Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir. Müxtəlif təbii amillər, həmçinin muxtar respublikada kənd təsərrüfatının, müxtəlif sənaye sahələrinin inkişafı yaşıllıqların əhəmiyyətini daha da artırır və həyati əhəmiyyətli edir.
Ötən əsrin 90-cı illərindən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yaşıllaşdırma tədbirləri geniş vüsət alıb, yaşıllıqların ərazisi 0,6 faizdən 10 faizədək artırılıb. Görülən işlər 2013-cü ildə də uğurla davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikada payız mövsümündə 200 hektardan çox ərazidə meşəsalma, meşəbərpa işlərinin görülməsi və meyvə bağlarının salınması planlaşdırılıb.
Mövsümlə əlaqədar olaraq Şahbuz rayonunun Ağbulaq kəndi ərazisində 6 hektardan çox ərazidə yaşıllaşdırma tədbirləri aparılaraq 8800-dən çox cəviz, ərik, alma, armud, tut, badam və digər ağaclar əkilib.
Naxçıvan-Şahbuz avtomobil yolunun kənarlarında isə nəzərdə tutulmuş 36,25 hektar ərazidə torpaq hazırlama işləri aparılıb, çalalar qazılıb, suvarma mənbələri müəyyənləşdirilib. Adıçəkilən ərazidə indiyədək muxtar respublikanın müxtəlif idarə, təşkilat və müəssisələri tərəfindən 10 mindən artıq meyvə tingi əkilib.
Qeyd edək ki, payız mövsümü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müxtəlif meşə sahələrində aqrotexniki tədbirlər həyata keçirilir, yeni əkilən ağaclara qulluq olunur.
Xəbərlər şöbəsi