26 Dekabr 2024, Cümə axşamı

Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyev çıxış edərək bildirib ki, ötən yüz il ərzində nazirlik böyük tarixi yol keçib. Ötən 28 il ərzində intibah dövrünü yaşayan muxtar respublikanın maliyyə sistemi bu gün müasir tələblər səviyyəsində fəaliyyət göstərən, istər infrastruktur, istərsə də institusional cəhətdən böyük inkişaf yolu keçmiş təkmil bir quruma çevrilib.
Qeyd edilib ki, muxtar respublikada həyata keçirilən maliyyə siyasəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyən etdiyi konkret istiqamətlər əsasında formalaşır. Müəyyən edilmiş istiqamətlərin icrası yönündə bu gün Maliyyə Nazirliyi tərəfindən kompleks tədbirlər aparılır ki, bütün bunların hamısı məhz ötən dövr ərzində yaradılmış infrastruktur və aparılmış təşkilati işlər hesabına mümkün olub.

Vurğulanıb ki, ötən dövr ərzində nazirliyin maddi-texniki bazasının formalaşdırılması ilə yanaşı, Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində təşkilati işlər həyata keçirilib və struktur islahatları aparılıb. Nəticədə, bu gün Maliyyə Nazirliyində iş müasir tələblər səviyyəsində qurulub, onun funksiyalarının böyük əksəriyyəti elektron sistemlərə inteqrasiya olunub və bu işlər sürətlə davam etdirilir. Nazirliyin Operativ Nəzarət Portalı muxtar respublikada dövlət büdcəsindən maliyyələşən və maliyyə yadımı alan bütün təşkilatları vahid ünvanda birləşdirib. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yüksək səviyyədə yaradılmış şəraitdən bundan sonra da səmərəli istifadə edərək, dövlət büdcəsi vəsaitlərinin vicdanla və ləyaqətlə qorunmasını təmin edəcək, muxtar respublika rəhbəri tərəfindən göstərilən qayğıya əməli işlə cavab verəcəkdir.
Sonra nazirliyin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi Rəsul Rəsulov “Maliyyə Nazirliyinin 100 illik fəaliyyəti dövründə keçdiyi yol”, baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov “Maliyyə Nazirliyinin gələcək fəaliyyəti və müasir şəraitdə maliyyə siyasətinin əsas istiqamətləri” mövzularında çıxış ediblər.
Sonda nazirlik əməkdaşlarına fəxri fərmanlar və pul mükafatları, hədiyyələr təqdim edilib. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin fəaliyyətini əks etdirən videoçarxa baxış olub.

- Güntac ŞAHMƏMMƏDLİ

*   *   *

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbirdə Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli Qərarına əsasən Naxçıvanda ilk Təhsil Şöbəsi yaradılmış və həmin şöbə 24 dekabr 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Naxçıvanda Əlahiddə İdarəsinə, 18 yanvar 1924-cü il tarixdə isə Xalq Maarif Komissarlığına çevrilmişdir. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 30 mart 1946-cı il tarixli Fərmanı ilə Naxçıvan MSSR Xalq Maarifi Komissarlığının adı dəyişdirilərək Naxçıvan MSSR Maarif Nazirliyi adlandırılmış, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 16 dekabr 1988-ci il tarixli Fərmanı ilə onun bazasında Naxçıvan MSSR Xalq Təhsil Nazirliyi yaradılmışdır. 3 dekabr 1990-cı ildən isə həmin nazirlik Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi adlanır.
Diqqətə çatdırılıb ki, müstəqillik illərinin ilk dövründən başlayaraq yeni inkişaf yoluna qədəm qoyan muxtar respublikamızda ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanan müasir təhsil modeli formalaşdırılıb, bu sahəyə böyük əhəmiyyət verilməsi təhsilin yüksəlişinə səbəb olub.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü 1,5 dəfə, aylıq vəzifə maaşları 2 dəfə, 2019-cu il sentyabrın 1-dən isə əməkhaqları 20 faiz artırılıb.
Təhsil naziri qeyd edib ki, muxtar respublikamızda təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, 1995-1996-cı tədris ilində məzunların 401-i, yaxud 31 faizi 2019-2020-ci tədris ilində isə məzunların 1919-u, yaxud 70 faizi respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 1995-1996-cı tədris ilində 5 məzun 500-700 bal arası nəticə göstərmişdirsə, 2019-2020-ci tədris ilində bu nəticəni göstərənlərin sayı 275 nəfərə çatmışdır.
Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Esmira Həsənova və Culfa rayon Göydərə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Asudə Məmmədova çıxış edərək muxtar respublikamızda müəllim əməyinə verilən qiymətdən, müəllimlərə göstərilən dövlət qayğısından danışıb, Naxçıvan gəncliyini yüksək səviyyədə himayə etdiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildiriblər.
Tədbirin sonunda təhsildə fərqlənənlər fəxri fərman, hədiyyə və pul mükafatı ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

*   *   *

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə nazir Nicat Babayev çıxış edərək nazirliyin zəngin tarixi inkişaf yolu keçdiyini qeyd edib.
Nazir bildirib ki, 10 oktyabr 1920-ci ildə əhalinin sosial müdafiəsinin təşkil olunması məqsədilə Naxçıvanda Sosial Təminat Şöbəsi yaradılıb. Tarixin sonrakı inkişaf mərhələlərində idarəetmə quruluşunun dəyişməsinə müvafiq olaraq bu təşkilat müxtəlif adlarla fəaliyyət göstərib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il 3 aprel tarixli Fərmanı ilə sözügedən qurum Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlandırılıb. Sonrakı illərdə bu sahədə təmin edilən davamlı inkişaf, müvafiq Dövlət proqramları çərçivəsində görülmüş tədbirlər insanların sosial müdafiəsinin daha etibarlı qorunmasına səbəb olub.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikamızda əmək resurslarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sosial müdafiəyə ehtiyacı olan şəxslərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, xüsusi qayğıya ehtiyacı olan insanlara mənzillər və avtomobillər təqdim olunur. Görülən bu işlərlə yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyasının günün tələbləri səviyyəsində təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə muxtar respublikada Naxçıvan Əlillərin Bərpa və Uşaq Bərpa mərkəzləri istifadəyə verilib və hər iki mərkəz yeni tibbi avadanlıqlarla təchiz olunub.
Nazirlik strukturunun təcrübəli əməkdaşlarından olan Bayram Nəcəfov çıxış edərək artıq 20 ildir, burada çalışmasından və ölkəmizdə kadr hazırlığına verilən yüksək qiymətdən danışıb.
Gənc əməkdaş Nazim Nəcəfov isə çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin nazirliyin hamiliyinə verilən Sosial iş ixtisasının tələbəsi kimi nazirlikdə praktik işlərə cəlb olunub və vətəndaşlara göstərilən xidmət, qayğı və iş prinsipi sonradan bu sahədə işləməyə ona əlavə stimul verib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi imtahanlar vasitəsilə ötən ilin mart ayından Babək Rayon Məşğulluq Mərkəzində baş məsləhətçi kimi əmək fəaliyyətinə başlayıb.
Sonda nazirlik strukturunun bir qrup əməkdaşı səmərəli fəaliyyətinə görə fəxri fərman, hədiyyə və pul mükafatı ilə təltif olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

*   *   *

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən tədbiri xidmətin rəisi Müslüm Cabbarzadə açaraq bildirib ki, Naxçıvanda ilk dəfə yerli İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı ilə İnqilab Komitəsinin nəzdində Torpaq şöbəsi yaradılıb. Naxçıvan Diyar İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1923-cü il 2 mart tarixli qərarı ilə həmin qurum “Torpaq şöbəsi” adlandırılıb. 18 yanvar 1924-cü ildə Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Torpaq Komissarlığı yaradılıb.
Qeyd olunub ki, 1969-cu ildə Azərbaycanda ali rəhbərliyə yüksələn ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycan Respublikasının aqrar-sənaye komplekslərinin sürətli inkişafını təmin edən istiqamətləri müəyyənləşdirib, ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatında da mühüm irəliləyişlərin əsası qoyulub.
Diqqətə çatdırılıb ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli Fərmanı ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti yaradılıb və 2020-ci il 17 iyun tarixli Fərmanla xidmətin Əsasnaməsi təsdiq edilib. Ötən dövrdə xidmət müasir iş şəraiti ilə təmin edilib, xidmətin aparatı və yerli qurumları 7 “NAZ Lifan”, 1 “NİVA” markalı yeni avtomobillərlə təmin olunub, 12 dəst elektron texometr və 12 dəst GPS alətləri əməkdaşların istifadəsinə verilib. Həmçinin vətəndaşlara səyyar xidmətlərin göstərilməsi məqsədilə xüsusi avtomobil ayrılıb, müasir geodeziya ölçmə avadanlıqları, kompüter dəsti və POS-terminalla təchiz olunub. Xidmət əməkdaşlarının əməyi yüksək qiymətləndirilərək 2 nəfər “Naxçıvan Muxtar Respublikasınm Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb, 1 nəfər “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı, 1 nəfər “Tərəqqi”, 4 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Xidmətin rəisi qarşıya qoyulan vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyini bildirib, kollektivə uğurlar arzulayıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

- Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR