26 Dekabr 2024, Cümə axşamı

AMEA Naxçıvan Bölməsində “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə siyasi-iqtisadi böhran aradan qaldırıldı, milli ordu yaradıldı, atəşkəsə nail olundu. Ümummilli liderin qətiyyətli qərarları ilə vətəndaş qarşıdurmasına son qoyuldu, ölkənin parçalanmasına yönəldilmiş təhdidlərin qarşısı alındı. Düzgün daxili və xarici siyasət həyata keçirildi, əsaslı iqtisadi islahatlar inkişafa səbəb oldu.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasi strategiya bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verir. Akademik Milli Ordumuzun 30 ildən sonra Qarabağda zəfər tarixi yazdığını deyərək, milli tariximizin gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində ziyalıların, o cümlədən də bölmə əməkdaşlarının üzərinə düşən vəzifələri xüsusi qeyd edib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun məruzələri dinlənilib, virtual sərgi nümayiş etdirilib.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

* * *

Naxçıvan Dövlət Universitetində 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib. İncəsənət fakültəsinin sərgi salonunda əlamətdar tarixi günə həsr edilmiş sərgiyə baxış olub.
Fakültənin akt zalında davam edən tədbirdə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev bildirib ki, müstəqilliyin qorunub saxlanılması onun əldə edilməsindən çətindir. Rektor ulu öndərin əsasını qoyduğu dövlət müstəqilliyinin onun sadiq davamçısı Prezident cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirildiyini diqqətə çatdırıb. Rektor Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı qələbələrin hər bir azərbaycanlıya çox böyük sevinc bəxş etdiyini qeyd edib. Rektor ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsi və gələcəyinin təmin edilməsində savadlı, bacarıqlı, Vətənini, xalqını sevən gənclərə daim ehtiyac olduğunu vurğulayıb.
Sonra Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov çıxış edib, ədəbi-bədii kompozisiya təqdim olunub.

Səadət ƏLİYEVA

* * *

“Naxçıvan” Universitetində Müstəqillik Gününə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” adlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, xalqımızın ən böyük sərvəti olan dövlət müstəqilliyimizin əldə edilməsi hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlanıldı.
Vurğulanıb ki, ulu öndərin müdrik siyasəti bütün sahələrdə, xüsusilə də ərazi bütövlüyümüzün qorunması, ordu quruculuğu istiqamətində layiqincə davam etdirilir. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad edir.
Sonra Ümumi tarix kafedrasının müəllimləri professor Əziz Novruzlunun, Rəna Qurbanovanın məruzələri dinlənilib. Tələbələr adından İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasının IV kurs tələbəsi Məhərrəm Həsənov çıxış edib.
Sonda 18 oktyabr – Müstəqillik Gününə həsr olunmuş “Axtar-tap” intellektual oyununun qalibləri mükafatlandırılıb, ­videoçarx nümayiş olunub.

Seyfur Hacımuradov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR