Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının 2020-ci ilin 9 ayı ərzində gördüyü işlərin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı yığıncağı keçirilib. Yığıncaqda şuranın sədri, istefada olan polis polkovniki Yusif Həsənov hesabat məruzəsilə çıxış edib.
Qeyd olunub ki, ötən dövr ərzində planlaşdırılan tədbirlər vaxtında həyata keçirilib. Şura tərəfindən hər ay aktual mövzularla bağlı istiqamətləndirici tövsiyələr hazırlanaraq ərazi polis orqanlarında fəaliyyət göstərən Veteran şuralarına göndərilib.
Vurğulanıb ki, hesabat dövründə şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin gücləndirilməsində, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi istiqamətində həyata keçirilən tədbirlərdə veteranların yaxından iştirakı təmin olunub. Əhalidə qanunsuz saxlanılan silahların yığılmasında, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində, mülki hüquqi öhdəliklərdən yayınan şəxslərin yerlərinin müəyyən olunmasında, münaqişəli ailələrin maarifləndirilməsində, elektrik enerjisinin və təbii qazda qanunsuz istifadənin qarşısının alınmasında polis veteranları fəallıq göstəriblər.
Məruzə ətrafında ərazi Veteranlar şuraları sədrlərinin çıxışları olub.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, general Fazil Ələkbərovun çıxışı dinlənilib. Bildirilib ki, 2020-ci ilin 9 ayı ərzində əvvəlki illərdə olduğu kimi muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi inkişafında bütün parametrlər üzrə iqtisadi sabitliyə, davamlı inkişafa və təhlükəsizliyə nail olunub. Bu müddətdə yeni infrastruktur layihələrin həyata keçirilməsi iqtisadiyyatın çoxşaxəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və sosial proqramların uğurla icra olunmasına şərai yaradıb. Bütün sahələrdə əldə olunan dinamik sosial-iqtisadi inkişaf Daxil İşlər Nazirliyini də əhatə edib, maddi-texniki bazanın gücləndirilməsi üçün xeyli sayda xüsusi-texniki avadanlıqlar və avtomobil texnikası alınıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilən siyasi strategiya nəticəsində muxtar respublikada dayanıqlı xarakter almış ictimai-siyasi sabitlik daxili işlər orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini və yüksək nəticələr əldə etməsini stimullaşdırıb.
Nazir diqqətə çatdırıb ki, istefada olan veteranlarımız bu gün də hərtərəfli qayğı əhatəsindədir. Bunun ifadəsidir ki, oktyabr ayının 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda, eləcə də hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə mənzil, 3 nəfərə isə avtomobillər verilib.
Fazil Ələkbərov deyib ki, polis veteranları cəmiyyətdə aparıcı qüvvə kimi milli maraqlarımızın, adət ənənələrimizin və dövlət siyasətinin təbliğatçısı kimi çıxış edərək çətin, şərəfli və uzunmüddətli xidmət nəticəsində əldə etdikləri zəngin peşə təcrübələrini, yüksək mənəvi keyfiyyətlərini gənc nəslə çatdırır, onların sadiq, vətənpərvər insanlar kimi yetişdirilməsində fəal iştirak edirlər.
Nazir şuralar qarşısında bir sıra vəzifələr qoyub. Bildirib ki, polis veteranlarının imkanlarından milli və dövləti maraqlarını təmin olunması istiqamətində geniş istifadə edilməli, veteranlarımız mütəmadi olaraq dövlət əhəmiyyətli aktual mövzularla kütləvı informasiya vasitələrində çıxışlar etməlidirlər.
Hamilik işinin təşkilində, peşəkar kadr potensalının formalaşdırılması və şəxsi heyət arasında mənəvi-psxoloji durumun daha da yüksəldilməsi istiqamətində, xidmətə qəbul üçün seçilmiş namizədlərin öyrənilməsində veteranların köməyindən istifadə olunmalıdır.
Polis veteranları muxtar respublikanın hər bir guşəsini əhatə edən quruculuq-abadlıq işlərinə də aktiv cəlb edilməli, mövcud infrastrukturun qorunması və təmizlik işlərinin aparılmasında bilavasitə iştirak etməklə əhali arasında maarifləndirici-profilaktiki söhbətlər aparmalıdırlar. Həmçinin onlar ictimai-siyasi vəziyyətlə də ciddı maraqlanmalı, sosial şəbəkələrdə yayılan həqiqətə uyğun olmayan məlumatların təkzib olunması istiqamətində aktiv fəlaiyyətləri olmalıdır.
Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasında gündəmdə dayanan ən vacib məsələ torpaqlarımızın işğaldan azad olunması istiqamətində ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında əks-hücum, döyüş əməliyyatları keçirməsinə xalqımızın müxtəlif təbəqələri tərəfindən ifadə olunan dəstək və birbaşa döyüş əməliyyatlarında iştirakıdır. 1988-1994-cü illərdə erməni silahlı birləşmələrinin torpaqlarımıza hücumu zamanı Azərbaycan polisinin tərkib hissəsi olan Naxçıvan daxili işlər orqanlarının əməkdaşları muxtar respublikamızın, mahiyyət etibarı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Bu yolda Naxçıvan polisi 17 nəfər şəhid verib, xeyli sayda yaralılarımız olub. Həmin döyüşlərdə iştirak edən polislər bu gün veteranlardır. Nazir polis orqanlarının rəisləri və Veteranlar Şurasının sədri tərəfindən indi də siz torpaqlarımızın müdafiə olunmasında iştirak etmək arzusunda olmaları barədə məlumat aldığını bildirərək muxtar respublikamızın müdafiəsində Naxçıvan polisinin 1988-1994-cü illərdə göstərdiyi şücaəti təkrar etməyə hazır olmasını qürurverici hal kimi qiymətləndirib. Vurğulanıb ki, bütün bunlarla yanaşı onların üzərinə həm də, gənc nəslin milli-vətənpərvərlik ruhunda böyüməsi istiqamətində dayanmadan maarifləndirici təbliğat işi aparmaq da düşür.
Sonra polislərin mükafatlandırılması olub.
Muxtar MƏMMƏDOV