22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə yaranan partiyadır. Tarix boyu azad, müstəqil olmaq arzusu ilə yaşayan xalqımız 1991-ci ilin oktyabrında bu istəyinə nail olsa da, müstəqilliyimizin ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, ən əsası şəxsi maraqlarını xalqın, dövlətin mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi bu sevincə kölgə saldı. Ölkədə ictimai-siyasi durumun gərginliyi, iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsinin yaranması, digər tərəfdən Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsinin, həmin dövrün iqtidarının dövlətin mənafeyini arxa plana keçirməsinin nəticəsi olaraq, ərazilərimizin bir-birinin ardınca ermənilər tərəfindən işğalı xalqın sabaha  ümidini itirməsinə səbəb olmuşdu.

Belə bir çətin dövrdə xalq üzünü öz xilaskarına tutdu. Obyektiv səbəblərdən partiyanın təsis konfransı Bakıda deyil, Naxçıvanda keçirildi. Vurğulanıb ki, 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bununla da, ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu. Qısa zamanda partiyanın şəhər və rayon təşkilatları təsis edildi. Bu təşkilatlar isə özlərində onlarla ərazi ilk partiya təşkilatlarını birləşdirir. Partiyanın yarandığı gündən ümumxalq partiyasına çevrilməsi onun gücünü, nüfuzunu daha da  artırır.
Yeni Azərbaycan Partiyası üzvlərindən biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədovun “Yeni Azərbaycan Partiyası: yaranma səbəbləri və keçdiyi yol”, universitetin tələbəsi Zəhra Qənbərovanın “Ulu öndər Heydər Əliyev və dövlətçilik strategiyası” mövzularında məruzələri dinlənilib. Məruzələrdə bildirilib ki, böyük  sınaqlardan çıxmış Yeni Azərbaycan Partiyası 21 il ərzində öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR