26 Dekabr 2024, Cümə axşamı

Həyatda hər birimizin qürur duyduğumuz, müqəddəs sandığımız bir neçə anlayış var. Üstündə gəzdiyimiz, suyunu içdiyimiz, havasını udduğumuz, çörəyini yediyimiz Vətən məhz belə anlayışlardandır. Vətən! ən əziz adım, Vətən ən uca zirvəm... Hər zaman qürurla, uca səslə səsləndirdiyim kəliməmdir Vətən! Vətən tale töhfəsidir, Vətən bəşər övladının şanı-şərəfi, qeyrəti, namusudur... Bütün sevinclərimizin əzəli də ona bağlıdır, axırı da... Haradan başlanır Vətən? Vətən bizim evimizdən, küçələrimizdən, məhəllələrimizdən, kəndlərimizdən, şəhərlərimizdən başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır. Vətən, səsim çatandır, ünüm yetəndir. Məmməd Araz demişkən: “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”. İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Sonsuz ənginliklərə, doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər hələ beşikdə çırpınan balaca körpələrimizin ürkək qəlbləri ancaq bu nəğməni zümzümə edir. Vətən hər bir vətəndaşın doğulduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən bu xalqın evi, bu xalq da Vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır, gözümüzün ilk gördüyü torpaqdır. Ümummilli liderin fikrincə, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”-deyən və Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirərkən həyəcandan səsi titrəyən ulu öndərimiz Heydər Əliyevin Vətən sevgisi hər birimiz üçün örnəkdir.


Vətən sevgisi ən uca sevgidir...

Vətən, torpağında böyüyüb boya-başa çatdığımız,uğrunda hər zaman canımızdan keçməyə hazır olduğumuz bir ocaqdır. Diqqət edək: “uğrunda canımızı verəcəyimiz”. Yəni bir torpaq parçası üçün can fəda edilirsə, o torpaq Vətən torpağıdır. Şairin dediyi kimi: Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarımızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. İstər yeraltı, istər yerüstü sərvətlərimiz, bol bərəkətli torpaqlarımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Lakin bu torpağın yetirdiyi igid oğul və qızları qanları hesabına olsa da Vətənimizi gözbəbəyi kimi qoruyaraq bizlərə ötürmüşdür. O Vətən ki, hər qarışı bizim üçün sərvətdir. Hər birimiz üçün Vətən eşqi, müstəqillik əzmidir... Min illərdir ki, millət olaraq damarlarımızda axan, qanımızda, canımızda dövr edən həyat qaynağıdır bu sevgi. Yaşadıqca bizi yaşadan vicdan və amal meyarımızdır Vətən sevgisi.

Vətən deyincə axan sular durur, millət olduğumuzun fərqinə varırıq. Vətən sevgisi qəlb atışlarımızın dilimizi titrətməsidir. Özündən, dünyada var olan hər şeydən çox onu sevməkdir. Vətən sevgisi sevgilərin ən böyüyü, buludların arxasındakı sonsuzluq, içmizdə hiss etdiyimiz istilikdir. Vətən sevgisi insanları bir-birinə bağlayan ən güclü vasitədir. Bəlkə də, insanların ən önəmli qidası, bir millətin həyat fəlsəfəsi həyatın elə özüdür.Vətən xalqın beşikdən məzara qədər yaşadığı ən gözəl yer, milli varlığın sonsuza qədər yaşadıldığı gözəl bir məkandır.

Anaların dilindən səslənən vətənpərvərlik nəğmələri, körpələri gələcəyin əsl yurdsevər övladları kimi böyüdür

Hələ kiçik yaşlarımızdan valideyinlərimizin dilindən “Vətən anadır” kəlməsi eşidə-eşidə böyüyürük hər birimiz. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Artıq özümüzü dərk etdikdən sonra başa düşürük ki, bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə borcluyuq. Dünyaya ilk gələn körpələrə analar “oğlum, tez böyü, əsgər get” deyə-deyə laylalar çalırlar. Həyatı başa düşməyən, yalnız ana səsini hiss edib duyan körpələr bu laylaları eşitdikcə bu duyğular onların qanına hopur,necə deyərlər hakim kəsilir. Anaların dilindən səslənən vətənpərvərlik nəğmələri körpələri gələcəyin əsl yurdsevər övladları kimi böyüdür. Vətən bir millətin illər uzunu yaşadığı, adət-ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır,müqəddəsdir.

Azərbaycan xalqının vətəninə olan sevgisi və bağlılığı isə tarixi bir gerçəklik, xalqımızı digər xalqlar arasında üstün edən ən ali xüsusiyyətlərdən biridir. Bu bizə şanlı tariximizin ən qiymətli miraslarından biridir. Ata-babalarımızı əsrlər boyu atın tərkindən endirməyən bu ideal olmuşdur. Bu yolda heç bir çətinlik onları yollarından döndərməmiş, qan tökmüş, savaş vermişlər.

Üçrəngli bayrağımızı həsrət qaldığımız torpaqlarda dalğalandıracağımız gün yaxındadır...

Vətən mənim, sənin, bizim, sizin, hamımızındır. Vətəni olmaq həm də azadlıq deməkdir. Bu azadlığın əbədiliyi isə bizim olanın layiqincə sevilməsi, qorunması və nəsildən-nəslə ötürülməsidir. Bu gün Vətənimin işğaldan azad edilən hər bir torpağının sədasını eşitdikcə qəlblərimizə sığdıra bilməyəcəyimiz ruh yüksəkliyi hopur. Azərbaycan ordusu işğal altında olan bəzi ərazilərimizi artıq azad edib və düşmənə sarsıdıcı zərbələr endirməkdə davam edir. Düşmən unutmamalıdır ki, işğal altında olan torpaqlar bizimdir... Qarabağ Azərbaycandır. Qarabağ torpağı bizim əzəli torpağımızdır. Ali Baş Komandanımızın dediyi kimi: “...Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur,düşməni torpaqlrımızdan qovur,canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qaranağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub,tikib. Ancaq uzun illər ərzində -30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”.

Ölkə başçımızın bu fikirləri düşmənə daha da zərbə endirdi. Və artıq düşmən dərk etməlidir ki, Azərbaycan ordusu bütün torpaqlarımızı geri almağa qadirdir. Hər birimizin 30 ildir həsrətlə gözlədiyimiz arzu niyyətlərimizin hasil olacağına az qalır. Güclü ordumuz hər bir yeni gündə Qələbə xəbəri ilə müjdələyir bizləri. Bu Vətənin oğul və qızlarının üçrəngli bayrağımızı Kəlbəcərimizdə, Şuşamızda, Laçınımızda, Xankəndimizdə dalğalandıracağına əminik... Cənnətməkanımız olan doğma torpaqlarımızda zəfər nəğməsini hamılıqla səsləndirəcək, VƏTƏN QƏLƏBƏN MÜBARƏK OLSUN sözlərini uca səslə deyəcəyik.Elə yazımın bu yerində Məmməd Arazın misrası yadıma düşdü:

Bu gün gərək hər andımız Vətən desin

Qılıncımız, qalxanımız Vətən desin

Ölənlərin əvəzinə, qalanımız Vətən desin

Qoca millət hər andımız,amanımız

Əgər varsa zərrə qədər imanımız

İmanımız Vətən desin

Bəli, hər birimiz bu gün bir səslə Vətən deyirik... Ya Rəbb nə çox aslan yetirmisən bu ölkəyə deyə düşünürəm. Bu ölkənin aslanları Vətən deyir. Murovu, Füzulisi, Cəbrayılı Vətən deyir. Rahat uyu Məmməd Araz Azərbaycanımız VƏTƏN deyir... 

 

   Nuray ƏSGƏROVA

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR