Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətinin idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nihal Məmmədov açaraq rayonda bələdiyyələrin fəaliyyətindən danışıb, bələdiyyələrin mülkiyyətinin qanunvericiliyin tələblərinə uyğun idarə olunmasının günün vacib tələblərindən olduğunu deyib.
Seminarda “Bələdiyyələrdə mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda muxtar respublika Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanov məruzə ilə çıxış edib. Qeyd edilib ki, bələdiyyə mülkiyyəti yerli maliyyə, dövlət mülkiyyətində olan və bələdiyyələrin istifadəsinə verilmiş bələdiyyə əhalisinin tələbatının ödənilməsinə xidmət edən bütün növdən olan daşınan və daşınmaz əmlakdır. “Bələdiyyələrin statusu haqqında” Qanunun 33-cü maddəsinə uyğun olaraq, bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınan və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə bu mülkiyyətin artmasına imkan yaradır.
“Bələdiyyə torpaqlarından istifadə edilməsi və mühafizəsi” barədə muxtar respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri İntizar Həziyev danışıb. O, məruzəsində bildirib ki, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyənin ehtiyat fondu torpaqları yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları, ehtiyat məqsədi daşıyan digər bələdiyyə torpaqlarından ibarətdir. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyəti və tələbləri barədə söhbət açıb.
Sonda rayon bələdiyyələrinə “Bələdiyyələrdə mühasibat uçotunun təşkili” adlı metodik vəsait paylanıb.
Səbuhi HÜSEYNOV