22 Dekabr 2024, Bazar

Hər il ölkəmizdə 10-17 noyabr tarixi “Tələbə-gənclər həftəsi” kimi qeyd olunur.
Ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər gənclərə göstərilən diqqət və qayğını daim dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Bu sahənin hüquqi bazasının yaradılması, gənclərlə işin daha da təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılmış, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmışdır. 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalanmış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, müxtəlif illərdə “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” Sərəncam, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə”, “Ordudan tərxis olunmuş gənc­lərin məşğulluğu” Dövlət proqramları qəbul edilmiş, gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına geniş imkanlar açılmış, bu sahədə əsas vəzifə və məqsədlər müəyyənləşdirilmişdir.

Gənclərin hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında mühüm yer tutduğunu qeyd edən ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”.
Ulu öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Dövlət başçısının 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı, Azərbaycan gənclərinin növbəti forumlarının keçirilməsi, 2007-ci ilin “Gənclər ili” elan olunması gənclərin və yeniyetmələrin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənc­lərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması və gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb edilməsinə mühüm töhfələr vermişdir. “Xüsusi istedada malik olan uşaqların (gənc­lərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Pro­qramı (2007-2012-ci illər)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” gənc­lərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsinə, yaradıcılıq potensialının aşkara çıxarılmasına və inkişaf etdirilməsinə, intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənc­lərin seçilməsinə və müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük töhfələr vermişdir.
Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də təhsil sahəsində aparılan islahatlardır. Ölkəmizin hər yerində müasir standartlara cavab verən yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, ali təhsil müəssisələrinin müasir avadanlıqlarla təmin edilməsi bunu bir daha sübut edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, hər il xarici ölkələrdə təhsil almağa göndərilən gənclərin sayı artır. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda insan kapitalının inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan gəncliyinin savadlı böyüməsinin vacibliyini qeyd edərək demişdir: “...Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır”.
Dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət pro­qramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənc kadrların irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir. Muxtar respublikamızda kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, olimpiya idman kompleksləri, idman mərkəzləri və digər zəruri obyektlər tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilmişdir. Eyni zamanda gənclərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması da daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Pro­qramı (2006-2010-cu illər)”nın icrası uğurla başa çatdırılmışdır.
Son illər ərzində muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, stadionların, süni örtüklü mini-futbol meydançalarının, orta məktəblərdə idman zallarının və sadətipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclərin cəmiyyət həyatında mühüm rol oynadığını bildirərək demişdir: “Hər bir ölkənin gələcəyi cəmiyyətin ictimai-siyasi həyatında aparıcı rol oynayan gəncliyin əlindədir. Gənc nəslin sağlam ruhda böyüməsi, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması çox vacibdir”. Bu gün muxtar respublikamızda gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir.
Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanları ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması regionumuzda gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq Ali Məclis Sədrinin sərəncamı ilə idman və mədəniyyət sahələrində fəaliyyət göstərən 3 nəfər istedadlı gənc xüsusi təqaüdə layiq görülmüşdür. Bundan başqa, Naxçıvan şəhərində Gənclər Mərkəzi inşa olunur ki, bu da gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənc­lərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malik bir addımdır.
Muxtar respublikada tələbə-gənc­lər həftəsi də hər il yüksək səviyyədə qeyd olunur. Bu məqsədlə müvafiq qurumlar tərəfindən tədbirlər planı hazırlanır, ali və orta ixtisas məktəbləri ilə birlikdə silsilə tədbirlər keçirilir. Bu il tələbə-gənclər həftəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi birlikdə tədbirlər planı hazırlamışdır. Tədbirlər planında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müxtəlif müsabiqələrin, idman yarışlarının və digər mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Keçirilən bu tədbirlər gənclərin asudə vaxtının səmərəli təşkili və onların inteqrasiyası baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyev gənclər qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəsiz ki, bizim ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir”. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəal iştirak edir. Eyni zamanda Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyür.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR