27 Dekabr 2024, Cümə

Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfərdən sonra Mingəçevir şəhərinə gəliblər.

Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.

Səfərin məqsədi xarici diplomatları erməni vəhşiliyi - Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan diplomatlara məlumat verilib ki, işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutub. Belə ki, düşmən oktyabrın 11-də Gəncə ilə yanaşı, gecə saat 4 radələrində cəbhə zonasından 100 kilometrdən çox uzaqda yerləşən və 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərini də hədəf alıb, mülki əhalinin sıx yaşadığı məntəqələr raket zərbələri ilə atəşə tutulub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin əsl məqsədi dinc sakinlərlə yanaşı, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyasını atəşə tutmaq olub. Raketlərin ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində baş verə biləcək regional fəlakətin qarşısı alınıb. Ümumiyyətlə, sentyabrın 27-dən bəri düşmən tərəfindən Mingəçevir şəhərinə atılan raketlərin bir neçəsi yaşayış yerlərinə düşüb. Nəticədə dinc sakinlər yaralanıb, eyni zamanda, evlərə külli miqdarda ziyan dəyib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücumları regionda enerji və ekoloji təhlükəsizliyinə qarşı yönəlmiş növbəti cinayət hadisədir.

Qeyd edək ki, oktyabrın 12-nə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində, ümumilikdə, 41 mülki şəxs qətlə yetirilib, 207 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 148, çoxmənzilli yaşayış binalarının sayı 57, yaşayış evlərinin sayı isə 1185-dir.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR