Əlbəttə ki, Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.
Bu sözləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, dayanıqlı atəşkəsin təmin edilməsi üçün, ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq.