Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli Qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yoxsulluqla mübarizə əsas istiqamət elan edilərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafına, makroiqtisadi göstəricilərin artımına, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına əlverişli şərait yaradır. Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu sahədə görülən işlərin davamlılığını təmin etmiş, muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə yeni imkanlar yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” məşğulluq siyasətinin əsaslarını müəyyən etməklə, əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsində, müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılmasında və işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Dövlət proqramının icrası ilə bağlı muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə mütəmadi təhlillər aparılır, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə müəssisələrdə sorğular keçirilir. Bununla yanaşı, kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunur.
Muxtar respublikada son 10 ildə sahibkarlıq fəaliyyəti genişlənmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlanmış, sənaye sahəsində 4,8, kənd təsərrüfatında 2,7, əsas kapitala yönəldilən investisiyalarda 2,5, informasiya və rabitə sektorunda 1,6 dəfə artım olmuşdur. Bu dövrdə 40 min 533 yeni iş yeri açılmış, əməkhaqqı 1,7 dəfə artmışdır. Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən əlilliyi olan şəxslərə, şəhid ailələrinə, tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Əlilliyi olan şəxslərin reabilitasiyası məqsədilə də bir sıra tədbirlər görülmüşdür. Cari ilin 9 ayında 164 müvafiq kateqoriyalı şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilmiş, 268 nəfər texniki reabilitasiya vasitələri ilə, 137 nəfər protez-ortopedik məmulatlarla təmin edilmişdir.
Aztəminatlı ailələrin sosial problemlərinin həlli, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilmişdir. Ehtiyac meyarının davamlı olaraq artmasına baxmayaraq, sosial yardım alan əhalinin sayı ilbəil azalmışdır. Buna səbəb muxtar respublikada yaradılan yeni iş yerləri hesabına aztəminatlı ailələrdə əmək qabiliyyətli ailə üzvlərinin fəal əməyə və özünüməşğulluq proqramına cəlb olunmasıdır. Özünüməşğulluq proqramı icra olunan tarixdən 501 ailə bu proqrama cəlb edilmiş, verilmiş aktivlərdən nümunəvi istifadə edən vətəndaşlar mükafatlandırılmışdır.
Pandemiya dövründə karantin rejiminin tətbiq olunması ilə əlaqədar muxtar respublikada 9116 nəfər işsiz kimi qeydiyyata alınmış vətəndaşa 190,00 manat məbləğində birdəfəlik ödəmə təyin edilmişdir. 2020-ci ilin 9 ayı ərzində 2972 aztəminatlı ailəyə, o cümlədən 164 əcnəbi tələbəyə ehtiyaclarına uyğun sovqatlar verilmişdir. Bununla yanaşı, tənha ahılların cəmiyyətə inteqrasiyası da diqqət mərkəzində saxlanılmış, sosial könüllülərin iştirakı ilə onlarla mütəmadi görüşlər keçirilmiş, ehtiyaclarına uyğun sovqatlar verilmişdir.
Müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2020-ci ilin doqquz ayında 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş 4 nəfərə və hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını qismən itirmiş 1 nəfərə yeni mənzillər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş 7 nəfərə, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 5 nəfərə, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 10 nəfərə isə minik avtomobilləri təqdim olunub.
Muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli infrastruktur layihələrinin icrası, məşğulluq səviyyəsinin yüksəldilməsi, sosial xidmətlərin həcminin və keyfiyyətinin artması, makroiqtisadi sabitliyin ilbəil qorunub saxlanması bütün sahələrin davamlı inkişafını bundan sonra da təmin edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti