26 Dekabr 2024, Cümə axşamı

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

Bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı bəyan etdi ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”.

“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini dəfələrlə bütün dünyaya bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da öz prinsipial mövqeyindən dönməyəcək.

Bu fikirləri hər zaman beynəlxalq kürsülərdən bəyan edən dövlət başçısı İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclası zamanı Qoşulmama Hərəkatının sədri kimi videoformatda çıxışında bir daha dünya ictimaiyyətini Ermənistanın işğalçılıq siyasəti, eləcə də son vaxtlar əsassız iddiaları və beynəlxalq hüquqa zidd addımları haqqında xəbərdar edərək bildirib ki, Ermənistan BMT qarşısında öz öhdəliklərini 30 ilə yaxındır kobud şəkildə pozmuş, Azərbaycana qarşı hərbi güc vasitəsilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir.

1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib.

Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozmuş və “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbə olmuşdur. Bununla yanaşı, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Dövlət başçısı bildirib ki, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Təcavüzkarın ritorika və təxribatlarının davam etməsi ilə Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirdiyini diqqətə çatdıran dövlət başçısı BMT-ni və bütövlükdə beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə çağırış edərək deyib ki, gərginliyin artırılmasına görə məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bunun ardınca Prezident İlham Əliyev sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı bir daha dünya birliyinin diqqətinə çatdırıb ki, Ermənistan Beyrutdakı partlayışdan sonra vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə qanunsuz məskunlaşdırma siyasəti ilə məşğuldur və bu da 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır, eləcə də müharibə cinayətidir. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onlardan Azərbaycana qarşı istifadə edir, eləcə də erməni ASALA terror təşkilatının işğal edilmiş Azərbaycan ərazilərində olması ilə bağlı etibarlı məlumatlar var.

Ancaq bütün bu xəbərdarlıqlara beynəlxalq birlik tərəfindən heç bir reaksiya olmadı, Ermənistana qarşı heç bir tədbir görülmədi. Elə bu səbəbdən, cəzasızlıqdan istifadə edərək 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusu bu hərbi təcavüzə cavab olaraq Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir və xalqımız bütünlüklə Ali Baş Komandanın ətrafında səfərbər olub. Azərbaycan ərazilərinin azad olunması uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra yaşayış məntəqələrimizin işgalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaradıb. Azərbaycan Ordusunun müxtəlif qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində Cəbrayıl şəhəri və bir sıra kəndlərimiz, əlverişli yüksəkliklər və ərazilər azad olunub.

Sentyabrın 29-da “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırarkən Azərbaycan Prezidenti cəbhə bölgəsindəki real vəziyyət barədə ciddi faktları və əsaslandırılmış informasiyaları, konkret mesajları Rusiya, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ermənistanın baş nazirinin verilişdəki çıxışı isə ənənəvi feyk xarakterli, cəfəng məlumatlar əsasında quruldu.

Bunun davamı olaraq Azərbaycan Prezidentinin son günlər ərzində “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global” televiziya kanallarına verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlət başçısının son müsahibələri informasiya müharibəsində Azərbaycanın ədalətli mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində olduqca önəmlidir.

Bununla yanaşı, Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini, habelə müharibə cinayətlərinin mahiyyətini açmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq kürsülərdən konkret faktlarla təcavüzkarı ifşa edir. Eyni zamanda, Azərbaycan Prezidenti hər zaman hücum diplomatiyasına və milli maraqlara əsaslanan siyasət həyata keçirərək Ermənistanın 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti və bunun bütün region üçün yaratdığı ciddi təhdidləri məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Dövlət başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Bu baxımdan, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ var və bundan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırarkən deyib: “Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.

Bu baxımdan, bir sıra aparıcı beynəlxalq KİV-lərə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırıb, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin zəfər çalacağını şərtləndirib.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR