Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfərə gəliblər.
Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.
Səfərin məqsədi diplomatları erməni vəhşiliyi - Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.
Ermənistanın hərbi cinayətləri ilə tanış olan diplomatlara məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Belə müharibə cinayətlərindən biri oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə yaşanıb. Düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan atəşə tutması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub. Həmçinin 16 qadın, 6-sı azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda insanın qətlə yetirilməsi məqsədi daşıyır. Təmas xəttindən uzaqda yerləşən Gəncə Ermənistanın Vardenis rayonundan atəşə tutulub. Eyni zamanda, Azərbaycanın sənaye şəhəri olan Mingəçevir şəhəri, o cümlədən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyası Ermənistan tərəfindən raket atəşinə məruz qalır.
Oktyabrın 12-nə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində, ümumilikdə, 41 mülki şəxs qətlə yetirilib, 207 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 146, çoxmənzilli yaşayış binalarının sayı 57, yaşayış evlərinin sayı isə 1185-dir.
Diqqətə çatdırılıb ki, Ermənistanın bu əməlləri Moskvada əldə olunmuş humanitar atəşkəs razılaşmasına ziddir. Azərbaycan humanitar atəşkəs rejiminə əməl etsə də, Ermənistan mülki əhaliyə qarşı vandalizm aktı törətdi. Beynəlxalq təşkilatlar hərbi cinayətlər törədən, dinc əhalini hədəfə alan Ermənistana siyasi təzyiq göstərməlidir. Əgər Ermənistan bu əməllərini davam etdirəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək.
Xarici diplomatların erməni faşizmi ilə tanışlığı davam edir.