar respublikada kütləvi informasiya vasitələri üçün yaradılan müasir şəraitdən danışmış, Ali Məclis Sədrinin Azərbaycan Respublikasının əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və jurnalist Sahil Tahirlinin “Yaratmaq amalı” kitablarının Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında dərs vəsaiti kimi tədris olunmasını tövsiyə etməsini muxtar respublikada mətbuat və kütləvi informasiya vasitələrinə göstərilən diqqətin nümunəsi kimi qiymətləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Mətanət Məmmədova çıxış edərək demişdir: "Naxçıvanda mətbuatın bugünkü inkişafı Ali Məclis Sədrinin mətbuata diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Muxtar Respublika 30 ilə yaxındır ki, blokada şəraitində inkişaf və tərəqqi edir. Bu gün Naxçıvanın ən ucqar kəndlərindən tutmuş müasirləşən şəhərlərinədək hər bir yerində qurulub-yaradılanlar, abadlaşdırılanlar isə jurnalistlərə yeni-yeni mövzu və ideyalar verir. Muxtar respublikada fəaliyyət göstərən jurnalistlər onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək sərbəst və müstəqil fəaliyyətləri ilə cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemləri işıqlandırırlar. Göstərilən bu qayğı muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatını əks etdirən yazılarla mətbuatda çıxış etməyimiz və bu yazıların kitab şəklində nəşr olunması ilə nəticələnmişdir. Bu il Azərbaycan milli mətbuatının yaranmasının 145 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən tədbirdə Ali Məclisin Sədri cənab Vasif Talıbov “Naxçıvanın publisistik xəritəsi” və “Yaratmaq amalı” kitablarının Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında dərs vəsaiti kimi istifadə olunmasını tövsiyə etmişdir. Bu yüksək dəyərə və göstərilən qayğıya görə Ali Məclisin Sədrinə dərin minnətdarlığımızı bildiririk".
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək bildirmişdir ki, dövlətimiz, xalqımız, cəmiyyətimiz üçün taleyüklü proseslərin getdiyi bir vaxtda bu tədbirin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Ötən əsrin 90-cı illərində Naxçıvan həqiqətlərinin dünyaya çatdırılmasında çətinliklər var idi. Bu gün informasiyanı dünyanın istənilən nöqtəsinə müxtəlif dillərdə çatdırmaq imkanına malikik. Muxtar respublikanın quruculuq mərhələsi medianı da əhatə etmişdir. Bu gün muxtar respublikanın kütləvi informasiya vasitələri ordu gücünə malikdir. Təkcə döyüş meydanında yox, informasiya savaşında da mübarizə aparırıq. Naxçıvan həqiqətləri istər televiziya, istərsə də qəzetlər vasitəsilə geniş auditoriyaya çatdırılır. Hər bir jurnalistin, hər bir yaradıcı qələm adamının mediaya rahat çıxışı təmin edilmişdir. Bu imkanlardan tələbələr maksimum dərəcədə faydalanmalı, öz üzərlərində çalışmalıdırlar. Bu gün təqdimatı keçirilən kitablar da göstərilən dövlət qayğısının bariz nümunəsidir. Sahil Tahirli Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin kollektivi adından göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxış edərək demişdir ki, Azərbaycanın şərəfli tarixinin yazıldığı bir dövrdə hər bir jurnalist əsl vətənpərvər ziyalı kimi müsəlləh əsgər missiyasını şərəflə yerinə yetirməyə çalışmalı, öz cəbhəsində, fəaliyyətində əzmlə mübarizə aparmalıdır. Jurnalistika sahəsində yaradılan şərait muxtar respublikada bu sahəyə göstərilən böyük dövlət qayğısıdır. Təqdimatına toplaşdığımız kitablar isə günümüzün salnaməsinin yazılması baxımından dəyərli vəsaitlərdir.
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi Qızbəsti Quliyeva çıxış edərək muxtar respublikada gənc jurnalistlərin yetişdirilməsi üçün yaradılan şəraitdən danışmış, Jurnalistika ixtisasının müəllim və tələbələri adından minnətdarlığını bildirmişdir.
Sonra “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasına əsasən Jurnalistika ixtisasının Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə və “Şərq qapısı” qəzeti redaksiyasının hamiliyinə verilməsi istiqamətində görülən işlər müzakirə olunmuş, təkliflər verilmiş, gələcək perspektivlər müəyyənləşdirilmişdir.
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hamiliklə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Sonra Media Mərkəzi ilə tanışlıq olmuşdur.
“Şərq qapısı”