22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətlərin qarşılıqlı inam əsasında aparılmasına imkan verən çevik və işlək mexanizmlərin tətbiqində maraqlıdır. Bu məqsədlə nazirlik yaxın zamanlarda vergi ödəyiciləri ilə könüllülük əsasında partnyorluq sazişlərinin imzalanmasına başlamağı planlaşdırır. Vergi orqanları ilə vergi ödəyicisi arasında könüllü niyyət razılaşması olan bu sazişin imzalanması vergilərin düzgün və tam ödənilməsində vergi orqanlarının yükünün biznes cəmiyyəti ilə bölüşdürülməsinə, münasibətlərin qarşılıqlı əməkdaşlıq və məsuliyyət platformasında qurulmasına xidmət edir. Mövzu ilə bağlı suallarımızı nazirliyin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Mirhüseyn Seyidov cavablandırır.
– Mirhüseyn müəllim, artıq vergi ödəyiciləri ilə partnyorluq sazişlərinin bağlanmasına başlanılır. Əvvəlcə, belə bir suala aydınlıq gətirək: bu sazişlərin mahiyyəti nədən ibarətdir?

– İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə ticarətin, kapitalın və işçi qüvvələrinin liberallaşdırılması, biznesin təşkili və idarə olunmasının modellərinin meydana çıxması vergi inzibatçılığının qeyri-ənənəvi metodlarından istifadəni zəruri edir. Beynəlxalq təcrübə göstərir ki, vergi inzibatçılığının səmərəliliyi və büdcə mənafeyinin qorunması baxımından vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlər elə qurulmalıdır ki, mübahisəli məsələlərin minimuma endirilməsi təmin olunsun, mübahisələr yarandıqda isə onlar tərəflərin qanuni maraqları və ictimai mənafelər qorunmaqla part­nyorluq münasibətləri əsasında həll edilsin. Vergitutmada partnyorluq münasibətləri vergilərin hesablanması, ödənilməsi və onlara nəzarətin həyata keçirilməsi məsələləri üzrə vergi orqanları ilə vergi ödəyiciləri arasında etibarlılığa, şəffaflığa və qarşılıqlı anlaşmaya əsaslanan razılaşmaların əldə edilməsini nəzərdə tutur. Bir çox ölkələrin təcrübəsi göstərir ki, vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlər partnyorluq və qarşılıqlı əməkdaşlıq əsasında qurulduqda vergi ödəyicilərinin işgüzar aktivliyinə, azad iqtisadi fəaliyyətinə xələl gətirilmədən minimal resurslarla maksimum səmərəli vergi nəzarətinin təşkili və həyata keçirilməsi təmin olunur. Vergitutmada partnyorluq münasibətlərinin tətbiq olunmasının üstünlükləri nəzərə alınaraq, bununla bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, partnyorluq münasibətləri vergi ödəyicilərinin vergi yükünün azaldılmasını nəzərdə tutmur. Sadəcə olaraq, vergi ödəyiciləri bu münasibətləri qurmaqla vergiyə cəlb olunmanın xüsusiyyətlərini əvvəlcədən vergi orqanları ilə razılaşdıraraq özlərini əsassız günahlandırılmalardan sığorta etmiş olurlar. Meydana çıxan mübahisəli məsələlər isə hər iki tərəfin mənafeyi gözlənilməklə məhkəmə prosedurları tətbiq olunmadan həll edilir.
– Hazırda partnyorluq sazişlərinin bağlanması üçün bütün hüquqi addımlar yekunlaşıbmı? Bununla bağlı vergi ödəyicilərinin məlumatlandırılması aparılırmı?
– Nazirlər Kabineti tərəfindən “Vergi partnyorluğu sazişinin forması” və “Vergi partnyorluğu sazişinin bağlanması Qaydaları” artıq təsdiq olunmuşdur. Eyni zamanda partnyorluq sazişlərinin bağlanması üçün lazımi şəraitin yaradılması və onların tam yerinə yetirilməsinə nəzarətin təmin edilməsi üçün müvafiq işlər görülmüşdür. “Vergi partnyorluğu sazişinin forması”, “Vergi partnyorluğu sazişinin bağlanması Qaydaları” və Vergi part­nyorluğu sazişinin bağlanması üçün ərizə forması Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş, onların tətbiqi barədə vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Göründüyü kimi, vergi partnyorluğu sazişlərinin bağlanması üçün zəruri olan hüquqi və inzibati tədbirlər artıq həyata keçirilmişdir.
– Partnyorluq sazişinin bağlanması üçün hansı meyarlar əsasdır? Şirkətlər hansı meyarlara görə seçilir?
– Vergi partnyorluğu sazişinin bağlanması üçün müraciət edilməsi könüllüdür və bu, istənilən vergi ödəyicisinin hüququdur. Lakin Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Vergi partnyorluğu sazişinin bağlanması Qaydaları”na əsasən, bu qaydalarla müəyyən olunmuş hallarda vergi orqanları sazişin bağlanmasından imtina edə bilər. Bunlara vergi ödəyicisinin dövlət büdcəsi qarşısında öhdəliyinin olması, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı həyata keçirilən nəzarət tədbirinin nəticəsi üzrə yekun qərarın olmaması və mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin müəyyən edilməsi halları aiddir. Eyni zamanda qaydalarla müəyyən olunmuşdur ki, sazişin bağlanması məqsədilə müvafiq qaydada müraciət edən vergi ödəyicilərinin seçimi zamanı sertifikatlaşdırılmış proqram təminatı ilə mühasibat uçotu aparan şəxslərə, ƏDV ödəyicilərinə və maliyyə xidmətlərini həyata keçirən kredit və sığorta təşkilatlarına, vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edənlərə, alğı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük verilir.
– Vergi ödəyicisi bu sazişi bağlamağa nə üçün maraqlı olmalıdır? Belə sazişi bağlamış vergi ödəyicisi üçün hansısa xüsusi güzəştlər olacaqmı?
– Bir daha qeyd etmək istərdim ki, partnyorluq münasibətlərinin qurulması heç bir halda vergi öhdə­liklərinin azaldılmasını və yaxud vergi ödəyicisi üçün hansısa xüsusi güzəştin verilməsini nəzərdə tutmur. Vergi partnyorluğu sazişi vergi risklərinin minimallaşdırılması məqsədilə vergi orqanı və vergi ödəyicisi arasında könüllü bağlanmış niyyət razılaşmasıdır. Hesab edirəm ki, belə razılaşmanın olmasında, ilk növbədə, vergi ödəyicisi maraqlı olmalıdır. Çünki vergi partnyorluğu sazişi, birinci növbədə, vergi ödəyicisinin vergidənyayınma risklərinin minimallaşdırılmasını və əlavə maliyyə itkilərinin qarşısının alınmasını nəzərdə tutur. Bununla yanaşı, qarşılıqlı etimada və məsuliyyətə əsaslanan partnyorluq sazişləri vergi orqanları ilə vergi ödəyiciləri arasında yaranan mübahisələrin minimuma endirilməsini və onların həllinə çəkilən inzibatçılıq xərclərinin hər iki tərəf üçün aşağı salınmasını təmin edir.
– Partnyorluq prinsiplərinin tətbiqi vergi ödənişlərinin həcminin artmasına da təsir göstərəcəkmi?
– Vergi partnyorluğu sazişlərinin tətbiqi vergi inzibatçılığının səmərəliliyinin artırılması baxımından həm də dövlət vergi orqanları üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, vergi ödəyiciləri ilə münasibətlərin qarşılıqlı etimad və məsuliyyət əsasında qurulması biznes subyektlərinin vergi orqanlarının fəaliyyətinə cəlb edilməsini, vergilərin düzgün və tam  ödənilməsində dövlət vergi orqanlarının yükünün biznes cəmiyyəti ilə bölüşdürülməsini, vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılmasını, sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısının alınmasını təmin edir. Bunlar da, öz növbəsində, vergi ödəyicilərinin işgüzar fəaliyyətində aktivliyi yüksəltməklə onların gəlirlərinin, nəticə etibarilə, vergi daxilolmalarının artırılmasına imkan yaradır.

Müsahibə üçün sağ olun.
Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR