Ermənistanın silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 12-də səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər, Ağdam və Goranboy rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Tərtər rayonunun Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.