Cənubi Qafqaz respublikaları ilə Тürkiyə arasında bağlanmış Qars müqaviləsinin imzalanmasından 99 il ötür. 1921-ci il oktyabrın 13-də imzalanan və Moskva müqaviləsindəki müəyyənləşdirilmiş müddəalarla üst-üstə düşən Qars müqaviləsi ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olunmuşdur. Müqaviləyə görə, Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getməyərək şimal-şərq sərhədlərini qoruyub saxlamış, Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapmışdır.
XX əsrin 1918-20-ci illərində Azərbaycanda və onun Naxçıvan bölgəsində vəziyyət çox mürəkkəbləşmişdi. Mövcud vəziyyətdə Azərbaycandan lazımi köməyi ala bilməyən Naxçıvanın təkləndiyini görən azğın erməni daşnakları hərbi və siyasi yolla qədim diyarı işğal etmək istəyirdilər. Böyük dövlətlərə arxalanan ermənilər Naxçıvana hücumlar edir, şəhər və kəndləri dağıdırdılar. Ağlasığmaz vəhşiliklər və qırğınlar törədən erməni daşnakları Naxçıvan bölgəsində azərbaycanlıların inadlı müqavimətinə rast gəlmişdilər.
“Böyük Ermənistan” yaratmaq üçün bir sıra ərazilərə əsassız şəkildə iddialı olan ermənilər Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdilər. 1918-1920-ci illərdə ermənilər Naxçıvanda soyqırımlar törətmiş, lakin əhalini tabe edə bilməmişdilər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqavilədə isə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur Ermənistana güzəşt edilmişdi. Ermənistan-Türkiyə müharibəsində daşnakların məğlubiyyəti nəticəsində Türkiyənin regionda hərbi və siyasi nüfuzunun artması Sovet Rusiyasını Ermənistanı tezliklə sovetləşdirməyə məcbur etmiş və 1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradılmışdır. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etmişdir. Rusiyanın diktəsi ilə yazılmış bəyanat iki sovet respublikası arasında ərazi mübahisələrinin Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Buna görə də həmin bəyanat Naxçıvan və Zəngəzurun müsəlman əhalisinin güclü narazılığına səbəb olmuşdur. Ermənilərin alçaq niyyətlərinə təcrübədə bələd olan Naxçıvan əhalisi bu diyarın Azərbaycandan qoparılmasına qarşı etiraza qalxmış, eyni zamanda bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılanmışdır.Vəziyyətin kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərmişdir. Naxçıvana gələn Behbud ağa Şahtaxtinski burada yerləşən türk nümayəndələri ilə birgə Naxçıvanın Ermənistan tərəfindən nəzarətə götürülməsinin qarşısını almaq üçün fəaliyyətə başlamışdır.
Behbud ağa Şahtaxtinskinin keçirdiyi mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR-in himayəsində müstəqil sovet respublikası kimi təşkil edilməsi arzusunda olduqlarını bildirmişdi. Ermənistan Respublikası Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyib diplomatik fənd işlətmiş və Naxçıvanı 1920-ci il 28 dekabr bəyanatı ilə müstəqil sovet respublikası kimi tanıdığını bildirmişdi. Bəyanatda daşnakların ona qarşı ərazi iddialarından imtina edildiyi göstərilmişdir. Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bolşevik rəhbərlərinin bir sıra üzvlərinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qalmışdır. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruriləşdirdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi.
Naxçıvanın Ermənistana güzəştə gedilməsinə qarşı çıxan Behbud ağa Şahtaxtinskinin fəaliyyəti əvəzsizdir. Onun Rusiya Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninə göndərdiyi 1 mart 1921-ci il tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir. O bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən ciddi narahatlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Behbud ağa Şahtaxtinskinin təklifləri V.İ.Lenini maraqlandırmış və o, məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi. Bu zaman Türkiyə nümayəndə heyəti Rusiya ilə danışıq aparmaq və müqavilə bağlamaq üçün Moskvaya gəlmişdi. Fevralın 26-da başlayan danışıqlar martın 16-da “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi ilə nəticələnmişdir. Müqavilə 16 maddə və 2 əlavədən ibarət idi. Həmin gün RK(b)P MK Siyasi Bürosu Behbud ağa Şahtaxtinskinin təkliflərini bəyənərək Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikası yaradılması haqqında qərar qəbul etmişdi. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Müqavilənin şərtlərinə görə, Azərbaycan onun protektaratını üçüncü dövlətə verə bilməzdi. Bu şərt Türkiyə tərəfinin təkidi ilə qəbul edilmişdi və gələcəkdə Naxçıvanın Ermənistana verilməsinin qarşısını almaq məqsədi daşıyırdı.
Moskva müqaviləsinə görə, Naxçıvanın sərhədləri (1C) əlavəsində göstərilən şəkildə müəyyən edilmişdi: Ararat stansiyası (8930-3080) – Saray bulaq dağı (8071) – Kömürlüdağ (8839) – Sayat dağı (7868) – Qurdqulaq kəndi – Həməsür dağı (8160) – yüksəklik (8022) – Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi.
Moskva müqaviləsinin imzalanmasının böyük tarixi əhəmiyyəti vardır. Bu müqavilə Azərbaycanın bütövlüyünü qorumuş və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirmişdir.
Sovet Rusiyası ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə Cənubi Qafqaz respublikaları arasında mübahisəli olan bir çox məsələlər öz hüquqi həllini tapmışdır. Bundan sonra Rusiya çalışırdı ki, Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında vahid müqavilə imzalansın. Lakin Türkiyə istəyirdi ki, üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə imzalasın. 1920-1921-ci illərdə Cənubi Qafqazın tam sovetləşdirilməsi və bu respublikalarda siyasi hakimiyyətin faktiki olaraq Sovet Rusiyasının nəzarətinə keçməsi Türkiyəni Sovet Rusiyasının təklif etdiyi formatda müqavilə imzalamağa məcbur etmişdir.
Aparılan diplomatik danışıqlar və yazışmalardan sonra Türkiyə ilə üç Cənubi Qafqaz respublikası arasında Rusiya nümayəndəsinin iştirakı ilə konfransın 1921-ci il sentyabrın 26-da Qars şəhərində keçirilməsi razılaşdırılmışdır. AK (b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli Qərarı ilə xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olunmuşdur. Azərbaycan diplomatiyası çalışırdı ki, Qarsda güclü təmsil olunsun. Behbud ağa Şahtaxtinskinin konfransda iştirakı faktının özü Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan, S.Orconikidze hələ 1921-ci ilin iyununda Behbud ağa Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Nəriman Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində Behbud ağa Şahtaxtinski fəaliyyətini davam etdirə bilmişdi. Naxçıvan SSR Xalq Komissarları Soveti Qars konfransında Naxçıvan ölkəsinin mənafeyini müdafiə etmək üçün isə Tağı Səfiyevi ora ezam etmişdi.
Qars konfransı 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək keçirilmişdir. Açılışda Kazım Qarabəkir Paşa, Yakov Qanetski və Askanaz Mravyan çıxış etmişlər. Qars danışıqları çox gərgin və prinsipial keçmiş, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etmişlər. Türkiyə nümayəndə heyəti üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə bağlamağı təklif edirdi. Kazım Qarabəkir Paşa bunu belə əsaslandırırdı ki, “Moskva hökuməti Güney Qafqaz respublikalarını müstəqil tanıdığını bildirir. Ona görə də biz onların hər biri ilə müstəqil dövlət kimi ayrıca müqavilə bağlamaq istəyirik”.
RSFSR-in nümayəndəsi Y.Qanetski bir ümumi müqavilənin bağlanmasında israr edir və xeyli sayda dəlillər gətirirdi. Əslində isə Y.Qanetskinin gətirdiyi dəlillər Rusiyanın bu respublikaların xarici siyasətini ləğv etmək, özünə birləşdirmək, gələcəkdə isə vahid dövlət yaratmaq niyyətlərinə xidmət edirdi. Nəhayət, Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qarsda müqavilə imzaladı. Müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaş hüquqları məsələlərinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və hərbi ərazilərin dəyişdirilməsinə, razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdu.
Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit edilmişdi. Moskva müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyənləşdirilmişdir. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.
Naxçıvanın ərazisi müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəm dərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək, “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və nəhayət, keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində qurtarır”.
Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etmişdir. Qars müqaviləsi müddətsiz imzalanmışdır. Bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir.
Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərir, Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edirdi. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verilmişdir. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası, Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən, 657 kvadratkilometr sahə Ermənistana verilmişdir. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilmiş və Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi keçən əsrin 20-90-cı illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
Qars müqaviləsində muxtariyyətin əsası qoyulmuş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmişdir. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
1926, 1937 və 1978-ci illərdə Naxçıvan MSSR-in konstitusiyaları qəbul edilmişdir. Bu konstitusiyalarda Naxçıvan MSSR-in siyasi, hüquqi və iqtisadi sisteminin əsasları müəyyən edilmişdir. Müstəqillik dövründə isə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Bu Konstitusiyada Naxçıvan Muxtar Respublikasının statusu “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır” şəklində təsbit olunmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasını daim diqqətdə saxlayaraq demişdir: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
1991-ci il yanvarın 11-də ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırmışdır. Bu, Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrlə qorunması faktının aktuallaşdırılması ilə yanaşı, muxtar respublikanın məruz qaldığı hərbi müdaxilə təhlükəsindən diplomatik yolla qorunmasına şərait yaratmışdır.
Bu gün Naxçıvan Muxtar Respublikası özünün sürətli inkişaf dövrünü yaşayır. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq ideyaları qədim diyarımızda uğurla həyata keçirilərək blokada şəraitində inkişafın yeni nümunəsini ortaya qoymuşdur. Ötən dövrdə ərzaq təhlükəsizliyi ilə bərabər, enerji və müdafiə təhlükəsiziliyi sahələrində də böyük nailiyyətlər əldə olunmuşdur. Ən əsası isə bu gün Naxçıvan tarixin heç bir dövründə bu qədər güclü orduya və inkişafa nail olmamışdır. İndi Naxçıvan öz ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən təhdidi layiqincə dəf etməyə qadirdir. Müxtəlif zamanlarda, elə bu günümüzdə də Naxçıvana qarşı davam etdirilən erməni iddialarının isə heç bir hüquqi əsası yoxdur və bu iddialar beynəlxalq hüquq normalarına ziddir. Həm Moskva, həm də Qars müqavilələri Naxçıvanın toxunulmazlıq hüququnun əsasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Moskva və Qars müqavilələrində muxtariyyətin əsasları, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunmuş, bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ təsbit edilmişdir”.
“Şərq qapısı”