Naxçıvan şəhərində keçirilən “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq potensialının gücləndirilməsinə dəstək” mövzusunda seminar bu gün başa çatacaq.
Dünən ekspertlərdən Tofiq Hümbətovun “Dövlət qeydiyyatının “bir pəncərə” prinsipinin xüsusiyyətləri və praktik istifadə imkanı” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd edilmişdir ki, dünyada gedən böhran proseslərinə və bir sıra aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə baxmayaraq, dövlətimizin çevik və işlək mexanizmlər üzərində qurulmuş uğurlu iqtisadi fəaliyyəti nəticəsində son illər iqtisadi artım tempinə görə lider mövqedə olan milli iqtisadiyyatımızda çox az ölkələrin nail olduğu yüksək dayanıqlılıq və sabitlik təmin edilmişdir. Dövlətin səyi və qətiyyəti nəticəsində ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, xüsusilə real sektora xarakterik olan yüksək artım tempi və aparılan islahatlar müasir dövrdə vergi sisteminin inkişafına təkan vermiş, gələcək inkişaf üçün yeni perspektivlər və imkanlar müəyyənləşdirmişdir. Qlobal informasiyalaşdırma və ümumdünya informasiya cəmiyyətinin formalaşdırılması sahəsində ən çox nəzərəçarpan tendensiya kimi elektron hazırlığın artımını və elektron hökumətin inkişafının sürətləndirilməsini göstərmək olar. Bu tendensiyaların müntəzəm monitorinqi bir çox beynəlxalq və milli təşkilatların əsas diqqət mərkəzindədir.
Bildirilmişdir ki, 2008-ci ildən başlayaraq respublikada sahibkarlığın inkişafına, azad rəqabət prinsipinin formalaşmasına dəstək olaraq sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi üzrə təşkili təmin edilmişdir. Elektron hökumətin əsas elementlərindən olan “bir pəncərə” sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla iqtisadi strukturlarda aparılan bütün qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. “Bir pəncərə” sisteminin tətbiqi ilə qeydiyyat prosedurlarının sayı azalmış və vaxt itkisinin qarşısı alınmışdır. Qeydiyyatın bu prinsip üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına təkan vermişdir. Digər tərəfdən, “bir pəncərə” sisteminin tətbiqi investisiya mühitini daha da yaxşılaşdırmış, sahibkarların dövlət qurumlarından asılılığını azaltmış, çoxpilləli qeydiyyat prosedurlarını xeyli sadələşdirmişdir.
Tədbirdə məruzəçi İradə Cavadova təftiş prosedurları və əsassız yoxlamalara qarşı hüquqi müddəa haqqında danışmışdır.
Seminarın yekununda müzakirələr aparılmış, sahibkarları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Məlumat üçün bildirək ki, seminarı Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlar Konfederasiyası, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ATƏT-in Bakı Ofisi ilə birgə təşkil etmişdir.
Səbuhi HÜSEYNOV