Çilinin “Infogate” xəbər agentliyi Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş müşaviri Vasif Hüseynovun “Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, həm də beynəlxalq hüquqdadır” sərlövhəli məqaləsini dərc edib (bax: https://www.infogate.cl/2020/10/09/la-fuerza-de-azerbaiyan-no-esta-solo-en-el-campo-de-batalla-esta-en-el-derecho-internacional/)
Vasif Hüseynovun bu məqaləsində qeyd edildiyi kimi, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirir, Azərbaycan Ordusunun əks-hücumlarının qarşısında durmağa Ermənistanın canlı qüvvəsi və hərbi texnikası çatmır, Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpasını tələb edir.
Məqalədə diqqətə çatdırılır ki, 1994-cü ilin mayında Rusiyanın vasitəçiliyi ilə birinci Qarabağ müharibəsinə son qoymuş atəşkəs barədə müqavilə bağlanandan 26 il sonra bu il sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında münaqişə yenidən genişlənərək az qala tammiqyaslı müharibəyə çevrildi. Münaqişənin eskalasiyası ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların iflasa uğramasından sonra başlayıb. Bu gün Azərbaycan ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünün bərpası tələbi ilə mübarizəni davam etdirir.