26 Dekabr 2024, Cümə axşamı

Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu ərazidə  sərt quruluşa malik sıldırımlı qayaları  özünə məskən seçən Zəngilanımın əlindən alınmış əzəmətini qaytardı ona Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, Milli Ordumuz.   Hələ  qədim dövrlərdən üzü bəri bağrından axan çayların əmələ gətirdiyi dərin dərələrdən,  Oxçu və Bərgüşad çayları arasında füsunkar Süsən dağı silsiləsindən,  bu silsilədən cənub-şərqə doğru enərək qarşıda uzanan ucsuz-bucaqsız Ağoyuq düzündən, şimal-şərqində Qarabağ silsiləsi  və bu silsilənin  getdikcə alçalaraq əmələ gətirdiyi  Geyən çölündən, ümumilikdə  bir füsunkarlıq abidəsi  Zəngilandan düşmən ayağı kəsildi.  Dünyada ll, Avropada l nadir çinar meşələrindən neçəsinə köksündə yer verən çinarlar diyarı, dağ vüqarlı, çinar əzəmətli  Zəngilanın hüriyyəti özünə qaytarıldı. Dağlıq hissələrində 1800-2000 metr hündürlükdə olan enliyarpaqlı meşələrindən  aşağıya doğru endikcə subalp və alp çəmənlikləri ilə  təbiətin özünün özünə meydan oxuduğu bir möcüzənin fonunda  20 oktyabr möcüzəsi baş verdi, Zəngilan azad oldu.

636-cı ilin şəhəri –Zəngilan

 Azərbaycanın hər qarış torpağı tarixdir, qədimdir, əsrlərin o üzüdü. Elə Zəngilan da.. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Zəngilan şəhəri dedikdə, əslində Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan, yaxud da Pirçivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə “Pir” sözü olduğu üçün  tariximizi təhrif etmək məqsədi ilə rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. İlk adı Pircavan оlan bu şəhər isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır  və 1967-ci ildə hazırkı Zəngilan şəhərinə şəhər statusu verilmişdir.

 

Zəngilanın qədim Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsi, Məmmədbəyli türbəsi, XIV əsr Hacallı dairəvi bürcü,  Yenikənd sərdabəsi,  XVII – XVIII əsrlərə aid, Səfəvilər dövründə tikilməsi güman edilən Zəngilan şəhər məscidi, xalq arasında Qız qalası da adlandırılan Bartaz qız qalası, muzeyləri, Koroğlu daşının hər biri tarixin minilliklərindən xəbər verir, Zəngilanın qədimliyini təsdiqləyir. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru ərazidə salınıb. Bu şəhərin özünün bir çox qədim məhəllələri vardır. Çeşməgözlü, Köhnə Pirçivan,  Məscid düzü, Şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, Çala dərə, Üst məhəllə... Hər biri  bir tarixi yerlə, tarixi hadisə ilə bağlı məhəllələr...

 27 illik həsrət

Sovet quruluşunun həyatımıza daxil olması ilə tariximizin təhrif olunması Zəngilanın da tale payı olmuşdur. Sovet quruluşunun bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində  dəyişiklik olmuş, Zəngilan bir neçə dəfə Qubadlının, Qubadlı Zəngilanın tərkibinə daxil edilmişdir. Bu dəyişikliklərin  heç biri Azərbaycanın tarixi əraziləri üçün bir mahiyyət kəsb etməsə də,  imperiyanın gələcək planlarında özünəməxsus yer tutmuşdur.  Elə 70 ilin sonlarında  Zəngilanın da Qarabağ və digər rayonlarımız kimi işğalın qurbanına çevrilməsi də illərin işğalçılıq planlarının həyata keçirilməsinin vaxtının çatdığının göstəricisi idi. Bu plan 1993-cü ildə baş tutmuşdu. Günahsız insanlar öz dədə-baba yurdlarından zorla çıxarılmış, evləri dağıdılmış, ata-babalarının uyuduqları  qəbiristanlıqlar məhv edilmişdir. Bölgənin bütün tarixi abidələri, məscidləri nankor ermənilərin qurbanlarına çevrilmişdir.

İnsan o zaman qədirbilən olur ki, onun kökü, xalqı, milləti ilə bağlı dəyərləri olur. Bu dəyərləri qorumaq isə özünün gözlərini qorumaq qədər vacib olur. Xalq yox, tayfa, millət yox azlıq, kök yox, yalançı gövdələrdən ibarət ermənilərdən, sözün həqiqi mənasında, bundan fərqli nə isə gözləmək də olmazdı.  Nəticədə isə 27 il idi ki, zəngilanlılar  yurd həsrəti ilə alışıb, yanırdılar. 27 il idi ki, onların yurd yerlərinin sakini yox, qonağı idilər: yuxularında Zəngilanda olmaqla, xəyallarında Zəngilanı qurmaqla...   Azərbaycan Respublikasının  Prezidenticənab İlham Əliyev:“Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.

Bəylərin, ağaların şəhəri

Sovet dönəminin 70 ilinin başlanğıcında “bolşevik hərəkatı”nın liderlərinin Azərbaycan bəylərini, ağalarını düşmənə çevirib xalqa təqdim etmələrinə baxmayaraq tariximizin səhifələrində bəylərin, ağaların silinməz izləri var. Onların dövrün siyasi rəhbərləri kimi fəaliyyətləri, ictimai işlərdə fəallığı, məmləkətdə tikdirdikləri məktəblər, məscidlər,  körpülər, saldıqları yollar və digərləri bu gün  Azərbaycan tarixinin bir hissəsini təşkil edir. Zəngilan rayonunun ərazisi də ötən əsrin əvvəllərində əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Bəylərin, ağaların vaxtilə bu yurd yerinin abadlaşmasında xidmətləri danılmazdır

Bayrağın mübarək, azadlığın mübarək, Zəngilan!

2020-ci il oktyabr ayının 20-si  bütün zəngilanlıların sanki yenidən dünyaya gəldikləri gündür, doğum günləridir.  27 illik həsrətin vüsal günüdür. Bu gün 27 il axıdılan göz yaşlarının sevinc göz yaşlarına çevrildiyi gündür. Tək zəngilanlılar üçün yox, bu gün bütün azərbaycanlılar üçün əziz və unudulmaz gündür. Çünki torpağımızın bir hissəsi, canımızın bir parçası, düşmən əlində olan övladımız azad olunub. Bu xəbəri xalqına verən insandan xoşbəxt insan varmı? Bu insan xoşbəxtliyi bötöv Azərbaycan  qədər haqq edən Ali Baş Komandanımızdır. Cənab İlham Əliyevdən  tarixə yaxılan yeni şad xəbər:

“İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.

Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı.

Cəbrayıl rayonu - azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.

Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!Bu gün  Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

         Bayrağın mübarək, azadlığın mübarək Zəngilan!

                                                                  Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR