22 Dekabr 2024, Bazar

Xəbər verdiyimiz kimi, bu ilin 28-31 oktyabr tarixlərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyası keçirilib. Sessiyada bir sıra digər məsələlərlə yanaşı, Avropada xüsusi statusa malik region və ərazilərə dair hesabat da dinlənilib. Sessiyanın gedişi, müzakirə olunan məsələlər və bu məsələlərin, ümumilikdə, Azərbaycan və xüsusilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyəti haqqında suallarımızı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov cavablandırır:

– Anar müəllim, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin budəfəki sessiyası hansı xüsusiyyətləri ilə yadda qaldı?
– Məlum olduğu kimi, 28-31 ok­tyabr 2013-cü il tarixdə Fransanın Strasburq şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 25-ci sessiyası keçirilmişdir. Sessiyanın işində Azərbaycan Respublikasının yerli və regional seçkili orqanlarından, o cümlədən Naxçıvan Muxtar Respublikasından olan nümayəndələr iştirak etmişlər. Avropa Şurasının Konqresinin maraq dairəsinin geniş olduğunu nəzərə alaraq, sessiyanın gündə­liyi bir neçə spektri əhatə edən məsələləri özündə əhatə edirdi. Bunlardan bir qismi konqresin mandatına uyğun olaraq, üzv dövlətlərdə müvafiq sahədəki vəziyyətin monitorinqinin aparılması, onun müzakirəsi və postmonitorinq prosesinin təşkili, ənənəvi olaraq seçki müşahidə missiyalarının hesabatlarının dinlənilməsi olmuş, digər tərəfdən isə son zamanlar diqqət mərkəzində olan institusional məsələlər də daxil edilmişdir.

– Sessiyada bir sıra ölkələrdə aparılmış monitorinqlərlə bağlı müzakirələrin aparılması da gözlənilirdi. Bu istiqamətdə hər hansı qətnamə və tövsiyə layihələri qəbul olundumu?
– Sessiyanın gündəliyinə uyğun  ilk olaraq konqresin yeni üzvlərinin mandatlarının və vəzifələrinin müəyyənləşdirilməsi, hər il olduğu kimi, konqresin Xartiyasına, Prosedur və Qaydalarına uyğun olaraq, məruzəçilər tərəfindən nəzərdən keçirildi və təsdiq olundu. Sonra sessiya çərçivəsində Macarıstan, İrlandiya, Ukrayna, Albaniya və Danimarkada yerli və regional demokratiyanın vəziyyəti ilə bağlı aparılmış monitorinqlərin nəticələri, Makedoniyada keçirilmiş yerli seçkilərin və Ermənistanda Yerevan şəhər assambleyasına keçirilmiş seçkilərin nəticələri müzakirə olundu və konqres tərəfindən seçkilərlə bağlı qətnamə və tövsiyələr qəbul olundu.
– Bəs Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin budəfəki sessiyasında Azərbaycan üçün, əsasən, hansı məsələlər xüsusi əhəmiyyət daşıyırdı?
– Müzakirə olunmuş məsələlər sırasına ölkəmiz üçün maraq kəsb edən iki məsələ – “Avropada xüsusi statuslu regionlar və ərazilər” və “Miqrantların regional əmək bazarına çıxışı” haqda sənədlər də salınmışdı. Birinci məsələ ilə bağlı İtaliyadan olan məruzəçi Bruno Martsiano, ikinci məsələ ilə bağlı isə İrlandiyadan olan məruzəçi Dedre Makqouvan məruzə etdilər. Məlumdur ki, bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının düşdüyü blokada vəziyyətinin dünya ictimaiyyətinə çatdırılması, Avropanın diqqətinin Ermənistan tərəfindən ərazilərimizin işğalına və blokada vəziyyətində yaranmış duruma yönəldilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Elə bu səbəbdən də nümayəndə heyətimiz xüsusilə birinci məsələnin müzakirəsində aktiv iştirak edərək sənədin əhəmiyyətini vurğulamaqla yanaşı, məsələ ilə bağlı bir neçə təklif də irəli sürdü.
Konqresin eyni zamanda qitənin yerli və regional hakimiyyət orqanlarının ən nüfuzlu forumu olduğunu nəzərə alsaq, orda keçirdiyimiz görüşlər və müzakirələr, iştirak etdiyimiz müxtəlif təqdimat və tədbirlər də yaddaqalan oldu.
– Vurğuladınız ki, “Avropada xüsusi statuslu regionlar və ərazilər” məsələsi haqqında məruzə edildi. Bu məruzələrdə Naxçıvanın muxtariyyət statusu necə qiymətləndirildi?
– Qeyd edim ki, sessiyada müzakirəyə çıxarılan “Avropanın xüsusi statuslu regionları və əraziləri” adlı məruzə xüsusilə yaddaqalan oldu. Məruzəçi hazırladığı hesabatda, qətnamə və tövsiyə layihələrində Naxçıvan Muxtar Respublikasının statusunun modelini xüsusi qeyd etdi və bunun tətbiqinin çox faydalı olduğunu bildirdi. Sənədin II hissəsinin “b” bəndində qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası eks­klav xarakterli muxtariyyət modelidir. Məruzənin bu formada təqdim olunması, xüsusilə bu tip xüsusi statuslu muxtariyyətlərin problemli yerlərdə separatçı tendensiyalara qarşı istifadə olunması kimi müddəalarının burada əks olunması, sənədin Azərbaycanın mənafeyinə tam uyğun anlayış və prinsiplər üzərində qurulması müsbət tendensiya kimi qiymətləndirilə bilər. Ümumi götürsək, bu beynəlxalq təşkilatların bu tip sənədlərində Naxçıvan Muxtar Respublikası haqda müxtəlif müddəaların salınması bir neçə səbəbdən uğurlu sayıla bilər. Birincisi, Naxçıvan Muxtar Respublikasının uğurlu və faydalı model kimi sənəddə göstərilməsi, ilk növbədə, mövcud sistemin keyfiyyətindən xəbər verir. Bu həm də, bir növ, onun beynəlxalq səviyyədə təsdiqi kimi qəbul oluna bilər. Xüsusilə qeyd etməliyəm ki, hesabat müəllifi və bu sənədin hazırlanmasında iştirak etmiş ekspertlərin bu modeli “uğurlu və faydalı” sözləri ilə xarakterizə etmələri məsələ ilə bağlı apardıqları sosial, siyasi, iqtisadi və bir sıra digər indikatorların uzun müşahidələri əsasında sənəddə öz əksini tapmışdır. İkincisi, Naxçıvan muxtariyyətinin model kimi istifadəsinin faydalı olacağına və problemli, xüsusilə də “dondurulmuş” münaqişələrin həlli zamanı danışıqlarda istifadə olunması yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın ümumi mövqeyi ilə tam üst-üstə düşür. “Dondurulmuş münaqişə­lər”dən söz düşmüşkən, Dağlıq Qarabağ məsələsinə diqqətin yönəldilməsi üçün bu yaxşı imkan hesab olunurdu. Çünki məhz Azərbaycan tərəfi ərazisində “dondurulmuş” münaqişə kimi işğal faktorunun aradan qaldırılması üçün Dağlıq Qarabağa geniş muxtariyyət verilməsini mümkün sayır. Belə olduqda isə mövcud beynəlxalq hüquq normalarındakı hər iki təməl prinsipi, yəni ərazi bütövlüyü və öz müqəddəratını təminetmə prinsipi nəzərə alınır. Bu baxımdan bu tip sənədlər nə qədər çox olsa, bizi qane edən formul nə qədər çox sənəddə əks olunsa, bu sahədə Azərbaycanın mövqelərini möhkəmləndirən amillərin sayını artırmış olur. Üçüncüsu, bu həm də Naxçıvanı, burda aparılan işləri, sosial-iqtisadi sahədə qazanılan uğurları gözügötürməyən, bu inkişaf və tərəqqiyə hər vasitə ilə qara yaxmağa çalışan qüvvələrə də bir mesajdır ki, onların bütün səylərinə baxmayaraq, dünya ictimaiyyəti və xüsusilə Avropa Şurası kimi nüfuzlu təşkilat və onun müxtəlif qurumları Naxçıvandakı proseslərə və burdakı nailiyyətlərə yüksək və real qiymət verir.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR