22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin iştirakı ilə “Heydər Əliyev ümummilli liderdir” mövzusunda rus dilində açıq dərs keçilmişdir. Əvvəlcə tələbələr ümummilli lideri­mizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Açıq dərsdə kollecin rus dili müəllimi Məfkurə Hüseynova tələbələrə ümummilli lider Heydər Əliyevin  Azərbaycan naminə fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi xalqımızın böyük oğlu Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.

Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.
Bildirilmişdir ki, həm ötən əsrin 60-cı illərində, həm də 1990-1993-cü illərdə geridə qalan, iqtisadiyyatı tənəzzülə uğrayan, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı xalqımızın böyük oğlu Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, müstəqilliyini möhkəmləndirən, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirmişdir. Ulu öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar Azərbaycanın, eləcə də onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Bütün bu uğurlara görə xalqımızın böyük oğlu hələ sağlığında xalqın ümummilli liderinə çevrilmişdir.
Sonra  tələbələr  muzeydəki eksponatlarla tanış olmuşlar.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR