26 Dekabr 2024, Cümə axşamı

Dağlıq və Aran Qarabağ Azərbaycan Respublikasının ən qədim mədəniy­yətlərinin beşiyidir. Füzuli şəhəri yaxınlığında olan Azıx və ondan 3 kilometr aralıdakı Tağlar mağaraları, nəinki Azərbaycanda, həmçinin bütün dünyada əhəmiyyəti olan qədim abidələrimizdəndir. Azıx mağarasından aşkar olunan Azıx adamının çənə parçası dünyada ən qədim tapıntılardan biridir. Hazırda bu unikal abidə arxeoloji qazıntı adı ilə ermənilər tərəfindən məhv edilməkdə və erməni abidəsi kimi qələmə verilməkdədir. Bu abidələr işğal altında olan yeganə abidə deyil. Kəlbəcərin qayaüstü təsvirləri, Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlığındakı İlanlıtəpə, Afatlı kəndindəki Çalağantəpə, Xındırıstan kəndindəki İsmayılbəytəpə, qədim Xocalı qəbiristanlığı, Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə və yüzlərlə digər abidələrimiz düşmən gülləsinin nişangahına çevrilmişdir. Mənfur düşmənlərimiz qədim Qarabağ abidələrində qanunsuz arxeoloji qazıntılar apararaq bu abidələrdən aşkar olunmuş maddi mədəniyyət nümunələrini erməni mədəniyyəti kimi təbliğ etməkdədirlər.

Lakin mənfur düşmənlərin bu bədxah fəaliyyətinə baxmayaraq, tarixin səhifələrini vərəqlədikcə Qarabağın, Naxçıvanın və Arazın cənubundakı torpaqların tarixboyu vahid bir mədəniyyətə sahib olduğu aydınca görünür. Hələ eramızdan əvvəl VI minilliyin ikinci yarısında Mil düzü və Qarabağın Neolit mədəniyyəti bənzər xüsusiyyətləri ilə diqqəti cəlb edir. Belə ki, bu dövrdə Mil düzü və Qarabağın mədəniyyətinə aid keramika məmulatının bir qismi basmanaxışlı ornamentlə xarakterizə edilir. Bu tip keramika Naxçıvantəpənin Neolit təbəqəsi üçün də xarakterikdir. Məlum olduğu kimi, basmanaxışlı keramika İran Azərbaycanında yayılan Dalmatəpə mədəniyyəti üçün də xarakterikdir. Şübhəsiz ki, İran Azərbaycanının boyalı keramikasının inkişafına Zaqros və Mesopotamiyanın mədəni mərkəzlərinin müəyyən təsiri olmuşdur. Lakin tədqiqatçıların fikrinə görə, Mesopotamiya mədəniyyətlərinin təsirini əks etdirən Dalmatəpə mədəniyyətinin boyalı keramikası özünəməxsus xüsusiyyətləri ilə Şimali Mesopotamiya və Mərkəzi İranın boyalı keramikasından fərqlənir. Ehtimal ki, bu, Dalmatəpə mədəniyyətinin yerli inkişafı ilə bağlı olmuşdur. Araşdırmalar göstərir ki, Dalmatəpənin basmanaxışlı keramikasının mənşəyi Şimali Mesopotamiya və Mərkəzi İranla bağlı deyil. Bu baxımdan basmanaxışlı keramika ilə xarakterizə edilən Naxçıvantəpənin Neolit təbəqəsi, Mil düzü və Qarabağ abidələri diqqəti cəlb edir.Tədqiqatlar göstərir ki, Dalmatəpənin basmanaxışlı keramikasının mənşəyi Mil düzü, Qarabağ və Naxçıvantəpə abidəsi ilə bağlıdır.

Azıx mağarası

Qarabağın basmanaxışlı keramikanın aşkar olunduğu Neolit abidələri eramızdan əvvəl 5600-5200-cü illərə aid edilmişdir. Qarabağın Neolit abidələri ilə Dalmatəpə mədəniyyəti arasında müəyyən xronoloji kəsinti olsa da, Mil düzü və Qarabağ abidələrinin, xüsusilə İlanlıtəpənin müəyyən qrup keramikası Dalmatəpə keramikası ilə eynidir. Belə hesab edirik ki, Dalmatəpə mədəniyyətinin formalaşması eramızdan əvvəl VI minilliyin sonu və V minilliyin əvvəllərini əhatə etmişdir. Bu, Naxçıvantəpənin qazıntıları ilə də təsdiq olunur. Naxçıvantəpənin müxtəlif tikinti qatlarından götürülən kömür nümunələrinin analizi bu mədəniyyətin eramızdan əvvəl 5200-4600-cü illər arasında mövcud olduğunu göstərir. Hazırda basmanaxışlı keramika ilə xarakterizə olunan ən qədim abidələr Mil düzü və Qarabağdadır. Belə hesab edirik ki, Mil düzü və Qarabağın mədəniyyəti Dalmatəpə mədəniyyətinin formalaşmasına, xüsusilə basmanaxışlı keramikanın yaranmasına müəyyən təsir etmişdir. Fikrimizə görə, Naxçıvantəpənin Neolit təbəqəsi Mil düzü və Qarabağ abidələri ilə İran Azərbaycanının abidələrini bir-biri ilə bağlayır. Naxçıvantəpə həm də Dalmatəpə mədəniyyətinin formalaşdığı areala daxil olmuşdur. Arxeoloji ədəbiyyatda mövcud olan fikrə görə, İran Azərbaycanı abidələrində Dalmatəpətipli boyalı keramika basmanaxışlı keramikadan daha əvvəl meydana gəlmişdir. Lakin hazırda İranda aparılan qazıntılara əsasən deyə bilərik ki, basmanaxışlı keramika İran Azərbaycanında eramızdan əvvəl V minilliyin əvvəllərində meydana gəlmişdir. Naxçıvantəpə yaşayış yerində basmanaxışlı keramika eramızdan əvvəl VI minilliyin sonunda meydana gəlmiş, Dalmatəpə mədəniyyəti isə eramızdan əvvəl V minilliyin əvvəllərində formalaşmış və inkişaf etmişdir. Dalmatəpə mədəniyyətinin boyalı keramikasının müəyyən xüsusiyyətləri ilə fərqlənməsinə baxmayaraq, belə hesab edirik ki, boyalı keramikanın inkişafına cənub mədəniyyətlərinin, xüsusilə Son Xalaf və Ubeyd ənənələrinin təsiri olmuşdur.

Qarabağın qədim sənət nümunələri

Son illər aparılan araşdırmalar Naxçıvan yaylaqlarında “Qarabağ yurdu” adlı yaşayış yerlərinin olduğunu göstərir. Arxeoloji dəlillər Azərbaycanın mərkəzində yaşayan Qarabağ tayfalarının Arazın həm şimalında, həm də cənubunda məskunlaşdığını, xalqımızın qədim mədəniyyətlərinin bir-biri ilə əlaqələndirilməsində onların mühüm rol oynadığını təsdiq edir.
Eneolit dövrünün sonunda formalaşan Leylatəpə mədəniyyətinin mərkəzi Qarabağda, Ağdam şəhəri yaxınlığında yerləşən Leylatəpə abidəsi ilə bağlıdır. Qarabağ Eneolit dövrünü əvəz edən Erkən Tunc dövründə formalaşan Kür-Araz mədəniyyətinin də əsas vətənlərindən biri olmuşdur. Kür-Araz mədəniyyətinin formalaşma mərhələsini əks etdirən Proto Kür-Araz keramikasının qədim nümunələri də Qarabağ bölgəsindən məlumdur.
Orta Tunc dövründə Qarabağ Azərbaycanda formalaşan şəhər mədəniyyətinin əsas mərkəzlərindən biri idi. Bu dövrə aid olan Üzərliktəpə Qarabağda şəhər mədəniyyətinin əsas mərkəzi olmuşdur.
Son Tunc və Erkən Dəmir dövrlərində Qarabağda formalaşan Xocalı-Gədəbəy mədəniyyəti Azərbaycanın digər bölgələrinə, o cümlədən Zəngəzura, Naxçıvana və Arazdan cənubdakı torpaqlara da yayılmış, indiki Ermənistan və Gürcüstanın müəyyən hissəsini də əhatə etmişdir. Başlıca olaraq Azərbaycanın qərbini əhatə edən bu mədəniyyətin formalaşdığı ərazi antik qaynaqlarda Otena, Urartu mənbələrində Etiuni adı ilə xatırlanmışdır. Bu cəngavər və döyüşkən tayfalar Azərbaycanın urartular tərəfindən işğalının qarşısını almış, bu dövlətin süquta uğramasının əsas səbəbkarlarından biri olmuşdur. Eramızdan əvvəl VIII-VII yüzilliklərdə skif tayfalarının bu ərazilərdə məskunlaşması onların gücünü daha da artırmışdır.
Tarixboyu Qarabağ Midiya, Əhəməni, Arşaki, Sasani və Ərəb imperiyasının tərkibinə qatılsa da, öz mədəniyyətini və müstəqilliyini qoruyub saxlamışdır. Erkən orta əsrlərdə və orta əsrlərin inkişaf etmiş dövründə türk tayfalarının Azərbaycan ərazisinə axını Qarabağda olan qədim türk tayfalarının mövqeyini daha da möhkəmləndirmişdir. IX-XVIII əsrlərdə Azərbaycan dövlətlərinin tərkibində olan Qarabağda XVIII əsrdə Gəncə və Qarabağ xanlıqları yaranmışdır. Qarabağ xanlığının mərkəzi Dağlıq Qarabağda yerləşən Şuşa qalası idi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından başlayaraq bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı.

Bərdə türbəsi

Rusiya işğalınadək Cənubi Qafqazda müstəqil dövləti olmayan ermənilər böyük imperiyalara yarınmaqla və onların siyasətinə yaradıqları üçün XIX əsrin əvvəllərində burada məskunlaşdırılmışlar. Əsasən, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində məskunlaşdırılan ermənilər çox keçmədən xalqımıza və tarixi torpaqlarımıza qarşı əsassız iddialara başlamışlar.1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra bədxah qonşularımızın haqsız müharibəsi ilə rastlaşdı. Müstəqilliyinin ilk addımlarını atan Azərbaycanın nizami ordu hissələrinin olmamasından istifadə edən erməni vandalları keçmiş sovet ordusundan ələ keçirdikləri silahlarla ölkəmizə basqın etdilər. 1992-1993-cü illərdə Dağlıq Qarabağ, onun ətrafındakı 7 rayon – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları Ermənistanın və onun havadarlarının silahlı qüvvələri tərəfindən işğal olundu, bir milyondan artıq həmvətənimiz qaçqın vəziyyətinə düşdü. Ərazilərimizin işğalından indiyədək keçən müddət ərzində erməni vandalları xalqımızın evlərini, məzarlarını, həmçinin işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrini tamamilə məhv etmişlər. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın işğalçılıq siyasətini pisləyən – 822, 853, 874 və 884 nömrəli 4 qətnamə qəbul etmiş, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Lakin işğalçı Ermənistan BMT-nin icra aparatının olmamasından istifadə edərək, nəinki torpaqlarımızdan çıxmamış, hətta erməniləri orada məskunlaşdırmağa başlamışdır. Avropadakı havadarlarına güvənən Ermənistan qəsdən danışıqlar prosesini uzadaraq bu torpaqları sahiblənməyə çalışmışdır.
Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar işğal edildikdən sonra onlar Dağlıq Qarabağdakı qədim türk heykəllərini erməni abidəsi kimi təbliğ etmiş, Alban kilsələrini erməni kilsəsi kimi qələmə vermiş, Azərbaycan türklərinin ulu əcdadlarına aid qoç daşları məhv etmiş, orta əsr qəbiristanlıqlarında erməni xaç daşları basdırmışlar. Fondlarında minlərlə qiymətli eksponatlar toplanan muzeylər, rəsm qalereyaları, dekorativ-tətbiqi sənət nümunələri, nadir kitablar, xalçalar erməni vandalları tərəfindən məhv edilmiş, qiymətli sənət əsərlərinin bir qismi satılmış, bir qismi isə beynəlxalq aləmə erməni mədəniyyəti kimi tanıdılmışdır. Azərbaycan elminin və mədəniyyətinin görkəmli xadimləri Üzeyir Hacıbəyovun, Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və digərlərinin Şuşa şəhərindəki abidələri dağıdılmışdır.
YUNESKO-nun dəfələrlə Ermənistana müraciət etməsinə baxmayaraq, ermənilər öz bədxah əməllərindən əl çəkməmişlər.
Münaqişəni nizamlamaq üçün yaradılan ATƏT-in Minsk qrupu isə fəaliyyətsiz və ikiüzlü mövqe tutaraq bu münaqişəni dondurmağa çalışmışdır. Son illər hakimiyyətə keçən Ermənistanın baş naziri Paşinyanın isə həyasızcasına söylədiyi “Dağlıq Qarabağ Ermənistandır” şüarı xalqımızın səbir kasasını daşırmışdır. Artıq torpaqlarımızın işğalından 30 ildən çox vaxt keçir. Azərbaycan Ordusu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxmışdır. 27 sentyabr 2020-ci ildə başlayan azadlıq müharibəsinin ilk günlərindən torpaqlarımızın işğaldan azad olunmasına başlanmışdır. Azərbaycan Ordusunun uğurları qarşısında duruş gətirə bilməyən Ermənistan ordusu qaçmağa başlamış, Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyi isə təxribata əl ataraq dinc Azərbaycan əhalisini, ictimai və fərdi yaşayış binalarını, enerji xətlərini hədəf edərək xalqımız içərisində çaşqınlıq yaratmağa çalışmışdır. Lakin təxribatlar xalqımızın və əsgərlərimizin mübarizə əzmini qıra bilməmişdir. Azərbaycan Ordusu addım-addım torpaqlarımızı azad etməkdə davam edir. Bu gün xalqımız, Azərbaycanın bütün elm adamları Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə həmrəylik nümayiş etdirir.
Qarabağ Azərbaycandır!

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR