Noyabrın 8-də Naxçıvan şəhərində Dövlət Bayrağı Günü münasibətilə yürüş-konsert təşkil edilmişdir.
Yürüşdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, Naxçıvan Qarnizonunun Nümunəvi Hərbi Orkestri Azərbaycan Respublikasının Dövlət himnini səsləndirmişdir.
Tədbirin aparıcısı qeyd etmişdir ki, dövlətçiliyimizin simvoluna çevrilən üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabrın 17-də müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Dövlət bayrağı kimi qaldırılmış və bununla bağlı qərar qəbul edilmişdir. O zaman qəbul olunan üçrəngli bayrağımız müstəqilliyimizin əzəmətinə və simvoluna çevrilmişdir. Ona görə də bu gün Dövlət bayrağımızın ilk qəbul olunduğu tarixi məkan kimi muxtar respublikamızda Bayraq Günü böyük qürur hissi ilə qeyd edilir. Bu gün Naxçıvan şəhərində keçirilən yürüş də Dövlət Bayrağı Gününə həsr olunmuşdur.
Bayraq dövlətin şərəfidir, qüdrətidir. Bayraq xalqın müstəqillik və suverenlik rəmzidir. Vətən torpağı üzərində dalğalanan Dövlət bayrağımız milli qürurumuzdur. Ona görə də bu bayrağa ehtiram göstərilməsi hər bir vətəndaşın müqəddəs borcudur. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycan bayrağı müstəqil dövlətimizin rəmzidir. Gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun”.
705 saylı hərbi hissənin, “Naxçıvan” Sərhəd Diviziyasının, Daxili Qoşunların Naxçıvan Alayının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının nümunəvi bölmələrinin, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondunun fəallarının, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin üzvləri və gənc idmançıların, Heydər Əliyev adına tam orta məktəbin şagirdlərinin, 705 saylı tam orta məktəbin “Şahin” və “Cəsurlar”ının qatıldığı yürüşə Heydər Əliyev Muzeyinin önündən start verilmişdir. Yürüş iştirakçıları Heydər Əliyev Sarayına qədər olan məsafəni və geri – Heydər Əliyev Muzeyinə qədər olan yolu təntənəli marş sədaları altında nizami addımlarla qət etmişlər.
Mindən çox gəncin qatıldığı yürüş şəhər sakinləri tərəfindən alqışlarla qarşılanmışdır.
Sonra Heydər Əliyev Muzeyinin önündə Naxçıvan Qarnizonunun Nümunəvi Hərbi Orkestrinin konserti olmuşdur.
Səbuhi HÜSEYNOV