22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Konstitusiyası  hüquq və azadlıqların ali təminatçısıdır

Ulu öndər Heydər ƏLİYEV: Konstitusiya, birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir.

Hər il 12 noyabr – Azərbaycan Respublikası Kons­titusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Azərbaycan Respublikası Konstitusiyasının hazırlan­ması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur.
Konstitusiya dövlət və xalq arasında ən mühüm ictimai münasibət­ləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını özündə əks etdirən ən ali qanundur. Digər qanunlardan fərqli olaraq, Konstitusiyanı ona görə “Əsas Qanun” adlandırırlar ki, o, ictimai həyatın bütün sahələrini əhatə edən münasibətləri nizama salır, habelə cəmiyyətdə siyasi sabitliyin, ümumi maraqların təminatçısı kimi çıxış edir, dövlətin statusunu, fəaliyyət konsepsiyasını, gələcək prioritetlərini əks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil qaydalarını müəyyən edir.

Ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra olduqca çətin şərait­də, siyasi-hüquqi, sosial-iqtisadi vəziyyətin ağır olduğu bir dövrdə ölkənin ali hüquqi qüvvəyə malik sənədini – Konstitusiyasını hazırlamaq, özü də müxtəlif siyasi qüvvələrin təsirindən azad, demokratik dəyərlərə əsaslanan, xalqın iradəsini tam əks etdirən bir formada qəbul etmək olduqca çətin idi. Bu taleyüklü, xüsusi həssaslıq və güclü siyasi iradə tələb edən məsələnin həlli də məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak edirdilər. Böyük zəhmət tələb edən gərgin işdən sonra Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı. Ümummilli lider Heydər Əliyev Konsti­tusiya layihəsinin hazırlanması üzrə komissiyanın sədri kimi Konstitusiyanı belə qiymət­ləndirirdi: “Bu sənədin hazır­lanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahat­lıq hissi ilə bu layihənin altına im­za atıram və bu layihəyə görə tam cavabdeh ol­duğumu bəyan edirəm”.
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi – referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul etdi. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın demokratik dəyərlərini əks etdirir. Bu Konstitusiya özünün hüquqilik dəyərinə, demokratiklik əlamətlərinə görə dünyanın bir çox inkişaf etmiş dövlətlərinin konstitusiyaları ilə müqayisədə daha təkmil və əhatəlidir.
Hər bir demokratik ölkədə hakimiyyət yalnız xalqın iradəsi əsasında formalaşa bilər. Təsadüfi deyil ki, Konstitusiyamızın birinci mad­dəsi Azərbaycan xalqını dövlət hakimiyyə­tinin yeganə mənbəyi hesab edir. Əsas Qanunda sərbəst və müstəqil öz müqəddəratını həll etmək, öz idarəetmə formasını müəyyən etmək xalqın suveren hüququ kimi təsbit olunur. Konstitusiyamızın ikinci fəsli ilə Azərbaycan dövlətinin hüquqi statusu müəyyənləş­dirilmiş, siyasi-hərbi, sosial-iqtisadi inkişafının əsas prinsipləri təsbit olunmuşdur. Dövlətin idarəetmə mexanizmi isə dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələrində əsas meyar kimi götürülərək sınaqdan çıxmış hakimiyyətin səlahiyyətlər bölgüsü əsasında həyata keçirilməsi prinsipinə əsasən təşkil olunmuşdur. Beləliklə, dövlət hakimiyyəti 3 qola – qa­nunverici, icra və məhkəmə hakimiyyətlərinə bölünərək yüksək hüquqi imperativlərə və hüququn aliliyinə tabe edilmişdir.
Konstitusiyamızda ilk dəfə yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin statusu konstitusion səviyyədə təsbit edilmişdir. Məhz milli Konstitusiyamızın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə orqanı – bələdiyyələr yaradılmış və fəaliyyətə başlamışdır. Konstitusiyamızın mütərəqqi cəhətlərindən biri də onun üçdə bir hissəsinin insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunması, bu hüquq və azadlıqların qorunmasının dövlət hakimiyyəti orqanlarının əsas vəzifəsi kimi müəyyən edilməsidir.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən böyük vəzifələrdən biri yeni hüquq sisteminin formalaşması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Bu sahədə atılmış ciddi addımlar nəticəsində ölkədə müasir tələblərə cavab verən üçpilləli məhkəmə sistemi bərqərar olmuşdur ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunmasına geniş imkan yaratmışdır. Məhkəmə hakimiyyətinin ali orqanı sayılan, Konstitusiya nəzarətini həyata keçirən Konstitusiya Məhkəməsinin statusu da məhz ilk dəfə olaraq ali qanunumuzda müəyyən olunmuşdur.
Qeyd etdiyimiz kimi, memarı ümummilli lider Heydər Əliyev olan Azərbaycan Res­publikasının Konstitusiyası müstəqil, hüquqi və dünyəvi Azərbaycan dövlətinin əsaslarını təsbit edən mühüm və bitkin normativ sənəddir. Lakin qanunvericilik prosesi daim inkişaf etdiyi, dinamik olduğu və dövrün tələblərinə uyğunlaşdığı zaman daha mükəmməl və təc­rübi əhəmiyyətə malik olur. Bu baxımdan Azərbaycan Respublikasının beynəlxalq arenaya inteqrasiyasının gücləndiyi və hüququn müasir inkişafı şəraitində Konstitusiya islahatları­nın aparılması zərurətə çevrilmişdir. Məhz bu zərurətdən qaynaqlanaraq 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də referendum keçirilməklə Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər, ilk növbədə, cəmiyyətimizin inkişafından doğan və Konstitusiyanın, bütövlükdə, hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gəlmişdir.
Əsas Qanunumuzun səkkizinci fəsli, bütövlüklə, Naxçıvan Muxtar Respublikasının statusuna həsr olunmuşdur. Həmin fəsildə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət kimi təsbit olunmuş, muxtar respublikada hakimiyyətlərin bölgüsü və onların səlahiyyət dairələri müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Naxçıvanın muxtariyyət statusu tarixi zərurət nəticəsində meydana çıxmış, 1921-ci il tarixli Moskva və Qars müqavilələri ilə müəyyən olunmuşdur. Naxçıvanın muxtariyyətinin qorunub saxlanması, ona muxtar dövlət statusunun verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan ötən qısa müddət ərzində Nax­çıvan Muxtar Respublikasının 6 fəsil, 50 maddə və keçid müddəalarından ibarət olan Konstitusiyası hazırlanaraq qəbul olunmuş, Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli Konstitusiya Qanunu ilə təsdiq edilmiş və 8 yanvar 1999-cu il tarixdən qüvvəyə minmişdir. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbulu muxtar respub­likanın ictimai-siyasi həyatında mühüm əlamətdar hadisəyə çevrilmiş, muxtar respublikada dövlət idarəetməsinin təşkilinin mükəmməl hüquqi bazasını yaratmışdır. Ötən illərdə Naxçıvan Muxtar Respublikasının Konstitu­siyasına da bir sıra dəyişik­liklər edilmişdir. Naxçıvan Muxtar Respublikasında İnsan Hüquqları üzrə Müvəkkillik (Ombudsman) institutunun yaradılmasının hüquqi əsas­larını formalaşdırmaq üçün 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə və dəyişik­liklər edilmiş, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuş və 2006-cı il tarixdən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatı fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyəti, iş qaydası, qanunvericilik təşəbbüsü hüququ və məhkəmə hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 2009-cu ildə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilmiş və 30 sen­tyabr 2010-cu il Konstitusiya Qanunu ilə təsdiq edilmişdir.
Konstitusiyamızın müddəalarından irəli gələrək dövlətin ali məqsədi sayılan insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyev tərəfindən çox­şaxəli islahatlar həyata keçirilir. Vətəndaş hüquqlarının daha asan həyata keçirilmə­sini təmin etmək məqsədilə yeni mexanizmlər, təsisatlar yaradılır və bütün bunlar da insanlara öz konstitusion hüquqlarını sərbəst və maneəsiz şəkildə həyata keçirməyə imkan yaradır.
Azərbaycan Respublikası Konstitusiyası möhkəm hüquqi bazaya malikdir və bu ali normativ sənəd hələ uzun müddət müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR