22 Dekabr 2024, Bazar

Dünən “Naxçıvanqaz” İstehsalat Birliyində 2012-ci ilin yekunlarına dаir iclas kеçiril­mişdir. İclasda birliyin direktoru Səxavət Abbasov məruzə ilə çıxış edərək bildirmişdir ki, əhalinin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyi və onun tabeliyində olan şəhər və rayon Qaz İstismar idarələri tərəfindən kompleks tədbirlər həyata keçirilir. Muxtar respublikada, ümumilikdə, 81 min 456 istehlakçı təbii qazdan istifadə edir. Bunlardan 1004 əhali abonenti, 149 qeyri-əhali abonenti ötən il təbii qazla təmin olunmuşdur.
Qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərləri, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. Muxtar respublikada istismarda olan qazpaylayıcı stansiyalarda bütün qoruyucu klapanlar, kran və siyirtmələr yoxlanılmış, separatorlar təmizlənmiş, təzyiqtənzimləyicilərə texniki baxış keçirilmişdir. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və müntəzəm olaraq ölçü qovşaqlarında nəzarət işi həyata keçirilmişdir. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz işlər görülmüş, sızmaların aradan qaldırılması üçün təmir-bərpa işləri aparılmışdır.
Qeyd olunmuşdur ki, daşıyıcı qaz şəbəkəsinin mövcud 720 millimetrlik yeraltı qaz kəməri uzun müddət istismarda olduğu üçün fiziki cəhətdən tam aşınmış, korroziyaya uğramışdır. Qaz itkisini minimuma endirmək məqsədilə Naxçıvan-Sədərək istiqaməti üzrə 81,6 kilometrlik yüksəktəzyiqli yeraltı qaz kəmərinin inşası qrafikə uyğun aparılır. Naxçıvan-Şahbuz istiqaməti üzrə 27 kilometrlik ortatəzyiqli yeraltı qaz kəmərinin inşası isə başa çatdırılmışdır. Şahbuz, Culfa və Ordubad rayonlarında sel və daşqın zamanı zərər dəymiş müxtəlif diametrli qaz xətləri təmir olunmuş, yaşayış məntəqələrinə təbii qazın verilməsi qısa vaxtda təmin edilmişdir.

Muxtar respublikamızın yaşayış məntəqələrində yeni tikilən yaşayış evləri vətəndaşların müraciətinə əsasən qazlaşdırılmış, yeni sayğaclar quraşdırılmış və onlarla qaz təchizatı haqqında müqavilə bağlandıqdan sonra təbii qazın verilməsi təmin edilmişdir. Əhali abunəçilərinin normal, sabit və təhlükəsiz qaz təchizatını təmin etmək məqsədilə alınmış qaztənzimləyici şkaflar və qaztənzimləyicilər tələb olunan yerlərdə quraşdırılmışdır. 
Səxavət Abbasov bildirmişdir ki, muxtar respublikada təbii qazın qeydiyyatının dəqiq aparılması məqsədilə quraşdırılmış ROK-407 tipli qaz ölçü qovşağına və “Elestr” tipli qaz sayğaclarına ciddi nəzarət olunur. Avtomat qazpaylayıcı stansiyalarda istismar olunan 9 ədəd ROK-407 tipli ölçü qovşağı yoxlamadan keçirilmiş və kalibrləşdirilmişdir. Həmçinin ROK-407 tipli elektron sərfölçmə cihazları üzərində uzaq məsafədən operativ nəzarət üçün 6 ədəd xaric­edici və 1 ədəd qəbuledici modem quraşdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
“Abonentlərin təhlükəsizliyi də diqqət mərkəzində saxlanılmış, baş verə biləcək hər hansı bir qəzanın vaxtında aradan qaldırılması üçün şəhər və rayon Qaz İstismar idarələrində qəza dispetçer xidmətlərinin 24 saat fəaliyyəti təmin edilmişdir”, – deyən birliyin direktoru bildirmişdir ki, qəza dispetçer xidmətlərinə, ümumilikdə, 9 min 269 qəza məlumatı daxil olmuş, nasazlıqlar vaxtında aradan qaldırılmışdır.
Təbii qazın itkisiz olaraq yerlərə çatdırılması, israfçılığın qarşısının alınması və sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar tədbirlər davam etdirilmiş, istismarda olan qaz sayğaclarına mütəmadi olaraq baxışlar keçirilmiş, cari təmirə ehtiyacı olan sayğaclar təmir edilmiş, təmiri mümkün olmayan 2 min 258 ədəd sayğac isə yenisi ilə əvəzlənmişdir.
Muxtar respublikada 300 milyon 577 min 517 kubmetr qaz istehlak olun­muş, 22 milyon 418 min 291 manat vəsait toplanmışdır. O cümlədən enerji istehsal edən müəssisələr nəzərə alınmadan istehlak olunan 152 milyon 571 min 313 kubmetr qazın satışından 15 milyon 317 min 717 manat vəsait əldə edilmiş, ödəmə 100 faiz olmuşdur. Əhali abunəçiləri üzrə istehlak olunan 79 milyon 733 min 8 kubmetr qazın satışından toplanan vəsait 7 milyon 984 min 742 manata çatmışdır ki, bu da 100 faiz ödəmə deməkdir.
İclasda əldə olunan nailiyyətlərlə yanaşı, işdə buraxılan nöqsanlara da toxunulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında “Naxçıvanqaz” İstehsalat Birliyinin baş mühəndisi Samir Baxşəliyevin və Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin rəisi Mahmud Əbilsoyun çıxışları olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev iclasda çıxış etmişdir.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR