26 Dekabr 2024, Cümə axşamı

Hələ kiçik yaşlarımızdan ətrafımızda hər kəsin dilindən “Vətən müqəddəsdir”, “Vətən anadır” kəlmələrini eşidərək böyüyürük. İlk addımımızı atdığımız bu torpağın üstündə yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Yaşa dolduqca dərk edirik ki, bu Vətən torpağı bizlərə uğrunda qurban gedənlərin əmanətidir. Zaman-zaman ərazi iddialarına, hücumlara, soyqırımlara məruz qalan bu torpaq uğrunda bu gün zəfər və şərəf tarixi yazılır, şanlı bir mübarizə gedir. O mübarizə ki hələ qundaqda ikən öz ata-baba yurdlarından didərgin düşən uşaqların öz torpaqlarına qayıtmaq mübarizəsidir. Bu mübarizə Azərbaycan xalqının 30 illik torpaq ayrılığına, yurd həsrətinə son qoymaqdadır. Elə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının Səfərbərlik şöbəsinin rəisi, polkovnik-leytenant Cəfər Hüseynovla söhbətimiz də bu mövzuda oldu. 

– Cəfər müəllim, bu günlər xalqımız böyük qürurla Milli Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsinin sevincini yaşayır...

– 27 sentyabr 2020-ci il. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək. Bu tarix 30 ildən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, fürsət düşdükcə təxribatçı və fitnəkar hərəkətlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist, quldur Ermənistanın silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu. Qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi və dərhal Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun kəskin və sərt cavabı ilə qarşılaşdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzaladı. Bu, vaxtında atılmış addımdır. Çünki 30 ildir ki, həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad etmək şansımız daha da artdı.
– Erməni vandalizminin, necə deyərlər, “gücü” bir neçə saat ərzində üzə çıxdı...
– Hələ qədimdən bəllidir ki, Ermənistan ordusu Azərbaycan Milli Ordusunun qarşısında durmaq əzmində deyil. Öz havadarlarına arxalanaraq qarşı durmağa çalışan düşmən yerinə oturdulur. Bu gün Ermənistan hakimiyyətinin dünya liderlərinə yalvarmaqdan başqa çarəsi qalmayıb. Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, həmişəki kimi onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın, bizi burada indi boğacaqlar, məhv edəcəklər. Elə bu da onların necə qorxaq millət olduğunun sübutudur.
– Qələbələrimiz igid əsgərlərimizin vətənpərvərliyinin, ordumuzun maddi-texniki təminatının ifadəsi olmaqla hamımıza qürur yaşadır...
– Hər birimiz mətbuatdan, mediadan aldığımız məlumatdan öyrəndik ki, cənab Prezident Suqovuşanın işğaldan azad edilməsi münasibətilə Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənova və digər iki komandirə təşəkkürünü bildirib. Bu onu göstərir ki, Ali Baş Komandan ordumuzun hər bir addımından xəbərdardır və onların dəstəkçisidir. Bəli, bu gün ordumuzun uğurları ölkə rəhbərinin dəstəyi ilə yanaşı, xalq-ordu birliyindən də öz payını alır.
Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir, xalqımıza qələbə sevinci yaşadır. Ordumuz uğurlu əks-hücum əməliyyatını davam etdirərkən muxtar respublikamızda Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın Vətən sevgisi, peşəkarlığı və ruh yüksəkliyi hər birimizi qürurlandırır. Xalqımızın igid oğulları bu haqq savaşında böyük şücaətlər göstərərək ön cəbhədə tarix yazırlar. Şanlı Azərbaycan tarixi... Bizdən sonra gələcək nəsillərin öyrənəcəyi Vətən tarixi. O tarix ki 30 ilə yaxın bir müddətdə işğal olunmuş Azərbaycan torpaqlarının düşməndən azad olunacaq. O tarix ki Azərbaycan bayrağının əzəli Qarabağ torpağında – Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə, digər Vətən torpaqlarımızda dalğalanacaq!
– Azad olunmuş torpaqlarımızın coğrafiyası genişləndikcə Böyük Qələbənin yaxınlaşdığını görürük...
– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər isə öz sağlamlıqlarını Vətən yolunda qoyub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb. Bu gün biz onların qisasını almaqla yanaşı, həm də qaçqınlarımızın, məcburi köçkünlərimizin öz ocaqlarına qayıtmasının mübarizəsini aparırıq. Bəli, artıq ordumuz işğal altında olan bir şəhər, bir qəsəbə, 42 kənd və bir neçə strateji əhəmiyyətli yüksəkliklərimizi azad edib. Bu da Böyük Qələbənin bir addımlığımızda olmasının göstəricisidir. Böyük inam və ümidlə deyə bilərik ki, biz yaxın vaxtlarda bu tarixi zəfərin şahidi olacağıq.
– Ölkəmizdə xalq-ordu birliyi çox yüksək səviyyədədir. Bu amil də qələbəmizi təmin edən səbəblərdən biridir...
– Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız, torpaq deyil. Özünün bayrağı, müstəqilliyi, Dövlət Himni, sərhədləri olan torpağa Vətən deyilir. Vətən azadlıqdır. Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Bu gün nümayiş etdirilən xalq-ordu birliyi ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və dönmədən davam etdirilən ordu strategiyasının bəhrəsidir. Xalq əzəldən ordumuzu dəstəkləyib. Bu gün də dəstəkləməkdə davam edir. Bunu muxtar respublikamızın timsalında da görə bilərik. Bütün idarə, müəssisə, təşkilatların, sahibkarların, fərdi vətəndaşların tez-tez hərbi hissələrdə olmaları, onlara sovqat aparmaları bunun sübutudur. Bu gün ordumuzun istər texniki, istər maddi təminatı yüksək səviyyədədir. İnsanların onlara maddi köməyi isə hərbçilərimizə mənəvi dayaq olmaq, onların döyüş əzmini daha da gücləndirmək məqsədi daşıyır. Hərbçilərimiz də görürlər ki, arxalarında güclü dövlətimiz və dövlətimizi dəstəkləyən xalqımız dayanıb.
– Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı kimi, sizcə, gənclərimizin vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasında hansı amillər başlıca rol oynayır?
– Səfərbərlik xidməti ordunun komplektləşdirilməsini və sülh dövründə çağırış kampaniyalarını həyata keçirir. Bundan əlavə, orta məktəblərdə hərbi-vətənpərvərlik ruhunda gənclərin yetişdirilməsində də xidmətin üzərinə böyük vəzifələr düşür. Aparılan söhbətlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, qismən səfərbərlik elan olunduqdan sonra yüzlərlə vətəndaş bizə müraciət edib. Və ordumuz tam şəkildə komplektləşdirilib.
Onu da qeyd etmək istəyirəm ki, bizə müraciət edənlər arasında yaşlı insanlar, vaxtilə Qarabağ döyüşlərində iştirak edənlər, o cümlədən xanımlar da var. Bu da onların vətənpərvərlik hissinin yüksəkliyindən irəli gəlir. Elə bu vətənpərvərlik hissi də hər birimizdə böyük qürur, işğal altında olan torpaqlarımızın son qarışınadək geri alınacağına inam yaradır.
– Qələbə bizimlədir...
– Bəli, bu gün biz haqq savaşındayıq. Vətən müharibəmiz öz zəfəri, öz qələbəsi ilə başa çatacaq. Qarabağımızın, torpaqlarımızın işğalına tam mənada son qoyulacaq. Qələbə, zəfər marşları çalınacaq. Şəhidlərimizin ruhları sevinəcək. Buna adımız kimi əminik! Allah, səni qorusun, Azərbaycan dövləti, Azərbaycan əsgəri. Şərəfin, qürurun, Qələbən mübarək!

 Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR