Müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi Azərbaycan bayrağı
Ulu öndər Heydər ƏLİYEV: Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.
Ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə hörmət və ehtiramın göstəricisidir ki, 2009-cu ilin 17 noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Həmin sərəncamdan sonra hər il noyabrın 9-u möhtəşəm bayram kimi qeyd edilir.
Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərmiş, milli bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət bayrağı kimi qəbul olunmuşdur.
Azərbaycanın üçrəngli bayrağı dahi mütəfəkkir və ziyalı Əli bəy Hüseynzadənin hələ ötən əsrin əvvəllərində milli yaşam fəlsəfəsi kimi irəli sürdüyü “Türkləşmək, müasirləşmək, islamlaşmaq” devizinə əsaslanmışdır. Türkləşmək – milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi, müasirləşmək – müasir elm və texnikanın nailiyyətlərinin öyrənilib nəticələrinin milli elm və mədəniyyətin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası ənənələrindən istifadə etmək, islamlaşmaq isə – dini-mədəni və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi deməkdir.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il yalnız ürəklərdə yaşamışdır.
Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdur. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazıb imzaladığı Ali Məclisin qərarında deyilirdi:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:
1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edilsin.
2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdən danışarkən demişdir: “1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda Dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilsin”.
Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir. Bu qanunla Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər müəyyən edilmiş, onun rəsmi tədbirlər, matəm günləri və matəm mərasimləri zamanı istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi qaydaları təsbit olunmuş, Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər, habelə Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyənləşdirilmişdir.
Bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır, milli ideallara bağlılıq özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Ölkə rəhbəri müstəqilliyimizin simvolu olan dövlət atributlarının əhəmiyyətini artırmaq, onların məna və mahiyyətini gənc nəslə aşılamaq məqsədilə həyata keçirilən bir çox layihələrin ideya müəllifidir. Dövlət başçısı 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamış, həmin ilin dekabrında Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulmuş, 2010-cu il sentyabrın 1-də isə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.
Bu abidə möhtəşəm sənət əsəridir. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda zəruri infrastruktur yaradılmışdır. İnşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Burada Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Dövlət Bayrağı Meydanının açılış mərasimində çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək demişdir: “Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Paytaxt Bakı şəhəri ilə yanaşı, ölkəmizin bir çox bölgələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. 2011-ci ilin mart ayından Naxçıvan şəhərində tikintisi aparılan Dövlət Bayrağı Meydanı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Qısa müddətdə Dövlət Bayrağı Meydanının yerləşəcəyi ərazidə abadlıq işləri aparılmış, bayraq gövdəsinin ətrafında səkkizguşəli, bir salondan ibarət bina tikilmiş, bayraq sütunu ucaldılmış və Dövlət bayrağı asılmışdır. Hazırda meydanda işlər davam etdirilir.
Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
“Şərq qapısı”