22 Dekabr 2024, Bazar

2013-cü il iyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələri yaradılmasının 95 illiyini böyük təntənə ilə qeyd etdi. Bu şərəfli yubileyin təntənəsini paytaxt Bakı şəhərində keçirilən paradda Azərbaycan xalqı ilə bərabər, bütün dünya ölkələri də izlədi. Təbii ki, bu paradın möhtəşəmliyinə sevinərək müsbət mesajlar verən dost ölkələr də oldu, əksinə, bundan ehtiyat edib narahatlığını bildirənlər də. Ancaq şəxsən mənim üçün bu möhtəşəmliyin fonunda bir də Ali Baş Komandanın söylədiyi fikirlər böyük əhəmiyyət kəsb edir: “...Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir!” Artıq ordumuzun adı dünyanın güclü orduları sırasında çəkilir və bu fikirlər ölkənin ən ali şəxsinin dilindən səsləndirilir.

Azərbaycanda ordu quruculuğu istiqamətində ilk addımların ulu öndər Heydər Əliyev tərəfindən bu diyarda – Naxçıvanda atıldığı hamımıza məlumdur. 1994-cü ilin may ayında düşmən ölkə ilə atəşkəs haqqında sazişin bağlanması bu prosesi daha rahat və sürətli şəkildə aparmağa imkan vermiş, ölkəmizdə çox qısa zamanda zəruri tədbirlər həyata keçirilərək nizami hərbi birləşmələrin yaradılmasına nail olunmuşdur. Azərbaycanın sürətli iqtisadi inkişafı ordu quruculuğuna da öz töhfəsini vermiş, Silahlı Qüvvələrimiz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

Blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər regionun etibarlı müdafiəsini təmin etmişdir. Hərbi təyinatlı tikinti-quruculuq işlərinin geniş vüsət alması, maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin döyüş ruhunun artırılması bu yöndə atılan addımların mühüm tərkib hissəsidir. Dediklərimizin gerçək sübutuna bu yaxınlarda olduğumuz Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən “N” hərbi hissəsində də şahid olduq.
Silahlı Qüvvələrin Qıvraq qəsəbəsində yerləşən hərbi hissəsi hələ müstəqilliyimizin ilk illərindən muxtar respublikamızın müdafiəsinin təşkil olunmasında, erməni hərbi birləşmələrinin hücumlarının qarşısının alınmasında mühüm rol oynayan hissələrdən biri olmuşdur. Hərbi hissə ötən əsrin 90-cı illərinin əvvəllərində gedən ağır Sədərək döyüşlərində xüsusi fəallıq göstərmiş, muxtar respublikanın ərazi bütövlüyünün qorunmasında öz sözünü demişdir. Əslində, hərbi hissədə olmağımız maraqlı bir tədbirlə bağlı idi. Azərbaycan Hərb Tarixi Muzeyi və Naxçıvan Qarnizonunun birgə təşkilatçılığı ilə hərb tariximizin görkəmli nümayəndəsi, məşhur Kəngərli generalı Hüseyn xan Naxçıvanskinin 150 illik yubileyi ilə bağlı növbəti tədbir haqqında bəhs etdiyimiz hərbi hissədə olacaqdı. Yeri düşmüşkən qeyd edim ki, Kəngərli Rayon Mədəniyyət Evində keçirilən tədbir əsgər və zabitlərimiz tərəfindən böyük maraqla qarşılandı. Sırada isə qonaqlarla birlikdə hərbi hissəni ziyarət etmək planı vardı...
...Hərbi hissəyə çatanda günortaya az qalırdı. Giriş qapısında növbətçi ilə salamlaşıb içəri daxil oluruq. Bir neçə dəqiqə keçəndən sonra hərbi hissə komandiri bizi qarşılayır və qonaqlarla birlikdə hərbi hissə ilə yaxından tanış olmağa başlayırıq. Son illərdə həyata keçirilən kompleks tədbirlər bu hərbi hissədən də yan keçməmişdir. Bir-birindən yaraşıqlı obyektlər – qərargah binası, yeməkxana, əsgər yataqxanası, əsgəri-məişət kompleksi və sair göz oxşayır. Bu ilin oktyabr ayında – 705 nömrəli hərbi hissənin yaradılmasının 21-ci ildönümündə burada yeni əsgər yataqxanası istifadəyə verilmişdir. Əsaslı şəkildə yenidən qurulan 5 mərtəbəli əsgər yataqxanasının hər mərtəbəsində məişət guşələri, təlim sinfi, ayrı-ayrı xidməti otaqlar vardır.
Hərbi hissənin zabiti Habil Ağayev məlumat verərək qeyd edir ki, təlim siniflərində əsgərlərə taktiki, kəşfiyyat, mühəndis, atəş, rabitə və tibbi hazırlıq, eləcə də hərbi topo­qrafiya üzrə təlimlərin nəzəri əsasları öyrədilir. Şəxsi heyətin hərbi tərbiyəsinin və mənəvi-psixoloji hazırlı­ğının yüksəldilməsində ideoloji otaqların mühüm rolu vardır. Binadakı ideoloji otaqlarda əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılmış, televizorlar qoyulmuşdur. Otaqlarda ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, stendlər, qəzet və jurnal materialları vardır. Burada əsgərlərə dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanları yaradılmışdır.
Qeyd edək ki, hərbi hissədə qurucu­luq tədbirləri bu gün də davam etdirilir. Belə ki, burada təlim-tədris mərkəzi üçün yeni bina inşa olunur. Üç mərtəbədən ibarət olacaq bu binada inter­aktiv atəş otağı, təlim sinifləri və trenajor zalları istifadəyə veriləcək, mərkəz müasir texniki avadanlıqlarla təchiz olunacaqdır. Müsahibimiz qeyd edir ki, mərkəzdə hərbi tədris pro­qramlarının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktik vərdişlərinin möhkəmləndirilməsi üçün lazımi şərait yaradılacaqdır. Söhbətimizə hərbi hissənin digər zabiti Rəxşan Qurbanov da qoşulur. Deyir ki, ordumuza göstərilən diqqət və qayğı bizi daha da ruhlandırır. Söhbət əsnasında müsahibimiz əsgərlərin təlim-tərbiyəsi, onların vətənpərvər ruhda yetişdirilməsi üçün keçilən ideoloji dərslərdən danışdı, fiziki tərbiyədən tutmuş hərbi hissədə təşkil olunan idman oyunlarınadək bütün tədbirlər haqqında məlumat verdi. O da vurğulandı ki, indi əsgərlərimiz hərbi xidmətə böyük sevgi ilə yanaşır, burada olduqları müddətdə əsl kişilik məktəbi keçirlər.
Hərbi hissədə olduğumuz zaman əsgərlərlə də söhbət edirik. Şəmkir rayonundan hərbi xidmətə çağırılmış Elyar Əliyev əsgəri xidməti ilə bağlı bunları dedi: “Hərbi xidmətimi Naxçıvanda keçirəcəyimi heç zaman təxmin edə bilməzdim. Sevinirəm ki, Azərbaycanın bu gözəl və qədim bölgəsində xidmət edirəm. Hərbi hissədə bizim üçün hər cür şərait yaradılmışdır. Bizə keçilən dərslər, təlimlər, inanırıq ki, nə vaxtsa lazım olacaq. Komandirlərimiz də bu işdə bizə yaxından köməklik edirlər. Burada çoxlu dostlar da qazanmışıq. Ümidvaram ki, bu dostluğumuz mülki həyatda da davam edəcəkdir”.
Şəki rayonundan hərbi xidmətə çağırılmış Murad Ənvərli isə ürəyindən keçənləri belə səsləndirdi: “Hərbi formanı geymək, Vətənə xidmət etmək uşaqlıq arzum olub. Mənə görə, hərbi xidməti keçmədən həyatda püxtələşmək, çətinliklərə sinə gərmək asan olmaz. Bizim atalarımız, babalarımız da bu yolu keçiblər. Bizim üçün bu yolun şərəfli olmağı isə onlardan fərqli olaraq, doğma, müstəqil Vətənimizə xidmət etməyimizdir. Ümummilli liderimiz azərbaycanlı olmağı ilə fəxr etdiyi kimi, biz də Azərbaycanımıza xidmət etdiyimiz üçün fəxr edirik. İnanırıq ki, Ali Baş Komandanın əmri ilə tezliklə Vətənimizin işğal altında olan torpaqlarını da azad edəcəyik”.
Hərbi hissədə digər əsgərlərlə də söhbət edirik. Hər kəs işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasını arzulayır. Arzulamaqla bərabər, həm də bu prosesdə iştirak etmək istəyir. Hətta əsgərlərdən biri artıq o torpaqlarda xidmət etmək üçün darıxdığını da bildirir...

Bir sözlə, hərbi hissədə olduğumuz zaman əsgərlərlə etdiyimiz maraqlı söhbətlər, burada onlar üçün yaradılmış şərait, bizimlə bərabər, qonaqları da çox sevindirdi. Azərbaycan Hərb Tarixi Muzeyinin rəis müavini Lalə Hüseynovanın “Nümunəvi hərbi hissənin nümunəvi əsgərləri olar” fikri hər birimizin ürəyindən olmaqla bərabər, həm də yerində deyilmiş fikir idi. Ancaq bəzən həyatda elə situasiyalar olur ki, onu tez bir zamanda dəyişmək mümkün olmur. Həmin situasiyaların dəyişilməsinin, hələlik, mümkünsüzlüyü bizi darıxdırır. Elə işğal altındakı torpaqlarda xidmət etmək istəyən Azərbaycan əsgərinin darıxdığı kimi... Çünki YENİLMƏZDİR AZƏRBAYCAN ORDUSUNUN qələbəyə ehtiyacı var! Bunun üçünsə darıxmamaq mümkün deyil...

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR