22 Dekabr 2024, Bazar

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının milli təhlükəsizliyini və milli maraqlarını qoruyub. Xidmət miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması məqsədilə bu sahədə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələri icra edib, illik fəaliyyətində səmərəli və məqsədyönlü fəaliyyət istiqamətini əsas götürüb.

Bu fikirlər dünən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında səsləndirilib.
İclasda xidmətin rəisi, baş miqrasiya xidməti müşaviri Fazil Ələkbərov məruzə edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bütün sahələrdə əldə olunan yüksək nailiyyətlər, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət alması əcnəbilərin muxtar respublikaya marağını artırıb, miqrasiya proseslərini intensivləşdirib. Miqrasiya proseslərinin idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya proseslərinin təhlili, tənzimlənməsi və bu sahədə ciddi nəzarət mexanizminin yaradılması istiqamətində muxtar respublika Dövlət Miqrasiya Xidmətinin qarşısında mühüm tapşırıqlar qoyulub.

Məruzəçi ötən il ərzində miqrasiya proseslərinin günün tələbləri səviyyəsində tənzimləndiyini, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, miqrantların mövcud sosial-iqtisadi vəziyyətə uyğunlaşmasını sürətləndirən şəraitin yaradıldığını bildirib. Qeyd edilib ki, miqrasiya proseslərinin idarə olun­-masında iştirak edən dövlət orqanları ilə qarşılıqlı əlaqələrin yaradılması, muxtar respublika daxilində miqrasiya qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması, kadr hazırlığı siyasətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilib.
Xidmət rəisi bildirib ki, 2012-ci il ərzində xidmət tərəfindən haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd – fərdi icazə ilə bağlı, ümumilikdə, 687 müraciət icraata qəbul edilib. Müraciətlərdən 635-i icra edilib, 42-si icraata alınıb, 10-na isə imtina qərarı verilib. Fərdi icazələrin sayı 2011-ci illə müqayisədə 382 ədəd çox olub. Xidmətə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi ilə bağlı 1136 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 32-si icraata alınıb, 1104 müraciət təmin edilib. Bəhs olunan dövrdə muxtar respublika ərazisində qanunsuz yaşadığına və qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğuna görə 281 əcnəbi vətəndaş saxlanılıb. Aşkar­lanan əcnəbilərdən 45-i cərimələnib, 77 əcnəbi barəsində ölkə hüdudlarından kənara çıxarmaq barədə qərar qəbul edilib. Xidmət tərəfindən 64 əcnəbiyə xəbərdarlıq edilib və onlar 48 saat ərzində ölkə hüdudlarından kənara çıxarılıb. 95 əcnəbi isə təlimatlandırılıb və əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə ilə təmin edilib. 2012-ci il ərzində xidmət tərəfindən dövlət büdcəsinə, ümumilikdə, 405 min 620 manat məbləğində vəsait köçürülüb. Bu da 2011-ci ildə ödənilən vəsaitdən 187 min 300 manat çoxdur.
Ötən il xidmətə qəbul məsələlərində şəffaflığa diqqət artırılıb, muxtar respublika Dövlət Miqrasiya Xidmətinə işə qəbulla bağlı müsabiqə elan olunub. Müsabiqədə müvəffəqiyyət qazananlardan 18-i işə qəbul edilib. Beynəlxalq təcrübənin öyrənilməsi, miqrasiya proseslərinin idarə olunması və kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, əməkdaşların nəzəri və praktiki baxımdan bilik və bacarıqlarının artırılması, həmçinin xidmətə yeni işə qəbul olunmuş işçilərin peşə hazırlığının artırılması məqsədilə seminarlar keçirilib, təlim-tədris kursları təşkil edilib.
Sonra xidmətin əməkdaşlarından Əfqan Əliyevin, Şahin Nəbiyevin, Aysel Əliyevanın, Amid Zülfüqar- ov­un çıxışları olub. Çıxışlarda vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti ötən il olduğu kimi, 2013-cü ildə də qarşıya qoyulmuş vəzifə və tapşırıqları dəqiq, qərəzsiz, peşəkarlıqla və vaxtında icra etməklə dövlətimizin təhlükəsizliyinə, daxili əmək bazarının qorunmasına və iqtisadiyyatının inkişafına töhfə vermək əzmindədir.
İclasa Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, baş miqrasiya xidməti müşaviri Fazil Ələkbərov yekun vurub.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR