27 Dekabr 2024, Cümə

BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etsə də, artıq 30 ilə yaxındır ki, Ermənistan bu qətnamələrə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxlayır, ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törədir. 1994-cü ildə tərəflər arasında atəşkəslə bağlı razılığa gəlinsə də, ötən 26 ildə erməni tərəfi mütəmadi olaraq atəşkəsi pozub. Bu atəşkəs pozulmaları nəticəsində indiyədək yüzlərlə Azərbaycan vətəndaşı həlak olub, yaralanıb, maddi və mənəvi zərbələr alıb. Bu il iyulun 12-də düşmənin yenidən təxribata can ataraq vəziyyəti gərginləşdirməsi və sentyabrın 27-də mövqelərimizin və yaşayış ərazilərimizin yenidən ağır artilleriya hücumlarına məruz qalması isə Azərbaycan Ordusunu öz ərazisində daha geniş əməliyyatlar aparmağa məcbur etdi.

Münaqişənin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə ən mötəbər kürsülərdən işğal altında olan ərazilərin sülh yolu ilə həll olunmasının vacibliyini vurğuladı, hətta sonuncu dəfə Ermənistanın müharibəyə hazırlaşdığını və bunun dayandırılmasının zəruriliyini dünya dövlətlərinin diqqətinə çatdırdı. Amma, təəssüflər olsun ki, beynəlxalq birliyin susqunluğu, işğalçı ilə torpaqları işğal olunan tərəfə illərlə eyni münasibət göstərməsi Azərbaycanı bu dəfə zəruri tədbirlər görməyə məcbur etdi. Nəticədə, sentyabrın 27-də Azərbaycan Ordusu düşmənə qarşı geniş əks-hücum əməliyyatlarına başladı. Elə həmin gün Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr vuraraq işğal altında olan 7 yaşayış məntəqəsini və strateji yüksəklikləri geri aldı. Dövlət başçısı həmin gün mövcud vəziyyətlə əlaqədar Azərbaycan xalqına müraciətində dedi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!.. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bəli, biz haqq yolundayıq və Qarabağ Azərbaycandır! Artıq 10 gündən çoxdur ki, Azərbaycan Ordusu bütün cəbhəboyu hücum və əks-hücum əməliyyatları həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vurmaqda davam edir. Azərbaycan Ordusunun maddi və texniki baxımdan yüksək səviyyədə komplektləşdirilməsi, şəxsi heyətin yüksək döyüş ruhu qısa müddətdə onlarla yaşayış məntəqəsinin və strateji ərazilərin işğaldan azad edilməsi ilə nəticələnib. Xalq-ordu birliyi isə son 30 ildə görünməmiş bir səviyyəyə yüksəlib. Məlum hadisələrin başladığı ilk günlərdən minlərlə vətəndaşımız aidiyyəti orqanlara müraciət edərək cəbhəyə getmək, torpaqlarımızı azad etmək üçün döyüşə yollanmaq arzusunda olduğunu bildirib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamı isə çoxlarının bu arzusunu reallaşdırıb. Bundan əlavə, bu gün cəmiyyətimizdə yaşından, sosial mənsubiyyətindən, həyatda tutduğu mövqedən asılı olmayaraq, ordumuza, onun əsgərlərinə maddi və mənəvi baxımdan dayaq olmaq istəyən milyonlarla insan var. Buna görədir ki, ölkəmizdəki ən böyük şirkətlərin sahiblərindən tutmuş dövlət qulluqçularınadək, müəllim və həkimlərdən tutmuş sadə pensiyaçıyadək hər kəs Silahlı Qüvvələrin Yardım Fonduna pul köçürür, lazım gələrsə, ordumuz üçün döyüşmək, hansısa bir sahədə xidmət göstərmək imkanında olduğunu bildirir. Bu da ondan irəli gəlir ki, xalq öz dövlətinə, ordusuna, Ali Baş Komandanına inanır və güvənir. İnanır ki, ölkəsini iqtisadi baxımdan Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsinə, ordusunu dünyanın ən inkişaf etmiş 50 ordusundan birinə çevirən rəhbər və Ali Baş Komandan bu birliklə işğal altında olan torpaqlarımızı da tezliklə düşmən tapdağından qurtaracaqdır.

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi barədə məlumat verərək bu münasibətlə Azərbaycan xalqını təbrik edib. Ali Baş Komandan döyüş tapşırıqlarının şərəflə yerinə yetirildiyini, müasir döyüş prinsiplərinə əsaslanan əməliyyat planının tam icra edildiyini, Azərbaycan Ordusunun həm maddi-texniki təchizat cəhətdən, həm də döyüş meydanında tam üstünlüyə sahib olduğunu diqqətə çatdırıb. Prezident cənab İlham Əliyev düşmən ölkəyə danışıqlar yolu ilə, sülh yolu ilə torpaqlarımızdan çıxmaq üçün son şans verildiyini, Moskvada keçiriləcək görüşün, bir çox məsələlərə aydınlıq gətirəcəyini, onların baza prinsiplərini qəbul etməyə məcbur olduqlarını bildirib. Prezident İlham Əliyev müraciətində deyib: “Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq... Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”
Dəfələrlə çıxışlarında “Qarabağ Azərbaycandır!” – deyən cənab İlham Əliyev bununla həm də xalqın çətin və müqəddəs arzusunu yerinə yetirir. O, arzu ki bu təkcə 1 milyondan çox doğma yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin deyil, 50 milyondan çox azərbaycanlının həyatdakı ən böyük arzusudur. Buna görədir ki, haqq işi uğrunda başladığımız bu savaşda dövlət başçısının “Qarabağ Azərbaycandır!” şüarı indi milyonlarla azərbaycanlının düşüncəsində həm də milli mübarizənin simvoluna çevrilib. Bu şüar bizim üçün çox müqəddəsdir. Çünki…
“Qarabağ Azərbaycandır!” şüarı bu gün əli günahsız uşaq, qadın və qocaların qanına bulaşmış erməni ordusunu diz üstə çökməyə vadar edir, bu ordunun olmayan şərəfini alçaldır!
“Qarabağ Azərbaycandır!” şüarı bu gün Azərbaycan Ordusunu dayandırmaq üçün erməni siyasi-hərbi rəhbərliyini dünya ölkələrinə dayanmadan zəng etməyə, yalvarıb-yaxarmağa məcbur edir!
“Qarabağ Azərbaycandır!” şüarı bu gün öz cəmiyyətini aldadan, onları illərdir, “yeni vətən torpaqları” ilə şirnikləşdirən, minlərlə əsgər və zabitinin gəbərməsinə vəsilə olan erməni başbilənlərinə “Özgə torpaqlarından vətən olmur!” həqiqətini başa salır.
Nəhayət, “Qarabağ Azərbaycandır!” şüarı yalnız haqqın, həqiqətin tərəfində olanların dilində möhtəşəm səslənir. Elə buna görə də Qarabağ hər zaman Azərbaycandır!

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR