22 Dekabr 2024, Bazar

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Dövlət Universitetində də tədbir keçirilmişdir. Ali təhsil ocağının Tələbə-Gənclər Təşkilatı tərəfindən təşkil olunan tədbir Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının zala gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il iyun ayının 24-də Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında ilk qərar verilmiş, bu qərara əsasən, üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət bayrağı kimi qəbul olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq aypara və səkkizguşəli ulduz qalmaqla üçrəng­li – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət bayraqla əvəz edilmişdir. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilmişdir. Məhz bu gün – 9 noyabr tarixi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Fərmanı ilə Dövlət Bayrağı Günü elan edilmişdir.

“Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılmışdır”, – deyən rektor bildirmişdir ki, həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur.
Sonra Ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayev “Azərbaycan bayrağı dövlətimizin müstəqillik simvoludur” mövzusunda məruzə etmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da ulu öndər Heydər Əliyevin ideyalarını uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə dərin məhəbbətinin təcəssümüdür. Ölkə Prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən qaynaqlanan milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir.
Sonra İncəsənət fakültəsinin tələbələrinin ifasında bədii kompozisiya və Dövlət bayrağı haqqında film nümayiş etdirilmişdir.

*   *   *

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Dəmirçi Kənd Mərkəzində 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş və bu əlamətdar günün əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycanın Dövlət bayrağı rəsmi olaraq 95 il öncə – 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin birinci toplantısının açılışında dalğalandırılmışdır.

Dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun  24-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədə fəaliyyət göstərərkən verilmişdi. 1918-ci ildə Bakı işğaldan azad edildikdən sonra hökumət Gəncədən paytaxta köçmüş və bir neçə mühüm qərar vermişdir. Onlardan biri də 1918-ci il noyabrın 9-da imzalanan Dövlət bayrağı haqqında qərar idi. Ə.Babayev qeyd etmişdir ki, özündə böyük mənalar ehtiva edən bayrağımızın mənsub olduğu xalq kimi başı çox bəlalar çəkmiş, zülmətlərə gömülmüş, lakin yenidən bütün bayraqlardan yüksəklərdə bərqərar olmuşdur. 1920-ci ilin aprel işğalından sonra cümhuriyyətin özü kimi rəmzləri də qadağan edilmişdir. Yetmiş il sonra – 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi bayrağı kimi tanınması barədə vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti həmin vəsatətə baxmış və bu bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də “Dövlət Bayrağı Meydanının yaradılması barədə”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalamışdır. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidentinin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi dəyərin bariz nümunəsidir.
Natiq çıxışında xüsusi vurğulamışdır ki, 2011-ci ilin mart ayından Naxçıvan şəhərinin ən yüksək zirvəsində Bayraq Meydanının tikintisi üçün 10 hektara yaxın ərazi ayrılmışdır. Meydanda üçrəngli bayrağımız 53 metrlik bayraq dirəyində dalğalanır.
Sonra Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədr müavini İbrahim Hənifəzadə, Dəmirçi kənd tam orta məktəb ilk partiya təşkilatının sədri Ceyhun Abbasov, YAP üzvü Teymur Abbasov və başqaları çıxış etmişlər. Qeyd olunmuşdur ki, bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvollaşdırır. Zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.
Tədbirə Əmir Babayev yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR